Bu gün “ASAN xidmət” işçilərinin peşə bayramıdır

Bu gün “ASAN xidmət” işçilərinin peşə bayramıdır
  • Cəmiyyət

  • Bu gün “ASAN xidmət” işçilərinin peşə bayramıdır. Prezident İlham Əliyev 2012-ci il dekabrın 29-da ilk “ASAN xidmət” mərkəzinin fəaliyyətə başladığını nəzərə alaraq, 2017-ci il dekabrın 29-da hər il həmin günün ölkəmizdə “ASAN xidmət” işçilərinin peşə bayramı günü kimi qeyd edilməsi barəsində Sərəncam imzalayıb.

    LEQAL.AZ xəbər verir ki, səkkiz il əvvəl fəaliyyətə başlayan “ASAN xidmət” ölkəmizdə ictimai xidmətlər sahəsində köklü dəyişikliklərə səbəb olub. İlkin mərhələdə bu konsepsiya ölkə daxilində vətəndaş-dövlət qurumu münasibətlərinin keyfiyyətcə yeni mərhələyə qaldırılmasını nəzərdə tuturdusa, indi o, ölkə hüdudlarından kənarda da uğurla tətbiq olunur.

    Bir məkanda bir neçə məsələnin həll edilməsi, əlavə xərcə düşməmək, vaxt itkisinin minimuma endirilməsi “ASAN xidmət”i fərqləndirən ən başlıca xüsusiyyətlərdəndir. Prezident İlham Əliyevin təşəbbüsü ilə yaradılan bu xidmətin uğur qazanmasının əsas sirlərindən biri milli cəmiyyətin xüsusiyyətlərinin nəzərə alınmasıdır. Burada xüsusi fəaliyyət normaları tətbiq olunur. “ASAN xidmət” dünyada bu qəbildən olan yeganə strukturdur və milli intellektual brenddir.

    Bu il “ASAN xidmət” mərkəzləri fəaliyyətini uğurla davam etdirib və xidmət şəbəkəsini genişləndirib. Belə ki, 2020-ci ildə Kürdəmir, Tovuz, Ağcabədi və Balakən “ASAN xidmət” mərkəzləri fəaliyyətə başlayıb. Hazırda ölkədə 20 “ASAN xidmət” mərkəzi mövcuddur. Onlardan 5-i Bakı şəhərində, digər 15-i isə regional mərkəzlər olmaqla, Sumqayıt, Gəncə, Sabirabad, Bərdə, Qəbələ, Quba, Masallı, Mingəçevir, İmişli, Şəki, Şamaxı, Kürdəmir, Tovuz, Ağcabədi və Balakəndədir. 2021-ci ilin sonunadək Azərbaycanda daha 7 “ASAN xidmət” mərkəzinin açılışı nəzərdə tutulur. Həmin mərkəzlərdən 2-si Bakı şəhərində, digərləri Sumqayıt, Gəncə, Salyan, Lənkəran və Naxçıvanda inşa olunacaq. Bununla yanaşı, işğaldan azad olunan Şuşada tezliklə “ASAN xidmət” mərkəzinin yaradılması və burada vətəndaşlara xidmət göstərilməsi də planlaşdırılır.

    “ASAN” xidmətin işçi heyətinin əksəriyyəti gənclərdən ibarətdir və fəaliyyət göstərdiyi səkkiz il ərzində minlərlə könüllü bu konsepsiyanın ayrılmaz hissəsinə çevrilib. “ASAN xidmət”in könüllüləri pandemiya və Vətən müharibəsi dövründə aktiv fəaliyyətlərini davam etdirib, müxtəlif layihələr həyata keçiriblər. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak etmək üçün müraciət etmiş “ASAN xidmət”in yüzlərlə əməkdaşından 36 nəfəri könüllü olaraq ordu sıralarına qoşulub. Onlardan 2 nəfəri şəhid olub.

    “ASAN xidmət”də şəhid ailələrinin 30-dan çox üzvü və 15 nəfər qazi çalışır.
    PAYLAŞ:

    Oxşar xəbərlər