Dekabrın 28-də “ASAN Könüllüləri” Təşkilatının yaradılmasının 7 illiyinə, eyni zamanda, Təşkilatın 2020-ci ildəki fəaliyyətinə dair Hesabat Konfransı keçirilib.
Konfrans COVID-19 pandemiyası şəraitinə uyğun olaraq videokonfrans formatında təşkil olunub.
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən LEQAL.AZ-a bildirilib ki, öncə “ASAN Könüllüləri” Təşkilatının sədri Emiliya Bayramova giriş nitqi söyləyib.
Agentliyin sədri Ülvi Mehdiyev könüllüləri bu əlamətdar hadisə münasibətilə təbrik edib, onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb.
Sonra Azərbaycan Respublikasının gənclər və idman nazirinin müavini İntiqam Babayev, Gənclər Fondunun icraçı direktoru Fərid Cəfərov, Azərbaycan Könüllü Təşkilatları İttifaqının sədri Tural Hümbətov çıxış ediblər.
Sonda il ərzində göstərdikləri fəalliyyətə görə könüllülər təltif olunublar.