Üç milyondan çox insana dair məlumatı əhatə edən ən yeni metaanaliz yeni növ koronavirus (COVID-19) ağırlaşması və həmin infeksiyadan ölüm riskinin kişilərdə əhəmiyyətli dərəcədə yüksək olduğunu təsdiqləyib.
LEQAL.AZ-ın media.ru saytına istinadən məlumatına görə, alimlər pandemiyanın ilk aylarından COVID-19-un ağır formasına daha çox kişilərdə rast gəlindiyinə diqqət yetiriblər. Bununla belə yeni metaanalizin müəllifləri bildirirlər ki, əldə edilən məlumatlar koronavirus infeksiyasından kişilərin daha çox ölməsinə onların daha çox xəstələnməsinin, yoxsa həqiqətən xəstəliyi ağır keçirməsinin səbəb olduğunu anlamağa imkan vermir.
Əvvəllər aparılmış tədqiqatların daha bir yetərsizliyi budur ki, həmin tədqiqatlarda SARS-CoV-2 infeksiyalarının qlobal statistikası, adətən, təhlil olunmurdu. Alimlər hesab edirlər ki, COVID-19-un ağılaşmış gedişinin kişilər və qadınlar arasındakı fərqliliyinin təsdiq olunması həmin problemə münasibəti dəyişə bilər. Metaanalizin müəllifləriin fikrincə, COVID-19-un ağılaşmasında kişi cinsi amili lazımınca dəyərləndirilməyib.
Yeni metaanaliz üçün alimlər 46 ölkədən və ABŞ-ın 44 ştatından ümumilikdə 90 hesabatı təhlil ediblər. Hesabatlarda SARS-CoV-2-yə yoluxmuş üç milyondan çox xəstə barədə məlumatlar olub.
Aşkarlanıb ki, kişilər və qadınların SARS-CoV-2-yə yoluxma riski eynidir. Ancaq bu infeksiya ilə intensiv müalicə palatasına yerləşdirilən kişilərin sayı qadınlardan 2,84 dəfə çoxdur. Ölüm riski isə 1,39 dəfədən yüksəkdir.
Alimlər hesab edirlər ki, COVID-19-un ağırlaşmış gedişindəki fərq müxtəlif cinslərə mənsub adamların immunitet xüsusiyyətləri ilə əlaqədardır. Bundan başqa, qadınlara nisbətən kişilərdə yanaşı xəstəliklərin daha çox yayılmasının və digər bioloji amillərin də ciddi rolu var.