İsmayıllıda rayon rəhbərlərinin Vətən müharibəsinin igid oğulları və onların ailələri ilə görüşləri davam edir.
LEQAL.AZ-ın məlumatına görə, Rayon icra hakimiyyətindən bildirilib ki, növbəti belə bir görüş Qalınçaq kəndində Ravil Əhliman oğlu Abdulov, Vəzirli Aslan İdris oğlu və Rizvanlı Zinhar Hafiz oğlu ilə olub. Görüşdə qazilər Azərbaycan Ordusunu şanlı qələbəyə aparan zəfər yolundan danışıb, şəhər və kəndlərimizin azad olunduqca yaşadıqları hisslərdən söz açıblar. Vurğulanıb ki, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin iradəsi və qətiyyəti daim onlara ruh yüksəkliyi verib, qələbə əzmini yüksəldib.
Rayon icra hakimiyyətinin başçısı 44 günlük Vətən müharibəsində ismayıllıların göstərdikləri qəhrəmanlıqlardan qürur duyduqlarını, onlara bu qüruru yaşatdıqlarına görə ictimaiyyət adından təşəkkürünü bildirib. Qeyd edib ki, Azərbaycan dövləti, xalqı Vətən üçün canlarından keçənləri, sağlamlıqlarını itirənləri heç vaxt unutmayacaq. Onlar və onların ailələri daim dövlətimizin, ölkə rəhbərinin qayğısını hiss edəcəklər.
Qazilər onlara göstərilən diqqət və qayğıya görə ölkə Prezidentinə, Birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlıqlarını bildiriblər. Görüşün sonunda qazilərə bayram hədiyyəsi verilib.
azərtac