Qarabağın incisi Şuşa şəhərinin düşməndən azad olunması 44 günlük Vətən müharibəsinin taleyini həll etdi. Bu möhtəşəm qələbə bizə, Azərbaycan tarixinə qızıl hərflərlə yazılan Böyük Zəfəri bəxş etdi.
Məğlubedilməz Ordumuzun, igid övladlarımızın misilisiz hünəri sayəsində qazanıldı bu Şanlı Qələbə. Masallı rayon sakini, Vətən müharibəsi şəhidi, baş leytenant Sahib Yusif oğlu Şirəliyev kimi igidlərimizin sayəsində...
Ərkivan qəsəbəsinin Ramazanlı məhəlləsində boya-başa çatmışdı Sahib. Valideynləri onun hələ yeniyetməlik illərindən cəsurluğu, vətənpərvərliyi ilə seçildiyini vurğulayırlar. Oktyabrın 18-də 25 yaşı tamam olmuşdu. Subay idi...
S.Şirəliyev orta təhsilini Bakı şəhərində yerləşən Ağdam rayon 28 nömrəli tam orta məktəbində almışdı. 2017-ci ildə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbini bitirdikdən sonra Naxçıvan Muxtar Respublikasında, Əlahiddə Ümumqoşun Ordusunun xüsusi təyinatlı zabit kimi vətənə qulluq edirdi.
Şuşa uğrunda döyüşlərdə canını qurban verən qəhrəman hərbçimiz noyabrın 14-də, doğulduğu Ərkivan qəsəbəsində torpağa tapşırılıb. Şəhid zabitimiz həmyerlisi, Tovuz döyüşlərində şəhid olmuş mayor Anar Novruzovun məzarının yanında dəfn edilib.
Dəfn mərasimində şəhidin tabutuna bükülmüş üçrəngli dövlət bayrağımız onun qardaşı Əli Şirəliyevə təqdim edilib. 22 yaşlı Əli də taleyini hərbi xidmətə bağlayıb – Azərbaycan Silahlı Qüvvələrinin müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusudur.
Şəhid baş leytenant Sahib Yusif oğlu Şirəliyev respublikamızın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüşlərdə fədakarlığı, yüksək peşəkarlıqla rəhbərliyi, düşmənin canlı qüvvəsi və döyüş texnikasının məhv edilməsindəki rəşadəti və öz vəzifə borcunu ləyaqətlə və vicdanla yerinə yetirdiyinə görə, Azərbaycan Prezidentinin müvafiq sərəncamları ilə “Azərbaycan Bayrağı” ordeni və “Vətən uğrunda” medalı ilə təltif edilib.
***
Vətəni canı bahasına bütöv edən Sahib kimi şəhidlərimizin sayəsində nəinki düşmənlərimiz, bütün dünya Azərbaycan dövlətinin və ordusunun gücünü bir daha gördü.
Ruhun şad olsun, şəhidim! Müqəddəs mübarizən Şanlı Qələbəmizlə yekunlaşdı. Uca məqamınla fəxr edəcəyik – SƏN YAŞAYACAQSAN!
***
Dekabrın 23-də, S.Şirəliyevin vəfatının 40-cı günündə şəhid zabitin məzarı ziyarət edilib, ruhuna dualar oxunub, qəbirüstü əbidəsi önünə tər gül dəstələri qoyulub.
Ziyarətçilər qəhrəman həmyerlimizi xoş xatirələrlə anıb, onun keçdiyi şərəfli həyat yolunun hər bir gənc üçün örnək olduğunu vurğulayıblar.
Akif AĞAYEV, Masallı.