Xurşidbanu Natavanın erməni vandalizminə məruz qalan sarayı FOTO

Xurşidbanu Natavanın erməni vandalizminə məruz qalan sarayı  FOTO
  • Cəmiyyət

  • Azərbaycanın mədəni paytaxtı və bütün Qafqazın incisi hesab olunan Şuşa şəhərindəki tarixi, mədəniyyət və memarlıq abidələri, mədəniyyət ocaqları erməni vandalları tərəfindən talan edilib, dağıdıb və ya erməniləşdirib.

    LEQAL.AZ xəbər verir ki, Şuşa şəhərində erməni vandalizminə məruz qalan abidələrdən biri Azərbaycanın görkəmli şairəsi, Qarabağın sonuncu hakimi Mehdiqulu xan Cavanşirin qızı Xurşidbanu Natəvana məxsus olan XIX əsrə aid ikimərtəbəli evdir. Tarixi memarlıq abidəsi kərpic və çaydaşlarından inşa edilib. 1930-cu illərin əvvəllərində Azərbaycan vokal sənətinin banisi Bülbülün təşəbbüsü ilə Azərbaycanda yaradılan ilk uşaq musiqi məktəbi olan Şuşa Musiqi Məktəbi bu binada fəaliyyətə başlayıb. 1984-cü ildə məktəb Şuşa şəhər Niyazi adına Uşaq İncəsənət Məktəbi adlandırılıb. 1987-ci ildə binada əsaslı təmir-bərpa işləri aparıldıqdan sonra Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin Xurşidbanu Natəvan adına Qarabağ filialı burada fəaliyyət göstərib.

    1992-ci ilin may ayının 8-də Şuşa şəhəri Ermənistan silahlı qüvvələri tərəfindən işğal edildikdən sonra muzeydə toplanmış yüzlərlə nadir sənət incisi, rəsm əsərləri, xalçalar, miniatürlər, xatirə əşyaları, arxeologiya nümunələri işğalçılar tərəfindən dağıdılaraq qəsb edilib.

    Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına əsasən işğaldan azad olunmuş ərazilərdə bərpa və yenidənqurma tədbirləri ilə əlaqədar Şuşa şəhərində qiymətləndirmə və inventarlaşdırma işləri həyata keçirilir. Qiymətləndirmə və inventarlaşdırma işləri başa çatdıqdan sonra qədim tarixi və memarlıq üslubu qorunub saxlanılmaqla Şuşa şəhərinin, tarixi və dini abidələrin, muzeylərin planlı şəkildə bərpa olunması istiqamətində məqsədyönlü tədbirlər görüləcək.

    PAYLAŞ:

    Oxşar xəbərlər