Son iki gündə Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyə (ANAMA) Ağdam, Ağcabədi, Bərdə, Füzuli və Tərtər rayonları ərazisində mərmilərin aşkar olunması barədə Daxili İşlər Nazirliyinin “102” Xidməti-Zəng mərkəzi sistemindən 28 və Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə mərkəzindən 2 müraciət daxil olub.
ANAMA-dan azərtaca-a bildirilib ki, daxil olmuş 30 çağırış əsasında agentliyin xüsusi mobil çevik əməliyyat qrupları tərəfindən Daxili İşlər Nazirliyinin əməkdaşları ilə birlikdə 25 operativ və təxirəsalınmaz əməliyyat çıxışı həyata keçirilib. Aparılmış əməliyyat-axtarış tədbirləri zamanı 20 ədəd partlamamış hərbi sursat (PHS), 1 ədəd bombacıq, 18 ədəd tank əleyhinə mina, 40 ədəd piyada əleyhinə mina, 54 ədəd tank əleyhinə minanın partladıcısı və 21 ədəd partlamış mərmi qalıqları aşkar olunub.
Agentliyin partlayış qrupu tərəfindən 9 ədəd mina və partlamamış hərbi sursat (PHS) zərərsizləşdirilib, Mina Təhlükəsinə dair Maarifləndirmə üzrə mütəxəssislər tərəfindən 80 141 nəfər mülkü şəxs arasında mina təhlükəsizliyinə dair maarifləndirmə təbliğatı aparılıb.