Bu il sentyabrın 27-dən başlayaraq Ermənistanın son aylarda cəbhə bölgəsində törətdiyi hərbi təxribatlara cavab olaraq və onun təcavüzkar siyasətinə son qoymaq məqsədilə Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuz əks-hücum əməliyyatları həyata keçirib. Ermənistan silahlı qüvvələri tərəfindən 28 ildən artıq işğal edilmiş tarixi doğma torpaqlarımızın azad olunması və ərazi bütövlüyümüzün təmin edilməsi ilə nəticələnən və Azərbaycan Ordusunun misilsiz qəhrəmanlıq göstərdiyi 44 günlük Vətən müharibəsində Şanlı Zəfər qazanılıb.
LEQAL.AZ Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadla xəbər verir ki, FHN işçilərinin həmkarlar ittifaqı işğal altındakı torpaqlarımızın Prezident İlham Əliyevin qətiyyəti, düşünülmüş siyasəti və Ordumuzun qəhrəmanlıq əzmi sayəsində düşmən tapdağından azad olunması, 30 ilə yaxın doğma yurdlarından didərgin düşmüş vətəndaşlarımızın torpaqlarına qayıdacaqları münasibətilə başda Prezident İlham Əliyev olmaqla bu tarixi Qələbənin qazanılmasında xüsusi payı olan Silahlı Qüvvələrimizi və Vətən müharibəsində milli həmrəylik nümayiş etdirmiş xalqımızı təbrik edib.
Vətənin azadlığı, ərazi bütövlüyü uğrunda canlarını və sağlamlıqlarını fəda vermiş qəhrəmanlara və onların ailələrinə diqqət və qayğının göstərilməsini hər zaman fəaliyyətinin başlıca istiqamətlərindən birinə çevirmiş Fövqəladə Hallar Nazirliyi işçilərinin həmkarlar ittifaqı dekabrın 9-da “YAŞAT” Fonduna ittifaqın büdcəsindən 50 əlli min manat məbləğində vəsait köçürüb.
Xatırladaq ki, Prezident İlham Əliyev dekabrın 8-də Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaralananların və şəhid ailələrinin təminatına dəstək fondunun- “YAŞAT” Fondunun təsis olunması ilə bağlı Fərman imzalayıb.