27 sentyabr – 10 noyabr tarixləri xalqımızın şan və şərəf salnaməsinə Vətən müharibəsi kimi yazılıb. Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin qətiyyəti, yenilməz siyasi iradəsi, Azərbaycan Ordusunun rəşadəti, əsgər və zabitlərimizin döyüş meydanında şücaəti sayəsində bu müharibə tarixi zəfərlə başa çatıb. 30 ilə yaxın həsrətində olduğumuz yurd yerlərimiz yağı düşməndən azad olunub, Azərbaycan ərazi bütövlüyünü bərpa edilib.
Qırx dörd gün ərzində cəbhədən gələn xoş xəbərlər, əldə olunan qələbələr harada yaşamasından asılı olmayaraq bütün azərbaycanlılara yüksək ruh, sonsuz qürur və fəxarət hissləri bəxş edib, milli həmrəylimizi, xalq-dövlət birliyini daha da möhkəmlədib.
Döyüş əməliyyatı planlarının yüksək peşəkarlıqla hazırlanması və həyata keçirilməsi Ordumuzun şəxsi heyətini əsaslı dərəcədə qorusa da, müharibədə itkilər qaçılmazdır. Vətən müharibəsində Silahlı Qüvvələrimizin 2783 hərbi qulluqçusu qəhrəmancasına həlak olub, yüzlərlə hərbçimiz yaralanıb.
Qürur hissi ilə qeyd edilməlidir ki, ölkəmizin ərazi bütövlüyü uğrunda döyüşlərdə iştirak etmiş qəhrəman oğullarımız sırasında mədəniyyət işçiləri də var.
LEQAL.AZ xəbər verir ki, müharibənin ilk günlərindən mədəniyyət müəssisələrində çalışanlar da könüllü ordu sıralarına yazılıb və onlardan 65 nəfəri Vətən müharibəsində iştirak edib. Müxtəlif döyüş bölgələrində qəhrəmanlıq göstərən mədəniyyət işçilərindən 6 nəfər- Füzuli rayon 3 nömrəli Uşaq Musiqi Məktəbinin müəllimi Toğrul Rüfət oğlu Hacıyev, Qobustan şəhər Rəşid Behbudov adına Uşaq İncəsənət Məktəbinin müəllimi Rauf İlyas oğlu Əliyev, Gəncə şəhər Nizami Məqbərəsinin bələdçisi Hikmət Lətif oğlu Məmmədov, Göyçay şəhər Uşaq Musiqi Məktəbinin müəllimi Alim Səhrab oğlu İbrahimov, Cəbrayıl rayon Mahmudlu kənd Uşaq Musiqi Məktəbinin müəllimi Zamin Vahid oğlu Rəhimov, Lənkəran şəhər Mədəniyyət Mərkəzinin kurs rəhbəri Tural Rövşən oğlu Hümmətov şəhidlik zirvəsinə ucalıblar. Vaxtilə Azərbaycan mədəniyyətinə xidmət edən bu igidlər Vətən yolunda canlarından keçərək adlarını Azərbaycan tarixinə qızıl hərflərlə yazıblar.
Vətən müharibəsinin şəhidləri arasında mədəniyyət sahəsində çalışan 161 nəfərin yaxın qohumu da var. 6 nəfər mədəniyyət işçisi döyüşlərdə yaralanaraq savaşdan qazi kimi dönüb.
Vətən torpağının azadlığı kimi müqəddəs amal uğrunda özünü fəda etmiş bütün şəhidlərimizin ruhu qarşısında baş əyir, onlara Allahdan rəhmət, ailələrinə, yaxınlarına mətanət diləyirik. Yaralı qazilərimizin tezliklə sağalmasını arzulayırıq.
Qarabağ Azərbaycandır!