Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaralananların və şəhid ailələrinin təminatına dəstək verəcək “YAŞAT” Fondunun Himayəçilik Şurasının onlayn formada ilk iclası keçirilib.
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən LEQAL.AZ-a bildirilib ki, agentliyin sədri Ülvi Mehdiyev Prezident İlham Əliyevin müvafiq Fərmanı ilə yaradılmış “YAŞAT” Fondunun fəaliyyət istiqamətləri barədə məlumat verib. Həmçinin Fondun gələcək hədəflərindən söz açılıb.
Himayəçilik Şurasının üzvləri də öz növbəsində cari məsələlər və təkliflərini diqqətə çatdırıblar.
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi Fondun vəsaitinin sərəncamçısı müəyyən edilib.
Fondun vəsaitinin formalaşdırılmasına və idarə olunmasına ümumi nəzarəti Azərbaycan Respublikası Prezidentinin yaratdığı Himayəçilik Şurası həyata keçirir.
Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə “YAŞAT” Fondunun Himayəçilik Şurasının aşağıdakı tərkibi təsdiq edilib:
Abdullayev Çingiz Akif oğlu
Alızadə Sevinc Əsgərxan qızı
Aslanov Novruzəli Davud oğlu
Aşina Məsud
İbrahimov Mənsum İsrafil oğlu
İsgəndərov Anar Camal oğlu
Qasımov Balakişi Ələkbər oğlu
Novruzov Cahangir Mütəllib oğlu
Ramaldanov Şair Ramaldan oğlu
Səfərəliyeva Rəna Teymur qızı
Zəkiyev İlham Əzizağa oğlu.