Dörd həftəyə yaxındır ki, bütün Azərbaycan xalqı Qarabağın düşmən əsarətindən qurtarmasını bayram edir. Dünya əsgər və zabitlərimizin hünərinə, şücaətinə heyran qalıb. Müzəffər Ali Baş Komandanımız İlham Əliyevin uğurlu siyasi-diplomatik addımları, düzgün taktika və strategiyası, rəşadətli Milli Ordumuzun mətanəti sayəsində 44 günlük Vətən müharibəsi Böyük Qələbə ilə başa çatmışdır. Azərbaycanda Zəfər və Anım günlərinin təsis edilməsi haqqında Prezident sərəncamları ilə tanış olduqca möhtəşəm qələbə yürüşünün unudulmaz səhnələri bir daha gözlərim önündə canlandı, xoş müjdələr xronologiyasını ardıcıllıqla xatırladım.
İkinci Qarabağ savaşında bir-birinin ardınca Murovdağ silsiləsi, Suqovuşan alındı, mühüm strateji yüksəkliklər ələ keçirildi. Ardınca Füzuli, Cəbrayıl, Hadrut, Xocavəndin böyük bir hissəsi, Zəngilan, Qubadlı və yüzlərlə kəndimiz işğaldan təmizləndi. Xudafərin körpüsünə, onunla bərabər cənub sərhədlərimizə tam sahibləndik, sivri qayaların başındakı Şuşa şəhərini isə əlbəyaxa döyüşlərlə azad etdik. “Xilasın mübarək, Qarabağ!” – dedik.
Zəfər yürüşündə sarsıdıcı zərbələr alan düşmənin içinə elə bir pərakəndəlik düşdü ki, 9 noyabr - Azərbaycanın Dövlət Bayrağı Günündə daha 72 kəndi alaraq uca nöqtələrində üçrəngli bayrağımızı yüksəltdik. Noyabrın 10-da – Konstitusiya Günü ərəfəsində Ermənistanın kapitulyasiya sənədi olan birgə bəyanat imzalandı. Onun şərtlərinə görə, erməni silahlıları müvafiq cədvəl əsasında ardıcıl olaraq ölkəmizin hüdudlarını tərk etməyə məcbur oldular. Noyabrın 20-də bir güllə belə atılmadan Ağdam, ayın 25-də isə Kəlbəcər tam olaraq Azərbaycanın nəzarəti altına keçdi. Dekabrın 1-ə qədər isə Laçın təhvil alındı. Hər dəfə cənab İlham Əliyevin xalqa ünvanladığı müjdə dolu müraciətləri dinlədikcə qəlbimiz sonsuz qürur və iftixar hissi ilə döyünür, sanki qanad açıb göylərdə pərvaz edirdik.
Bizi duyğulandıran bir də odur ki, Prezident İlham Əliyev özünün dönməz qətiyyəti, polad iradəsi, diplomatik məharəti sayəsində hərbi qələbəni həm də siyasi zəfərə çevirə bildi, informasiya cəbhəsində qalibiyyət əldə etdi. Ağdam, Kəlbəcər, Laçın bir damla qan tökülmədən, bir nəfər şəhid verilmədən geri qaytarıldı. Ürəyimizin bir parçası olan Qarabağımız indi artıq rahat, asudə nəfəs alır.
Əlbəttə, biz Vətən müharibəsində ölkəmizə göstərdiyi mənəvi yardıma, dəstəyə görə qardaş Türkiyə Cümhuriyyətinə minnətdarıq. Rusiya tərəfinin Qarabağ münaqişənin həlli üçün göstərdiyi səyləri də yüksək qiymətləndiririk. Türkiyə və Rusiya Qafqazda təhlükəsizliyin, sabitliyin və sülhün möhkəmləndirilməsində maraqlı olduqlarını dünyaya göstərdilər. Rusiya Prezidenti Vladimir Putinin beynəlxalq hüquq nöqteyi-nəzərindən həm
Dağlıq Qarabağın, həm də onun ətrafında olan bütün bölgələrin Azərbaycan ərazisinin ayrılmaz hissəsi olduğu barədə sözləri məsələyə obyektiv yanaşma nümunəsi kimi əhəmiyyətlidir. Bu mövqe BMT Təhlükəsizlik Şurasının qətnamələrinin, ATƏT-in və digər beynəlxalq təşkilatların qərarlarının möhkəm təməlinə söykənir.
Reallıq odur ki, Ermənistan illər uzunu işğal etmiş olduğu Azərbaycan torpaqlarına özünün deyil, qanunsuz olaraq yaratdığı qondarma DQR-in nəzarət etdiyini söyləməklə dünya ictimaiyyətini aldadırdı. Biz bunu dönə-dönə bəyan etsək də, məlum beynəlxalq dairələr sanki eşitmir, aşkar-gizli şəkildə ermənilərin tərəfini tuturdular. Bu baxımdan ərazilərimizin məhz Ermənistan tərəfindən işğal olunması haqqında fikrin Rusiya rəhbərinin dilindən səslənməsi mühüm önəm daşıyır. Bununla Ermənistanın yaratdığı qondarma rejimi münaqişə tərəfi kimi ön plana gətirmək cəhdləri birdəfəlik tam iflasa uğradı. Azərbaycan beynəlxalq hüquqa söykənərək elə siyasi gedişlər etdi ki, Ermənistan rəhbərliyinin münaqişə çərçivəsini genişləndirmək və ona Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatını – KTMT-ni cəlb etməklə bağlı vurnuxmaları nəticəsiz qaldı. Beləcə, özünün avantürist siyasətinin, faşist ideologiyasının qurbanı olan qəsbkar ölkə döyüş meydanında ölümcül məğlub oldu.
Qonşusundan torpaq qoparmağı, əlinə keçəni qamarlamağı adi norma sayan ermənilərin necə amansız, qaniçən bir toplum olduqları bizə daha yaxşı bəllidir. İki yüz ildən çoxdur ki, bunun şahidiyik. Ötən əsrin 80-ci illərinin sonu – 90-cı illərinin əvvəllərində məhz onların xəyanətkar xisləti və hərbi təcavüzü səbəbindən Zəngəzurdan, Qarabağdan olan yüz minlərlə soydaşımız doğma yurd-yuvasından didərgin düşdü, minlərlə şəhid verdik, yüzlərlə insan girov götürüldü və ya itkin düşdü. Azərbaycan əhalisinin əmlakı Ermənistan ordusu tərəfindən tar-mar edildi, qarət olundu.
Elə İkinci Qarabağ müharibəsi zamanı mənfur ermənilər həm döyüş bölgəsində, həm də cəbhədən uzaq ərazilərimizdə nə qədər qeyri-vicdani, beynəlxalq hüquqa zidd əməllər törətdilər. Dinc əhali ballistik raketlərdən, kassetli bombalardan, uzaqvuran ağır toplardan atəşə tutuldu, yüzə qədər ölən, bundan üç-dörd qat artıq yaralanan oldu. Məktəblər, uşaq bağçaları, tibb ocaqları dağıdıldı. Bu gün Füzuli, Cəbrayıl, Ağdam, Kəlbəcər, Laçın Qafqazın Xirosimasına çevrilib. Baş verənlər XXI əsrdə erməni vandalizminin əyani nümunələridir. Buranı tərk edərkən evləri yandıran, meşələrə od vuran, suları çirkləndirən, ekoloji fəlakət törədən, hər tərəfə ölüm hədəli minalar basdıran ermənilər vəhşi qəbilə, qansız qövm timsalında olduqlarını bir daha göstərdilər. Bu hərəkətləri həm də onların Qarabağda qeyri-qanuni, müvəqqəti məskunlaşmış gəldi-gedərlər olduğunu təsdiqləyir. Çünki heç kəs öz doğma yurdunu, əziz yuvasını belə viran qoymazdı.
Əlbəttə, çox keçməz ki, doğma torpağın əsl sahibləri olan bizlər onun yaralarını sağaldar, orada normal həyat şəraiti yaradarıq. Əsas odur ki, sərhədlərimizin bütövlüyü tam bərpa edilib, viran qoyulmuş yurd yerlərini yenidən gülüstana çevirmək üçünsə qüdrətimiz, təpərimiz yetərli qədərdir. Cənab İlham Əliyev artıq bu barədə müvafiq tapşırıqlar verib. Ərazilərimiz addım-addım minalardan təmizlənir. Sosial layihələr hazırlanır, tikinti-quruculuq tədbirlərinə başlanır. Tezliklə Qarabağda bütün zəruri infrastruktur yaradılacaq.
Böyük Qələbənin sayəsində biz həm böyük, yenilməz millət olaraq tarixi ədalət bərpa etmiş, həm də şərəf tariximizi daha da zənginləşdirmişik.
Məcburi köçkün soydaşlarımızın 30 illik yurd həsrətinə, məhrumiyyətlərinə son qoyulub. Bu, 17 illik gərgin siyasi-diplomatik səylərin, ordumuzun güclənərək dünyanın ən müasir, ən qabil ordusuna çevrilməsinin nəticəsi, sarsılmaz dövlət-xalq birliyinin təntənəsidir.
Vətən müharibəsində tarixi Qələbəmiz şəhidlərin, qazilərin qanı və canı, bütün əsgər və zabitlərimizin hünəri sayəsində qazanılıb. Məhz onlar qələbəyə inamımızı daha da artırıb, bizləri zəfər sevinclərinə qərq ediblər. Ordumuzun 44 günlük zəfər yürüşündə bizim Masallı rayonunun yüzlərlə cəngavər oğlu, həmçinin kollecimizin 10 tələbəsi yaxından iştirak edib. Eyni zamanda 17 nəfər məzunumuz da Qarabağın harayına hay verərək könüllü şəkildə döyüş bölgəsinə yollanıb. Tələbələrimizdən üç nəfəri – Ağamoğlan Kərimov, Kənan İbrahimli və Ağamalı Ağayev müqəddəs şəhidlik zirvəsinə ucalıblar.
Böyük fərəh hissi ilə qeyd edim ki, möhtərəm Prezidentimizin müvafiq sərəncamları ilə 27 Sentyabrın Anım Günü, 8 Noyabrın Zəfər Günü kimi rəsmiləşməsi, Bakı şəhərində Vətən müharibəsi memorial kompleksinin və Zəfər muzeyinin yaradılmasının qərara alınması son dərəcə təqdirəlayiq haldır. Misilsiz qələbənin əbədiləşdirilməsi, şəhidlərin qədirbilənliklə daim yad edilməsi, gənclərimizin yüksək vətənpərvərlik ruhunda tərbiyəsi baxımından bu sərəncamların böyük əhəmiyyəti var.
Tarix yazan, milli qürurumuzu qaytaran, bizə xoşbəxt anlar yaşadan dövlətimizin başçısına, rəşadətli Azərbaycan ordusuna bir daha ürəkdən minnətdarlıq edirik.
Vidadi NƏZƏROV,
Masallı Dövlət Regional Kollecinin direktoru, “Tərəqqi” medallı pedaqoq