Vətən müharibəsində xalqımızın qazandığı şanlı qələbə Ulu Öndərin yolunun Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilməsinin nəticəsidir. 30 il işğal altında olan torpaqlarımızın azad olunması, ərazi bütövlüyümüzün bərpası müstəqilliyimizin əbədi olduğunu bir daha təsdiq etdi. Bu mənada Vətən müharibəsi Azərbaycan tarixinin şanlı zəfər salnaməsidir. Bu salnaməni xalqımızın igid və mərd oğulları qanları ilə yazdı, xalqımız yüzlərlə şəhid verdi. Nəsillərdən-nəsillərə örnək olacaq bu salnamə həm də gənclərə vətənpərvərlik, torpaq sevgisi, birlik, həmrəylik örnəyidir. Tarixi ədalətin bərpa olunmasında Naxçıvan oğulları da əsl qəhrəmanlıq göstərdilər.
Müdafiə Nazirliyindən LEQAL.AZ-a verilən məlumata görə, dekabrın 7-də Naxçıvan Beynəlxalq Hava Limanında şəhidlərimizin qarşılanma mərasimi olub.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov tədbirdə iştirak edib.
Dövlət və hökumət nümayəndələri, Türkiyə Silahlı Qüvvələrinin Azərbaycan Respublikasındakı hərbi attaşe aparatının Naxçıvan Muxtar Respublikasındakı nümayəndəliyinin zabitləri və şəhidlərin ailə üzvləri tədbirdə iştirak ediblər.
Şəhid olan hərbi qulluqçularımız Əliyev İbrahim Mustafa oğlunun və Məmmədov Sahil Rasim oğlunun üçrəngli bayrağımıza bükülmüş cənazələri hərbçilərin müşayiəti ilə mərasim yerinə gətirilib.
Şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Ali Məclisin sədri şəhidlərin xatirəsinə ehtiramını bildirib.
Naxçıvan Əlahiddə Ümumqoşun Ordunun əsgərləri tərəfindən yaylım atəşi açılıb.
Sonra “Qurani-Kərim”dən ayələr oxundu, şəhid cənazələrinin önündən keçilib.
Şəhidlərin cənazələri doğulduqları kəndlərə yola salınıb.
Ali Məclisin sədri şəhidlərin ailə üzvləri ilə görüşərək onlara başsağlığı verib.