"Uşaqlıqdan hərb sənətinə marağım olub. Övladlarımın ikisi də hərb sənətini seçməklə mənim arzularımı gerçəkləşdiriblər. Hər evə gələndə ikisinin də alnından öpərdim ki, arzularımı doğrultdunuz... Düşmən bilməlidir ki, şəhid hərbçilərin anası heç vaxt qəddini əymir. Biz düşmənlərə göstərməliyik ki, igidlərin arxasında da igidlər dayanır".
LEQAL.AZ xəbər verir ki, bu sözləri AzTV-yə müsahibəsində Masallı rayonunun Viləş kəndindən olan iki şəhid qardaş - İntiqam və Nurlan
Əsgərlinin anası Ziba xanım deyir.
Qardaşlardan biri Nurlan Əsgərli Aprel döyüşlərində şəhid olub. İntiqam Əsgərov isə budəfəki Vətən müharibəsində canından keçib. Hər iki qardaş Xüsusi Təyinatlı Qüvvələrin giziri idi, Onlar düşmənin xeyli sayda canlı qüvvəsini məhv etmişlər. Nurlan şəhidlik məqamına ucalanda döyüş meydanından cansız bədənini qardaşı İntiqam çıxarmışdı. İntiqam isə yenidən döyüşə atılmışdı. Görünür, qardaşı Nurlan kimi İntiqamın da qismətində şəhidlik olacaqmış... O, qardaşı Nurlanın intiqamını almış oldu və özü də əbədiyyətə qovuşdu.
Allah bütün şəhidlərimizə rəhmət eləsin!
Vətən sizi heç vaxt unutmayacaq!
Müəllif: Mahal MƏMMƏDHÜSEYNLİ