İnformasiya Texnologiyaları İnstitutunda keçirilən onlayn elmi seminarda pilotsuz uçuş aparatlarının elmi-nəzəri problemlərinə dair məruzə dinlənilib.
İnstitutdan LEQAL.AZ-a bildirilib ki, aparıcı elmi işçi, texnika üzrə fəlsəfə doktoru, dosent Fərqanə Abdullayeva hazırda pilotsuz uçuş aparatlarının hərbi və mülki sahələrdə geniş tətbiq olunduğunu qeyd edib. Diqqətə çatdırıb ki, manevretmə, universallıq, xərclərin az olması və tətbiq sadəliyi PUA-ların əsas üstünlükləridir.
Vurğulanıb ki, dronların təhlükəsi artır və hər kəs onun birbaşa və ya dolayı hədəfinə çevrilə bilər. Hazırda bir çox ölkələr smart dronlar vasitəsilə terror hücumlarına məruz qalır. Təhlükəsiz cəmiyyətin qurulması üçün vacib məsələlərdən biri də zərərli dronların aşkarlanması, qarşısının alınması və məhv edilməsi üsullarını inkişaf etdirməkdən ibarətdir.
Sonra mövzu ilə bağlı müzakirələr aparılıb, pilotsuz uçuş aparatları üzrə elmi tədqiqatların gücləndirilməsinə dair təkliflər səsləndirilib.