Azərbaycan mətbuatı növbəti ağır itkisini yaşadı. Sözün yükünü ləyaqətlə daşıyan, ömrünü qələmə və həqiqətə həsr edən dəyərli jurnalist Həsənağa Murtuza oğlu Əliyev vaxtsız olaraq aramızdan ayrıldı. Onun yoxluğu təkcə ailəsi və yaxınları üçün deyil, bütövlükdə milli mətbuatımız üçün dərin, doldurulması çətin bir boşluqdur.
2026-cı il martın 20-də, günorta saatlarında aldığım bu acı xəbər sanki zamanın axarını bir anlıq dayandırdı. Telefonun o biri başından gələn səs ürəyimə ağır bir yük kimi çökdü. İllərin sınağından çıxmış bir qələm sahibinin sükuta qərq olması insanın daxilində sözlə ifadəsi çətin olan bir sarsıntı yaradır. Həsənağa müəllimlə tez-tez zəngləşər, hal-əhval tutardıq. Onun səsində həmişə qəribə bir təmkin, bir də ümid duyulardı.
Xəstəliklə mübarizə apardığı günlərdə isə yaddaşıma əbədi həkk olunan bir görüşümüz oldu. Əməkdar jurnalist Zakir Abbas ilə birlikdə onu ziyarətə getmişdik. Qapını açıb içəri daxil olanda onun baxışları sanki işıqlandı. Məni görən kimi üzündə yaranan o səmimi təbəssüm, gözlərindəki sevinc… sanki həyatın bütün ağrılarını bir anlıq unutdururdu. Bu sevinc indi xatirəyə çevrilib – amma ən canlı, ən unudulmaz xatirəyə. Bizim münasibətimiz təkcə peşə yoldaşlığı deyildi – həm də qohumluq bağları ilə bir-birimizə bağlı idik. Elə buna görə də bu itki mənim üçün daha dərin, daha ağrılıdır.
1949-cu il noyabrın 1-də Masallı rayonunun Mahmudavar kəndində dünyaya göz açan Həsənağa Əliyevin həyat yolu zəhmətin, sədaqətin və mənəvi bütövlüyün təcəssümü idi. Gənc yaşlarından əmək fəaliyyətinə başlayan, eyni zamanda təhsilini davam etdirərək 1975-ci ildə Azərbaycan Dövlət Universitetinin Jurnalistika fakültəsini bitirən Həsənağa müəllim, sözün məsuliyyətini erkən dərk edən nadir insanlardan idi.
Onun mətbuat yolu sadə bir mürəttiblikdən başlayıb, lakin bu sadə başlanğıc böyük bir ömrün möhtəşəm hekayəsinə çevrildi. “Çağırış” qəzetində mürəttib, korrektor, ədəbi işçi, şöbə müdiri və nəhayət redaktor müavini kimi çalışaraq pillə-pillə yüksəldi. Hər bir mərhələ onun üçün sadəcə vəzifə deyil, bir məktəb idi – həyat məktəbi, söz məktəbi.
Sonrakı illərdə “Mozalan”, “Alternativ”, “Aşkarlıq”, “İki Sahil”, “Yeni Azərbaycan”, “Təzadlar”, “Dövlətçilik”, “Qanun Naminə”, “Azad Azərbaycan” kimi qəzetlərlə əməkdaşlığı onun qələminin geniş auditoriyaya çatmasına imkan verdi. Onun yazıları oxucu üçün sadəcə informasiya deyil, həm də düşüncə, hiss və həyat dərsi idi. Ömrünün son çağlarında “Yeni Həyat” qəzetində məsul katib kimi çalışaraq yenə də sözə xidmət etməkdən yorulmadı.
Həsənağa Əliyev yalnız jurnalist deyildi – o, zamanın yaddaşı idi. O, Masallının tarixini, insanlarını, ağrılarını və sevincini sözə çevirən bir salnaməçi idi. Onun “Nicat qapısı”, “Nurlu ürəklər”, “Dünya heç kimin”, “Yaxşılara yaxşı deyək”, “Baharda köçən durnalar”, “Mahmudavarın mərd övladları”, “Çətin yolun müsafiri”, “Zirvədən boylanan xatirələr” kimi əsərləri təkcə kitab deyil – bir ömrün, bir bölgənin ruhunun yazılı ifadəsidir.
Bu əsərləri oxuduqca hiss edirsən ki, müəllif yalnız yazmır – yaşayır, hiss edir, yanır və o yanğını sözə çevirir. Onun qələmi sadə idi, amma o sadəliyin içində böyük bir dərinlik gizlənirdi. Hər sətirdə bir həyat, hər cümlədə bir insan taleyi vardı.
Onun publisistik yazıları ilə yanaşı felyetonları və replikaları da oxucular tərəfindən maraqla qarşılanırdı. Çünki o, cəmiyyətin problemlərinə biganə qalmayan, həqiqəti olduğu kimi deməkdən çəkinməyən qələm sahibi idi.
Yarım əsrə yaxın mətbuat fəaliyyətində o, bir dövrün canlı ensiklopediyasına çevrilmişdi. Rayonun iqtisadiyyatı, kənd təsərrüfatı, təhsili, səhiyyəsi, mədəniyyəti, idmanı – bütün sahələr onun qələmində əksini tapmışdı. Bu baxımdan o, sadəcə jurnalist deyil, həm də tarix yazan bir ziyalı idi.
Əməyi dəfələrlə qiymətləndirilmişdi – “Qızıl Qələm”, Həsən bəy Zərdabi mükafatları, Azərbaycan İdman Jurnalistləri Assosiasiyasının təltifləri və çoxsaylı fəxri fərmanlar onun zəhmətinin cəmiyyət tərəfindən necə dəyərləndirildiyini göstərir. Lakin onu fərqləndirən təkcə bu mükafatlar deyildi. Onu ucaldan onun insanlığı idi.
Sadəliyi ilə seçilən, səmimiyyəti ilə qəlblərə yol tapan, alicənablığı ilə hörmət qazanan Həsənağa müəllim hər zaman dövlətinə, dövlətçiliyinə və milli dəyərlərə sədaqətli bir ziyalı kimi yadda qaldı. Onun yanında özünü yad hiss edən olmazdı – o, hər kəsə doğma idi.
Bu gün isə o səs susub… Telefonun o biri başında artıq o tanış, sakit, arxayın səs yoxdur. Amma bir həqiqət var – belə insanlar əslində heç vaxt getmirlər. Onlar yazdıqları ilə, yetişdirdikləri ilə, qoyduqları izlərlə yaşayırlar.
Bəlkə də bu gün baharın ilk günləridir… Təbiət oyanır, həyat yenidən başlayır. Amma bir qələm sahibi bu baharı görə bilmədi. Bəlkə də elə buna görə onun yoxluğu daha çox hiss olunur. Bahar gəldi, amma bir insanın ömrü bahar kimi yarımçıq qaldı…
Həsənağa Əliyev getdi…
Amma onun sözü qaldı.
Onun izi qaldı.
Onun xatirəsi qaldı.
Allah rəhmət eləsin. Ruhu şad olsun.
Mərhəmət Lələyev,
Cənubunsəsi xəbər portalının təsisçisi və baş redaktoru