Azərbaycanın apardığı hərbi əməliyyatlar nəticəsində bir çox rayonları işğaldan azad etməsinin əks-təsirləri davam edir. Xüsusilə, 44 günlük qısa müddət ərzində böyük bir coğrafiyanı düşmən işğalından qurtaran Azərbaycan hazırda Ermənistandan müharibə təzminatı tələb edir.
LEQAL.AZ teleqraf.com-a istinadən xəbər verir ki, bu barədə Türkiyənin "Haber7" saytı məlumat yayıb.
Bildirilir ki, Azərbaycanla müharibə zamanı ağır itkilər verən və işğal etdiyi Qarabağdan çəkilməli olan Ermənistan üçün rekord təzminat tələbi gündəmə gəlib.
28 ildir işğal altında olan bölgələrə vurulmuş ziyanla bağlı beynəlxalq məhkəmələrdə çox sayda təzminat iddiasının qaldırılması planlaşdırılır. Bölgədəki dağıntılar, yaşayış məntəqələrinə vurulan ziyanlar və islama aid maddi mədəniyyət nümunələrinin qəsdən məhv edilməsi qarşılığında araşdırmalar aparılır. Bu çərçivədə Azərbaycan tərəfi 50 milyard dollarlıq təzminat iddiasına hazırlaşır.
İqtisadi çətinliklər yaşayan ölkənin bu məbləği ödəyə bilməyəcəyini vurğulayan Ermənistanın Respublika Partiyasının rəsmi nümayəndəsi Eduard Şarmazanov diqqət çəkən bir açıqlama verib.
44 gün davam edən müharibə zamanı hökumətin xalqı yalan məlumatlarla aldatdığını ifadə edən Şarmazanov deyib: “Paşinyan artıq İlham Əliyevə heç nə deyə bilməz. Bunu etmək üçün cəsarəti yoxdur. Beynəlxalq məhkəmələr onsuz da Ermənistanın Azərbaycana ödəməli olduğu 50 milyard dollardan bəhs edir. Paşinyan yenidən danışıqlara gedəcək və deyəcək ki, Zəngəzuru sizə veririk, çünki əlimizdə 50 milyard dollarımız yoxdur”.