Noyabrın 8-də Bakıda Zəfər parkının açılışında iştirak edən və orada Azərbaycanın üçrəngli Dövlət Bayrağını ucaldan Prezident İlham Əliyevin xalqa müraciətində səsləndirdiyi fikirlər 44 günlük Vətən müharibəsində tarixi Qələbə qazanmağımızdan ötən 4 il ərzində keçdiyimiz yola və qalib ölkə statusunun bizə gətirdiyi siyasi, mənəvi-psixoloji üstünlüklərə nəzər salmaq, ümumiləşdirmələr aparmaq baxımından olduqca əhəmiyyətlidir. Prezidentin xalqa müraciəti Qələbə ovqatımızı əks etdirən müraciətdir. Bəli, qalib Liderin çıxışı elə bu cür mübariz, inamlı və əzmkar ruhda olmalıydı.
Açılışı olan Zəfər tağı da qalibiyyət ruhumuzun təntənəsidir, xalqımızın qəhrəmanlığının simvoludur, şəhidlərimizin xatirəsinə sayğının təzahürüdür. Bu möhtəşəm kompleks eyni zamanda xalqımızın həmrəylik, bütövlük, güc və qələbə ideallarını təcəssüm etdirir. Bu cür yüksək ideallara, dəyərlərə söykənən xalqın və onun liderinin yolu bir gün məhz Zəfər Tağından keçməliydi. Ucalığı, əzəməti, daşıdığı anlamı ilə seçilən Zəfər tağı həqiqətən də əsl Zəfər simvoludur.
Zəfər parkının və onun giriş qapısının – Zəfər tağının görünüşü, ümumi ab-havası Vətən müharibəsindəki tarixi Qələbəmizin ruhunu, mahiyyətini çox gözəl əks etdirir. Bu möhtəşəm kompleks Dövlətimizin gücünün, Ordumuzun qəhrəmanlığının rəmzi kimi bura ziyarətə gələn hər bir azərbaycanlıda böyük qürur hissi yaradır. Mən də ötən gün Zəfər parkını ziyarət etdim və ən yeni tariximizi Zəfər ladında yazan bir ölkənin vətəndaşı olmağımla gerçəkdən qürur duydum. Zəfər tağı 200 ildə Azərbaycanın apardığı azadlıq mübarizəsinin rəmzidir, qalibiyyət və tərəqqi dövrünə açılan qapısıdır.
Azərbaycan Prezidentinin Zəfər parkı, Zəfər tağı ilə bağlı sözləri qürurvericidir. Prezident bildirdi ki, “Şəhərimizin ən gözəl yerlərindən birində Zəfər parkı açılıb. Gözəl Zəfər tağı, Zəfər abidəsi, ərazisi 10 hektara yaxın olan gözəl park, onun aşağısında Zəfər muzeyi artıq inşa edilib, onun tərtibatı gedir. Gələcəkdə Zəfər muzeyi də olacaq. Bu gözəl yerdə şəhərimizin, yenə də deyirəm, ən gözəl yerlərindən birində bu gün bizim parlaq Zəfərimizi əks etdirən yeni simvolumuz artıq yaradılıb. Şəhərə gedən iki yolun kəsişməsində Zəfər tağı yerləşir. Həm müasir üslubda inşa edilib, həm çox əzəmətlidir. Hündürlüyü də 44 metrdir, sütunlarının da sayı 44-dür. Bu parkda və indi tərtib olunan muzeydə bir çox önəmli rəmzlər var. Bu rəmzlər bizimlə əbədi olacaq. Bu Qələbə bizimlə əbədi olacaq. Azərbaycan xalqı bundan sonra qalib xalq, Azərbaycan dövləti müzəffər dövlət kimi yaşayacaqdır”.Zəfər günü hamımız üçün müqəddəs, dəyərli gündür. Biz 200 ildi ki davamlı torpaq itkiləri ilə üzləşir və 30 il idi ki Qarabağ nisgili ilə yaşayırdıq. Lakin Ali Baş Komandanımızın sərkərdəlik əzmi və Ordumuzun rəşadəti sayəsində bu “tilsim” qırıldı, xalqımızın başına gətirilən müsibət və faciələrə, soyqırımlarına son qoyuldu.
2020-ci il noyabrın 8-də Şuşanı erməni vandallarından təmizləməklə biz öz torpaqlarımızı düşmən işğalından azad etdik və itkilər, məğlubiyyətlər dövrünün qələbələr, uğurlar mərhələsi ilə əvəzlənməsinin başlanğıcını qoyduq. Bu, tarixin yeni başdan yazılması deməkdir. Beləliklə, 200 illik işğallar, deportasiyalar, soyqırımlar səhifəsi qapandı. Biz bir xalq kimi öz taleyimizi dəyişməyi bacardıq. Dövlətimizin başçısının ifadəsi ilə desək, biz şəhidlərimizin qisasını, qanını döyüş meydanında aldıq. 44 günlük Vətən müharibəsi bizim şanlı tariximizdir, parlaq Qələbəmizdir. Biz həm Birinci Qarabağ müharibəsinin, həm İkinci Qarabağmüharibəsinin, eləcə də antiterror əməliyyatının şəhidlərinin qanını döyüş meydanında aldıq, öz ərazi bütövlüyümüzü, suverenliyimizi bərpa etdik.
Ceyhun Hüseynov,
Masallı RMX, İƏ üzrə mütəxəssis