Bu gün Prezident İlham Əliyev Böyükşor-Pirşağı yeni avtomobil yolunun açılışında iştirak edib.
Leqal.az Qafqazinfo-ya istinadən xəbər verir ki, 6 hərəkət zolaqlı bu yol paytaxtın nəqliyyat yükünün azaldılması baxımından böyük əhəmiyyətə malikdir.
Yeni yolun istifadəyə verilməsi ilə “Koroğlu” qovşağına düşən nəqliyyat yükünün xeyli azalacağını söyləmək olar.
12,7 km uzunluqda yol Bakının şimal hissəsində nəqliyyat axınının tənzimlənməsində böyük rol oynayacaq.
Mütəxəssislər bildirir ki, bu yolun çəkilməsi Sabunçu dairəsindən Zabrat-Kürdəxanı-Pirşağı istiqamətinə, eləcə də Maştağa-Buzovna-Bilgəh istiqamətinə avtomobillərin daha rahat və sürətli hərəkətini təmin edəcək. Beləliklə, Şəhər şosesi adı ilə tanınan Zabrat-Sabunçu yolunun yükü xeyli azalmış olacaq. Həmçinin Binəqədi şosesinin yükü də azalacaq olacaq və Rəsulzadə qəsəbəsi istiqamətindən mərkəzə doğru və geriyə müşahidə edilən ənənəvi tıxaclar nisbətən zəifləyəcək.
Bundan əlavə, yeni yol Pirşağı qəsəbəsindən Sumqayıta çəkilmiş dairəvi yolla birləşəcək ki, bu da Bakının mərkəzindən Sumqayıta alternativ yolun cəlbediciliyini xeyli artıracaq.
Həmçinin yeni yolun istifadəyə verilməsi Bakının bir sıra əraziləri: Neftçilər-Əhmədli istiqamətindən Binəqədi, Məhəmmədi, Fatmayi, Mehdiabad qəsəbələrinə hərəkət sürətinin artmasına, insanların daha qısa müddətə bir məntəqədən digərinə çata bilməsinə gətirib çıxaracaq.
Beləliklə, 2024-cü ildə bu yolun istifadəyə verilməsi ilə paytaxtda ən sıx və təbii tıxacların yaşandığı Bakı-Sumqayıt yolunda və Zabrat-Sabunçu yolunda vəziyyətin nisbətən yaxşılaşması proqnozlaşdırılır.
Nizam Rza