Fövqəladə Hallar Nazirliyinin (FHN) İdman-Sağlamlıq Mərkəzinin kollektivi ikinci Qarabağ müharibəsində şəhid olmuş hərbçilərimizin paytaxtın Suraxanı rayonunun Hövsan qəsəbəsində yaşayan ailələrini ziyarət edib.
FHN-in mətbuat xidmətindən LEQAL.AZ-a verilən məlumata görə, İdman-Sağlamlıq Mərkəzinin rəisi polkovnik Füzuli Musayev ailə üzvləri ilə görüşdə bildirib ki, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli ordumuz müqəddəs amal – Azərbaycanın ərazi bütövlüyünün bərpası uğrunda Vətən müharibəsinə qalxaraq torpaqlarımızı işğaldan azad edib. Qarabağın azad olunması Vətən yolunda canını fəda etmiş şəhidlərimizin qanı bahasına başa gəlib. Hər bir azərbaycanlı Vətənimizin bütövlüyü naminə canından keçmiş şəhidlərimizi anmalı, onların xatirəsini əziz tutaraq ailələrinə mənəvi dəstək olmaqla vətəndaşlıq və mənəvi borcunu yerinə yetirməlidir.
FHN-in əməkdaşları şəhid ailələrinə başsağlığı verərək hər zaman onların yanında olduqlarını vurğulayıb, Vətənə qəhrəman övladlar yetişdirmiş valideynlərə ehtiramlarını bildiriblər.