Azərbaycanın Xankəndi şəhərində 15 oktyabr 2023-cü il tarixi əsrlərlə unudulmayacaq dərin izlər qoydu. Bu tarixdə Azərbaycanın şanlı bayrağı Xankəndi səmasında Prezident İlham Əliyev tərəfindən dalğalandırıldı. Bu, Azərbaycan xalqı üçün fərəh, qürur hissi idi. O hiss ki, 30 ildən çox müddətdə Xankəndi və Qarabağın digər əraziləri işğala məruz qalmışdır. Nəhayət, uzun zaman keçsə də, haqq öz yerini tapdı. Erməni işğalı altında olan torpaqlarımızın hər hissəsində Azərbaycan bayrağı dalğalanır, hər qarışında Azərbaycan ordusu, Azərbaycan vətəndaşları dolaşır.
Xankəndi şəhərinin azad olunması xüsusi əhəmiyyət kəsb edirdi. Çünki bura demək olar ki, terrorçuların yuvasına çevrilmişdi. Azərbaycan əleyhinə məkrli planlar, təşviqatlar məhz burada həyata keçirilirdi. Lakin bu terror yuvasına son qoyuldu. 15 oktyabr 2023-cü il də Prezident İlham Əliyev Xankəndiyə səfər etdi və üçrəngli bayrağımızı ucaltdı. Elə bu səfər çərçivəsində düşmənə və onlara dəstək olanlara qarşı da öz mesajını vermiş oldu.Və xalqımız qarşısında verdiyi sözə də əməl etdi.
Prezident İlham Əliyev çıxışında verdiyi sözü bir daha xatırlatdı: "İyirmi il bundan əvvəl Prezident kimi öz vəzifə borcumu yerinə yetirməyə başlayanda qarşıma bir nömrəli vəzifə qoymuşdum ki, Azərbaycan Bayrağı o vaxt işğal altında olan bütün ərazilərdə, bütün torpaqlarda, bütün şəhər və kəndlərdə qaldırılsın. Hər gün, hər saat biz bu müqəddəs məqsədə doğru gedirdik. Hər gün biz bu müqəddəs anı yaxınlaşdırırdıq və dəfələrlə deyirdim ki, hər birimiz, hərə öz yerində öz işi ilə bu günü yaxınlaşdırmalıdır."
Bəli, Prezident sözünə əməl etdi. Bu gün Azərbaycan torpaqlarının hər hissəsində bayrağımız dalğalanır. İşğal altında olan torpaqlarımızın azad olması üçün həm xarici, həm də daxili siyasətdə güclənmək lazım idi. İlk olaraq iqtisadi sahədə irəli getmək və nəticədə Azərbaycan ordusunu gücləndirmək, müasir silahlar əldə etmək lazım idi. Prezidentin qarşıya qoyduğu bu məqsədə nail olunması üçün hər sahədə, hər istiqamətdə inkişaf əldə etmək mütləq idi. Beləliklə, Prezident İlham Əliyevin də dediyi kimi, " Ötən illər ərzində Azərbaycan gücləndi, Azərbaycan dünya miqyasında özünə layiq yerini tuta bildi. Artıq Azərbaycanla dünyada hesablaşırlar. Ölkəmizin mövqeyi, dövlətimizin addımları nəinki bölgədə, daha da böyük coğrafiyada böyük məna daşıyır". Bütün bu nailiyyətlərin təməlində güclü idarəçilik və ağıllı yürüdülən siyasət durur. Və təbii ki, Azərbaycan ordusunun qalibiyyəti dövlətimizin gücünü göstərmiş oldu.Prezident İlham Əliyev: "Biz haqlı olaraq Silahlı Qüvvələrimizlə fəxr edirik. Ordumuzun gücləndirilməsi işində yorulmadan çalışdıq. Elə bir güclü ordu yaratdıq ki, bu gün Azərbaycan Silahlı Qüvvələri istənilən vəzifəni şərəflə yerinə yetirə bilər və biz bunu döyüş meydanında sübut etdik, həm Vətən müharibəsi dövründə cəmi 44 gün ərzində düşməni kapitulyasiya aktına imza atmağa məcbur etdik, eyni zamanda, keçən ay cəmi 23 saat davam edən antiterror əməliyyatı bizim gücümüzü göstərdi və yenə də düşmən ağ bayraq qaldıraraq təslim oldu". Biz Ordumuzla, Silahlı Qüvvələrimizlə fəxr edirik, onlar bizim qürur mənbəyimizdir. Təkcə Azərbaycan vətəndaşları yox, dünyada yaşayan on milyonlarla azərbaycanlı Azərbaycan əsgəri və zabiti ilə, Azərbaycan dövləti ilə haqlı olaraq fəxr edir. Bəli, həm Vətən Müharibəsi, həm də antiterror əməliyyatları ilə ordumuz düşmənə sarsıdıcı zərbələr endirdi. Antiterror əməliyyatları ilə separatçıların yuvasına çevrilmiş Xankəndi şəhəri ermənilərdən tamamilə azad edilib. Prezident İlham Əliyevin də dediyi kimi, "Qələbə əbədi bizimlə olacaq. Azərbaycan xalqı elə bir Qələbə qazanıb ki, həm dillər əzbəri olub, həm də bu Qələbə əbədi bizimlə olacaq. Bu Qələbə bizim tariximizdə əbədi olacaq. Bizdən sonra gələn nəsillər bu Qələbə ilə əbədi və haqlı olaraq fəxr edəcəklər". Beləliklə, əldə etdiyimiz qələbə hər birimizin fəxr, qürurla gəzəcəyi qələbədir. Yüz illiklər ərzində Azərbaycan ilk dəfə düşmənə bir parça torpağını vermədən ərazi bütövlüyünü təmin etdi. Bütün bu nailiyyətlər Azərbyacan ordusunun qüdrətini, dövlətimizin yenilməzliyini bir daha dünyaya göstərmiş oldu. Torpaqlarımızın hər qarışında ucaldılan şanlı bayrağımız əbədi olaraq dalğalanacaqdır.
Ceyhun Hüseynov,
Masallı RMX İƏ üzrə mütəxəssis