Sentyabrın 30-da Azərbaycan İlahiyyat İnstitutu (Aİİ) və Bakı İlahiyyat Kollecinə (BİK) 2024/2025-ci tədris ili üzrə qəbul olan tələbələrlə görüş keçirilib.
Tədbir Azərbaycan Respublikasının Dövlət himninin səsləndirilməsi ilə başlayıb, şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov tələbələri təbrik edərək, onlara nailiyyətlər arzulayıb. Bildirib ki, qalib bir dövlətin vətəndaşları olaraq hər birimizin üzərinə Azərbaycanın daha da güclənməsi üçün mühüm vəzifələr düşür. O, Aİİ və BİK-də təhsilə başlayan gənclərin bu məsuliyyəti dərk edərək, milli-mənəvi dəyərlərə, dövlətçilik ənənələrinə sadiq mütəxəssis kimi yetişəcəyinə inandığını vurğulayıb. Ramin Məmmədov qeyd edib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə dini sahəyə dövlət qayğısının növbəti təzahürü olaraq yaradılan təhsil ocaqlarında yeniyetmə və gənclərin milli köklərimizə bağlılıq, vətənpərvərlik ruhunda tərbiyə olunması, milli kadr kimi yetişməsi üçün hər cür şərait var.
Tədbirdə çıxış edən Azərbaycan İlahiyyat İnstitutunun rektoru Aqil Şirinov qeyd edib ki, institutda tələbələrin müasir dövrün çağırışlarına uyğun olaraq yüksək dini və dünyəvi elmlərə yiyələnmələri istiqamətində dövlət tərəfindən bütün zəruri addımlar atılıb. Yüksək səviyyəli peşəkar müəllim heyətinə malik bu təhsil ocağında tələbələr ödənişsiz dil kurslarında, dərnəklərdə iştirak etmək, habelə təqaüd almaq imkanlarına malikdirlər. A.Şirinov gənclərə tövsiyələrini çatdıraraq qarşıda duran hədəf və məqsədlərdən danışıb.
Bakı İlahiyyat Kollecinin direktoru Mehman İsmayılov bildirib ki, kollecin yaradılmasında əsas məqsəd dini fəaliyyətin təşkili sahəsində ixtisaslı kadrların hazırlanmasını təmin etməkdir. Bu etimadı doğrultmaq istiqamətində həm pedoqoji heyətin, həm də tələbələrin üzərinə mühüm vəzifələr düşür.
Daha sonra çıxış edən tələbələr institut və kollecdə peşəkar mütəxəssislərin yetişdirilməsi üçün yaradılan şəraitə görə ölkə rəhbərliyinə minnətdarlıqlarını ifadə ediblər.
Sonda 2024/2025-ci tədris ili üzrə yüksək göstəricilərlə qəbul olan tələbələrə qiymətli hədiyyələr təqdim olunub.
Qeyd edək ki, bu il Azərbaycan İlahiyyat İnstitutuna bakalavriat pilləsi üzrə qəbul planı tam dolub. Belə ki, instituta “İslamşünaslıq” ixtisası üzrə 42, “Dinşünaslıq” ixtisası üzrə 36 tələbə daxil olub. Bakı İlahiyyat Kollecinin də qəbul planı 100 faiz dolub və “Dini-mənəvi xidmət” ixtisasına 20 tələbə qəbul edilib.