Məhəbbət Kazımovun məclislərin birində “Meşəbəyi” oxuduğu videoya gələn rəyləri nəzərdən keçirirəm. Həmin videonun aşağı sağ küncündə 15.11.1993 tarixi qeyd olunub. Kimisi sənətkarın səsinə heyranlığını bildirir, kimisi isə öz doğma yurdunun — Laçının işğalı ərəfəsində bu təntənəli ifaya görə tənqidlərini yağdırır. Həmin şəxslərin prizmasından yanaşsaq, görünür, Məhəbbət səsini də Laçında qoyub çıxmalı imiş, amma buna cəsarəti çatmayıb, çünki bu səsə görə, ən azı, yaradanla hesablaşmaq lazım idi. Və Məhəbbət səsini Laçınla bir yerdə işğala qurban versəydi, nə bu gün onun haqqında danışılardı, nə də o ecazkar səs bunca xalq sevgisinə tuş gələrdi.
Məhəbbət Kazımov vəfat edən günə qədər — düz 22 il Laçına ağı dedi. Qartal olub Laçın dağlarında uçmaq, ilan olub torpağında sürünmək, yağış olub çöllərinə çilənmək arzusu ilə böyük bir həsrətin manifestinə çevrildi. Bu illər ərzində mübarizə ruhunda yaşamaqla yanaşı, bir doğma səs, bir tanış yanğı lazım idi ki, ona qulaq asıb rahat, heç kimin başa düşməyəcəyi kimi qəhərlənib göz yaşı tökəsən. Məhəbbətin səsi “Erməni qüvvələri 18 mayda Laçına daxil oldu və şəhər müqavimətsiz işğal edildi” cümləsi qədər dəhşətli idi və bu cümləni şəstinə sığışdırmayan həmin igid laçınlılar yalnız Məhəbbət Kazımovun səsinə utanmadan ağlaya bilərdilər!
2014-cü ildi, səkkizinci sinifdə oxuyuram və Məhəbbətin fanatı olduğumu bütün məktəb bilir; disklər, yüzlərlə səs yazısı, şəkillər və s. Birinci dərsin zəngi çalındı, sinif rəhbərimiz, Məhəbbət Kazımovun qapı qonşusu Natella müəllimə içəri daxil olub asta addımlarla masasına yaxınlaşdı. Əyləşdiyim parta müəllim stoluna bitişik idi. Müəllimimizin kefsiz halını görüb səbəbini soruşdum. Gözlərini qıyıb “Məhəbbət Kazımov öldü” kəlmələrini havaya uçurdu. Çantamı qucaqlayıb sinifin ortasındaca ağladım, qəti utanmadan. Yalnız Məhəbbətə utanmadan ağlamaq olardı, laçınlılar kimi…
Ətraflı
Saytların birində “Laçın şəhərində Məhəbbət Kazımovun həyat və yaradıcılığına həsr olunan ədəbi-bədii gecə təşkil olunub. Tədbir Laçın şəhərinin Həkəri bulvarında, açıq havada baş tutub” cümlələrini oxuyanda Məhəbbətin Laçına qayıtdığına görə sevindim. Məhəbbəti Laçına səsi qaytardı. Laçın işğal olunandan sonra xiffət eləyib mikrofonu yerə qoysaydı, Məhəbbəti Laçına nə aparacaqdı? Xəbəri görən kimi uzun illər sonra Natella müəlliməni tapıb demək istəyirdim ki, Məhəbbət Kazımov ölməyibmiş, məni aldatmısız…
Bu Məhəbbətin və Laçının taleyi idi. Laçında məhəbbətlə yaşanacaq talelərə!..
Nadir YALÇIN