Xalqın xilaskarı

Xalqın xilaskarı
  • Cəmiyyət

  • Doxsanıncı illər Azərbaycan xalqının həyatında təlatümlü illər kimi tarixə düşdü. Ömrünün sonunu yaşayan sovet rejiminin tənəzzülə uğraması, xalqın milli dirçəlişi, azadlıq hərakatının güclənməsi, sovet idarəetmə sistemində hakimiyyətin
    idarəetməni itirməsi ölkədə böhranlı vəziyyət yaratmışdı. yenidən müstəqillik qazanmaq kimi tarixi fürsəti əldə edən Azərbaycan qısa vaxtdan sonra onun itirilməsi təhlükəsi ilə üzləşdi. Ölkədə hakimiyyət böhranı 1993-cü ilin iyununda
    kulminasiya həddinə çatdı, xaos və anarxiya respublikanı bürüdü. Vətəndaş müharibəsi dərəcəsinə yüksəlmiş qarşıdurma nəinki dövlət müstəqilliyimizi, hətta
    milli varlığımızı belə birbaşa hədəfə aldı. Beləliklə, 1991-1993-cü illər ölkəmizin müasir tarixində hərc-mərclik, özbaşınalıq, avantürist eksperimentlər dövrü kimi xatırlanır. Bütün bunlar isə həmin dövrdə yeni yaradılmış müstəqil dövlətə liderlik
    xüsusiyyətlərinə malik olmayan, siyasi hadisələrə qiymət vermək, gələcəyi görmək imkanlarından məhrum olan, adi vəziyyətdən belə çıxış yolu tapmağa qadir olmayan şəxslərin rəhbərlik etməsinə görə baş verirdi. Hadisələri düzgün
    qiymətləndirə bilməyən ovaxtkı iqtidar əhali arasında gündən-günə nüfuzunu itirir, baş vermiş proseslərdən düzgün nəticə çıxara bilmirdi.

    Ümummilli lider Heydər Əliyev müstəqilliyimizin həmin mərhələsini belə xarakterizə edirdi: “Azərbaycan böyük təhlükə qarşısında idi. Çünki Azərbaycanın müstəqil yaşamasının əleyhinə olan həm daxildəki qüvvələr güclü idi, həm də Azərbaycan kimi böyük coğrafi-strateji əhəmiyyətə, zəngin təbii sərvətlərə malik olan ölkənin tam müstəqil olması başqa ölkələrdə bəzi dairələri qane etmirdi.
    Ermənistanın Azərbaycana etdiyi təcavüz və bunun nəticəsində Azərbaycanın zəifləməsi, məğlubiyyətə uğraması, ikinci tərəfdən də daxildə hakimiyyət çəkişməsi 1992-ci ilin iyun ayında hakimiyyətə gəlmiş qüvvələri bir ildən sonra
    hakimiyyətdən saldı, xalq özü saldı”. Azərbaycan torpaqlarının Ermənistan silahlı qüvvələri tərəfindən davamlı işğalı,
    getdikcə gərginləşən siyasi vəziyyət, əhalinin gündən-günə ağırlaşan sosial durumu ölkəni bu bəlalardan xilas edə biləcək, xalqı öz arxasınca aparmağa qadir liderə ehtiyac olduğunu şərtləndirirdi. Cəmiyyətin bütün təbəqələri əmin idi ki, müstəqilliyini yenicə bərpa etmiş ölkəni düşdüyü ağır və dözülməz vəziyyətdən çıxarmağa qadir yeganə şəxsiyyət məhz Heydər Əliyevdir.

    Əslində, bu, bütün xalqın ürəyinin səsi idi. Xalqımız Heydər Əliyevin ətrafında sıx birləşməklə öz gələcək taleyini özü həll etmək niyyətində idi. Beləliklə, 1993-cü il iyunun 9-da ulu öndər Heydər Əliyev xalqın çağırışına səs verərək Bakıya qayıtdı və Azərbaycan Xalq Cümhuriyyətinin taleyindən daha dəhşətli hadisələrin gözlənildiyi ölkəmizi bəlalardan, müsibətlərdən xilas etdi. Həmin gün, sözün həqiqi mənasında, ölkəmizin taleyində dönüş anı oldu, böyük qurtuluşa doğru mühüm addım atıldı. Xalqımızı nicata aparan yol bilavasitə həmin gündən başlandı. Heydər Əliyevin ikinci dəfə ölkə rəhbərliyinə gəlməsi Azərbaycanın ictimai-siyasi həyatında inqilabı dəyişikliklərlə xarakterizə olundu. Belə ki, ölkə daxilində separatçılıq qüvvələrinin qarşısı alındı, Dağlıq Qarabağ münaqişəsində atəşkəs müqaviləsi imzalandı və ordu quruculuğunda mühüm addımlar atıldı. Vətəndaşların sosial-iqtisadi vəziyyətində artım hiss edilməyə başlandı və iqtisadi problemlər əhəmiyyətli dərəcədə həll edildi. Eyni zamanda iqtisadi sahəni tənzimləyən proqressiv qanunlar qəbul edildi, o cümlədən xarici sərmayənin ölkəyə gətirilməsi məqsədilə qanunvericilik sahəsi təkmilləşdirildi. “Əsrin Müqaviləsi” imzalandı və bununla Azərbaycanın sonrakı illər iqtisadi inkişafının təməli qoyuldu. Heydər Əliyevin uğurlu enerji siyasəti nəticəsində xarici neft şirkətləri “Əsrin Müqaviləsi” çərçivəsində Azərbaycan iqtisadiyyatına 9
    milyard dollar həcmində vəsait yatırdılar.

    Əsrin Müqaviləsi çərçivəsində istehsal edilən xam neftin dünya bazarlarına çıxarılması üçün Bakı-Tiflis-Ceyhan neft borukəmərinin inşa edilməsi məsələsi uğurla həll edildi.
    İkitərəfli və çoxtərəfli görüşlər, intensiv xarici səfərlər nəticəsində Azərbaycan informasiya blokadasından çıxmağa nail oldu.Dünya ictimaiyyəti Ermənistanı bir işğalçı dövlət kimi tanıdı. Sonrakı illərdə Heydər Əliyev Ermənistanın adını bir sıra beynəlxalq sənədlərə işğalçı dövlət kimi salmağa müvəffəq oldu. Bütün bunlar Azərbaycanın gələcək inkişafının məhək daşı oldu. Bu möhkəm, əbədi təməl üzərində bu gün Azərbaycan bütün sahələrdə uğurla irəliləyir, dünyanın inkişaf etmiş lider ölkələrindən birinə çevrilir.




    SƏBİNƏ SƏLİMOVA,
    YAP Masallı Rayon Təşkilatının əməkdaşı.
    PAYLAŞ:

    Oxşar xəbərlər