Bu gün Azərbaycan dövləti bir çox dövlətlərlə yanaşı, Slovakiya ilə də münasibətlərin daha da dərinləşməsi, yeni strateji səviyyəyə çatdırılması üçün böyük əhəmiyyət kəsb edəcək qərarların, sənədlərin qəbul edilməsinə diqqət ayırır. Azərbaycan-Slovakiya əlaqələri ötən illər ərzində çox uğurla inkişaf edib. Mayın 7-də Slovakiya Respublikasının Baş naziri Robert Fitsonun ölkəmizə rəsmi səfəri əlaqələrin dinamik inkişafına əsaslanır. Slovakiya Respublikasının Baş naziri Robert Fitsonun Azərbaycan Respublikasına rəsmi səfəri Avropa İttifaqına üzv ölkələr arasında əməkdaşlığın yüksələn xətt üzrə inkişaf etdiyini bir daha təsdiqləmiş oldu və iki ölkə arasında münasibətlərin dünəni, bugünu və gələcəyi barədə aydın təsəvvür yaratdı.
Azərbaycanın xarici siyasətinin əsas tərkib hissələrindən biri ayrı-ayrı dövlətlərlə ikitərəfli əlaqələrin qurulması və yeni istiqamətlər üzrə inkişaf etdirilməsidir. Qarşılıqlı səfərlər çərçivəsində müzakirə olunan məsələlər, imzalan sənədlər bu əlaqələrin yüksələn xətlə inkişafında stimulverici amil rolunu oynayır.
Slovakiya Respublikası Azərbaycan Respublikasının müstəqilliyini 24 yanvar 1992-ci ildə tanımışdır. İki ölkə arasında diplomatik münasibətlər 23 noyabr 1993-cü ildə qurulmuşdur. Slovakiya Respublikasının Azərbaycan Respublikasındakı səfirliyi 1 oktyabr 2019-cu ildən fəaliyyət göstərir. Azərbaycan Respublikasının Slovakiya Respublikasının Bratislava şəhərində səfirliyi 28 iyul 2023-cü ildə təsis edilmişdir. İkitərəfli münasibətlərin genişlənməsində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 18 mart 2004-cü ildə Slovakiya Respublikasına işgüzar səfəri böyük rol oynayıb. Azərbaycanda bu gün Slovakiya şirkətləri fəaliyyət göstərir və bu şirkətlər Azərbaycanda yol tikintisi, müxtəlif layihələrin həyata keçirilməsi ilə məşğuldurlar.
Slovakiya Respublikası Azərbaycanın Cənubi Qafqazdakı strateji yerini və rolunu yüksək qiymətləndirir, son illərdə ölkəmizlə çoxşaxəli əməkdaşlığın gücləndirilməsinə mühüm diqqət yetirir. Bu baxımdan dövlət başçılarının qarşılıqlı səfərləri əlaqələrin daha da gücləndirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Slovakiya Respublikasının Baş naziri Robert Fitsonun iştirakı ilə “Azərbaycan Respublikası ilə Slovakiya Respublikası arasında strateji tərəfdaşlığın yaradılması haqqında Birgə Bəyannamə”, “Azərbaycan Respublikasının Müdafiə Sənayesi Nazirliyi ilə Slovakiya Respublikasının Müdafiə Nazirliyi arasında hərbi-texniki əməkdaşlıq sahəsində Anlaşma Memorandumu” və “Azərbaycan Respublikasının Müdafiə Nazirliyi ilə Slovakiya Respublikasının Müdafiə Nazirliyi arasında müdafiə sahəsində əməkdaşlıq haqqında Saziş” əməkdaşlıq əlaqələrinin daha da güclənməsi üçün yeni perspektivlər açacaqdır. Dövlət başçısı İham Əliyev mətbuata bəyanatında səfər çərçivəsində strateji tərədaşlıq haqqında birgə Bəyannamənin imzalanmasını önə çəkərək bildirdi ki, “Bu gün Slovakiya-Azərbaycan əlaqələrinin tarixində çox əlamətdar bir gündür. Hörmətli cənab Baş nazir Azərbaycana səfər edir və səfər çərçivəsində strateji tərəfdaşlıq haqqında Birgə Bəyannamə imzalanmışdır. Bu, çox ciddi siyasi sənəddir və bizim əlaqələrimizi ən yüksək səviyyəyə qaldıran sənəddir. Strateji tərəfdaşlıq Bəyannaməsində əks olunan maddələr bizim niyyətimizi əks etdirir, eyni zamanda, gələcək əməkdaşlığın perspektivlərini də müəyyən edir.Hesab edirəm ki, bu gün Slovakiya-Azərbaycan əlaqələrində yeni səhifə açılır və ümid edirəm, bizim müştərək yolumuz çox uğurlu olacaq.”
Səfər iki ölkə arasında əlaqələrin inkişafında yeni səhifə kimi dəyərləndirildi. Bu yeni səhifəyə əsas verən iki ölkə arasında imzalanan sənədlər oldu. Belə ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Slovakiya Respublikasının Baş naziri Robert Fitsonun iştirakı ilə “Azərbaycan Respublikası ilə Slovakiya Respublikası arasında strateji tərəfdaşlığın yaradılması haqqında Birgə Bəyannamə”, “Azərbaycan Respublikasının Müdafiə Sənayesi Nazirliyi ilə Slovakiya Respublikasının Müdafiə Nazirliyi arasında hərbi-texniki əməkdaşlıq sahəsində Anlaşma Memorandumu” və “Azərbaycan Respublikasının Müdafiə Nazirliyi ilə Slovakiya Respublikasının Müdafiə Nazirliyi arasında müdafiə sahəsində əməkdaşlıq haqqında Saziş” imzalandı.
Səfər çərçivəsində xüsusilə yadda qalan məqamlardan biri də Slovakiya şirkətləri tərəfindən Ağdamın Qərvənd kəndinin yenidən qurulması oldu.Siyasi münasibətlərin daha da möhkəmləndirilməsinin bilavasitə iqtisadi münasibətlərin dinamik inkişaf zərurəti ilə şərtləndiyini nəzərə alan tərəflər ölkələrimiz və xalqlarımız arasında siyasi, iqtisadi, humanitar sahələrdə əməkdaşlıq əlaqələrinin arzuolunan səviyyədə inkişaf etdirilməsini son dərəcə vacib bilirlər. Azərbaycanın iqtisadi baxımdan bölgədə lider rolunu oynaması, regionda və beynəlxalq aləmdə nüfuzunun daim artması əlaqələrimizin genişlənməsi üçün yaxşı zəmin yaradır.
Əntiqə Tağıyeva,
Masallı Tarix-Diyarşünaslıq Muzeyinin direktoru