
Əsası 1992-ci ildə qoyulan NATO-Azərbaycan əlaqələri qarşılıqlı əməkdaşlıq prinsipləri əsasında inkişaf edir. 1994-cü ildən etibarən «Sülh Naminə Tərəfdaşlıq» proqramına qoşularaq NATO ilə əlaqələri möhkəmləndirən Azərbaycan Şimali Atlantika dünyada sabitliyin qorunması naminə həyata keçirdiyi bütün tədbirlərdə layiqincə təmsil olunur. Demokratik dəyərlərə və prinsiplərə sadiqlik əsasında inkişaf edən bu münasibətlərin nəticəsidir ki, ölkəmizdə ordu quruculuğu ilə bağlı islahatlar NATO standartlarına uyğun təkmilləşir, müdafiə qüdrətimiz möhkəmlənir. Dünyanın ən güclü siyasi-hərbi təşkilatı, ABŞ və Avropanın bir neçə dövlətini birləşdirən NATO-nun Lissabon, Brüssel, Çikaqo, Uels Vaşinqton Zirvə görüşlərində, nüvə təhlükəsizliyi məsələsinə həsr olunmuş Koreya, Çikaqo sammitlərində, Münxen Təhlükəsizlik Konfransında məntiqli çıxışları ilə diqqət çəkən Prezident İlham Əliyevin dünyada sülhün, əmin-amanlığın qorunması naminə irəli sürdüyü təkliflər maraqla qarşılanıb.
NATO PA-nın «Cənubi Qafqaz: Çağırışlar və imkanlar» mövzusunda 86-cı Rouz-Rout seminarının Bakıda keçirilməsi, Əfqanıstanda, İraqda , Kosovada sülhyaratma missiyasını həyata keçirən Alyansın qüvvələri tərkibində əməliyyatlarda iştirak edən Azərbaycanın əsgər və zabitlərinin döyüş hazırlığının, nizam –intizamının yüksək dəyərləndirilməsi, ölkəmizə minnətdarlıq məktublarının göndərilməsi sübut edir ki, bölgənin ən güclü ordusuna malik Azərbaycan Şimali Atlantikanın ən etibarlı müttəfiqidir.
Hava məkanından istifadə və tranzit marşrutları vasitəsilə göstərdiyi siyasi dəstəyə görə ölkəmizə minnətdarlığını bildirən NATO təmsilçiləri dəfələrlə bildirmişlər ki, XXI əsrdə qloballaşan dünyada təhlükəsizlik çağırışlarına dəstək göstərən, müxətlif illərdə beynəlxalq müdafiə sərgilərinə ev sahibliyi edən rəsmi Bakı ilə əməkdaşlıqda israrlıyıq, dialoqumuzun və əlaqələrimizin güclü potensialı vardır. İllərin təcrübəsi göstərir ki, NATO-Azərbaycan dialoqunun möhkəm təmələ əsaslanan əməkdaşlıq formatı təkmilləşir, beynəlxalq layihələrin təşəbbüskarı olan Azərbaycanın NATO ilə münasibətləri Avrasiya məkanında əməkdaşlıq imkanlarını genişləndirir.
NATO-nun Baş katibinin Prezident İlham Əliyevlə telefon danışığı, dövlət başçımıza edilən minnətdarlıq İkinci Qarabağ müharibəsindəki tarixi Qələbəsi ilə regionda yeni reallıqlar yaradan Azərbaycana artan marağın ifadəsidir. Dünya siyasətində həlledici rola malik qlobal güc mərkəzləri ilə münasibətlərini milli maraq və tərəflərin mənafelərinə uyğun formalaşdırmaqla bölgədə təhlükəsizliyə və əməkdaşlığa böyük töhfələr verən Azərbaycana göstərilən belə yüksək etimad qarşıdakı illərdə NATO-Azərbaycan əməkdaşlığının yeni istiqamətlərinin ifadəsidir. Yaranan geniş imkanlar, dünya siyasətinin tələblərinə, müasir dövrün çağırışlarına uyğun mövqeyi ilə fərqlənən ölkəmizə göstərilən dəyərlər diplomatiyamızın növbəti uğurudur.
Bu günlərdə NATO-nun Baş katibi Yens Stoltenberqin Prezident İlham Əliyevə zəng edərək ötən il Brüsselə səfəri çərçivəsində və NATO-nun ali orqanı olan Şimali Atlantika Şurasında çıxışına görə dövlət başçımıza təşəkkürünü bildirməsi adı dünyanın ən güclü orduları sırasında çəkilən Azərbaycana göstərilən etimad, qarşılıqlı əməkdaşlığa verilən töhfədir,
Telefon söhbəti zamanı Azərbaycan-NATO əlaqələrinin inkişafından məmnunluq ifadə olunub, Cənubi Qafqaz regionunda postmünaqişə vəziyyəti, Ukrayna ətrafında cərəyan edən proseslərə və dünya enerji bazarındakı mövcud duruma dair fikir mübadiləsi aparılıb. Alyansın Baş katibi Avropanın etibarlı qaz təchizatçısı olmasına və qaz ixracını artırmasına görə Azərbaycana təşəkkürünü ifadə edib. Prezident İlham Əliyev Azərbaycanın enerji məhsulu növlərinin önəmli ixracatçısı kimi etibarlı tərəfdaş olaraq qalmaqda davam edəcəyini diqqətə çatdırıb.
Göründüyü kimi 30 il Ermənistanın işğalı altında qalan torpaqlarımızı 44 gün davam edən İkinci Qarabağ müharibəsində qazandığı Qələbə ilə azad edən Azərbaycanın bu tarixi Zəfəri beynəlxalq səviyyədə dəstəklənir.
Beynəlxalq səviyyədə belə Cənubi Qafqazın lider dövləti kimi tanınan, qlobal enerji, kommunikasiya- nəqliyyat layihələri, faydalı təşəbbüsləri, hədəfə ünvanlanmış çağırışları dəstəklənən Azərbaycanın daxili və xarici siyasəti, bölgədə yaratdığı yeni reallıqlar, irəli sürdüyü təkliflər dünyanın ən güclü hərbi təşkilatı olan NATO tərəfindən də yüksək dəyərləndirilir. Dünya siyasətində aktuallığı ilə diqqəti cəlb edən, Mərkəzi Asiya, Xəzər regionu, Aralıq dənizi ölkələrinə çıxış istiqaməti olan, geniş sosial-iqtisadi, geosiyasi və geostrateji xüsusiyyətlərə sahib olacaq Zəngəzur dəhlizinin açılması ilə bağlı Azərbaycanın göstərdiyi qətiyyət NATO səviyyəsində də dəstəklənir. Prezident İlham Əliyev ilə NATO-nun Baş katibi Yens Stoltenberqin Brüsseldə Alyansın mənzil-qərargahında birgə mətbuat konfransının təşkili də dünyada sabitliyin təminatına böyük töhfələr verən Azərbaycanla dialoqun və qarşılıqlı anlaşmanın önəmini göstərir.
Ceyhun Hüseynov,
Masallı RMX, İƏ üzrə mütəxəssis