5 dekabr 2023-cü il tarixdə “Heydər Əliyev İli” çərçivəsində Masallı şəhər Gənclər Evinin böyük akt zalında "Heydər Əliyev və statistika" mövzusunda elmi-praktiki konfrans keçirilib. Tədbir başlamazdan əvvəl Masallı rayonunun mərkəzində ucaldılan Ulu Öndərin abidəsi ziyarət edilib.
Sonra Dövlət Himni səsləndirilib.
Daha sonra Ümummilli Lider Heydər Əliyevin və 44 günlük Vətən müharibəsində canından keçən qəhrəman şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə Masallı Rayon İcra Hakimiyyətinin Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdirinin müavini Niyazi Bağırov tədbir iştirakçılarını ilk öncə rayon rəhbəri Araz Əhmədovun adından salamlayaraq qeyd edib ki, xaricdə, ölkəmizdə, o cümlədən Masallı rayonunda Ulu Öndərin anadan olmasının 100 illiyi əlaqədar müxtəlif silsilə tədbirlər keçirilir. Bu gün də biz RİH və Statistika idarəsinin birgə təşkilatçılığı ilə “Heydər Əliyev və statistika” mövzusunda konfransa yığışmışıq. -Ölkəmizin çoxəsrlik dövlətçilik tarixində Heydər Əliyevin müstəsna yeri vardır. Belə ki, Ulu Öndərinhəm birinci, həm ikinci siyasi hakimiyyətdə olduğudövrlərdə xalqımızın tarixi taleyində oynadığı misilsiz rolu daim xatırlanır. Bu dövrlər Azərbaycanın xilası və xalqın özünə qayıdış tarixidir. Dünya şöhrətli siyasi xadim öz müdrik fəaliyyəti ilə müasir tariximizin ən şanlı və parlaq salnaməsini yaradıb. Buna görə də Ümummilli Liderimizin xalqa xidmətdə keçmiş parlaq və mənalı ömrünün hər anı siyasi təqvimimizdə özünə məxsus yerə malikdir. İqtisadiyyat hər bir dövlətin inkişafının əsasını təşkil edir. Ona görə də ölkələr iqtisadiyyatın daha da inkişaf etdirilməsinə xüsusi diqqət yetirir. Çünki iqtisadiyyatı zəif olan bir dövləti heç zaman güclü hesab etmək olmaz. Dövlətin inkişafında onun iqtisadi üstünlüyü əsas rol oynayır. Bu baxımdan Azərbaycanda iqtisadi inkiaf üçün bütün imkanlar yaradılmışdır. Görkəmli şəxsiyyət Heydər Əliyevin hakimiyyəti dövründə müstəqil iqtisadiyyatımızın təşəkkülü, ardıcıl sosial-iqtisadi islahatların həyata keçirilməsi, bu sahənin dayanıqlı inkişafını təmin edəcək qanunvericilik bazasının yaradılması və təkmilləşdirilməsi sahəsində görülən işlər Azərbaycanın iqtisadi inkişafına xeyli təkan vermişdir. Respublika iqtisadiyyatında istehsalın sürəti genişlənmiş, məhsuldarlıq yüksəlmiş, böyük uğurlar, naliyyətlər qazanılmış, elmi-texniki tərəqqidə böyük irəliləyişlər baş vermiş, yeni və müasir istehsal sahələri yaradılmış, əhalinin maddi rifah halı və mənəvi vəziyyəti əhəmiyyətli dərəcədə yaxşılaşmışdır, — deyə RİHB-nın şöbə müdiri Niyazi Bağırov söhbətinə davam edib: — Bu gün Ulu öndərin siyasi kursunun layiqli davamçısı Möhtərəm Prezident İlham Əliyevin siyasi hakimiyyəti dövründə iqtisadiyyatın ayrı-ayrı sahələrində iqtisadi inkişafa nail olunmuş və Azərbaycan regionun ən güclü iqtisadi ölkəsinə çevrilmişdir.
Regionların sosial-iqtisadi inkişaf proqramlarının icrası Masallı rayonunda da uğurla icra olunur. Masallı Rayon İcra Hakimiyyətinin başçısı cənab Araz Əhmədovun tapşırığına əsasən rayonun iqtisadi və sosial inkişafı daim diqqət mərkəzindədir. Rayon Statistika İdarəsi ilə birlikdə iqtisadi sosial inkişafı xarakterizə edən göstəricilərlə daim tanış olur, öz dəstəyimizi daim onlara göstəririk.
Masallı Rayon Statistika İdarəsinin rəisi Ramin Bəgəlizadə Ulu Öndərin Statistika sahəsinə göstərdiyi diqqət və qayğıdan bəhs edərək, məhz onun dövründə “Rəsmi statistika haqqında” qanunun qəbul edilməsiilə statistika tarixində xüsusi dövrün başladığını vurğuladı.
Masallı rayonunda çıxan "Yeni həyat" ictimai — siyasi qəzetinin və eyni adlı saytın Baş redaktoru Əlihüseyn Şükürov xəbər verir ki, digər çıxış edənlər Ümummilli Lider Heydər Əliyevlə bağlı çıxışlarında dahi insanın fədəkar əməyi sayəsində Azərbaycanın böyük uğurlara imza atdığını vurğulayıblar. Onlar qeyd ediblər ki, bütün ömrünü Azərbaycanın inkişafına sərf edən, müstəqil dövlətimizin çiçəklənməsi üçün yorulmaq bilmədən çalışan Ümummilli Lider Heydər Əliyevin əziz xatirəsi qədirbilən xalqımızın yaddaşından heç zaman silinməyəcək.
Tədbirdə Masallı Rayon Statistika İdarəsinin əməkdaşları rayonun sosial-iqtisadi inkişafını xarakterizə edən göstəricilər haqqında ətraflı məlumat verdilər.
Diskursiya şəraitində keçən tədbirdə iştirakçıların sualları cavablandırılıb.
Tədbirin sonunda statistik hesabatları vaxtında və keyfiyyətli təqdim edən respondentlər mükafatlandırılıb.
ƏLİHÜSEYN ŞÜKÜROV