Azərbaycanda qızılcaya yoluxma ilə bağlı son durum açıqlanıb.
Bu barədə TƏBİB-in mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, bir xəstəliyin yayılması zamanı onun pandemiya və ya epidemiya halına çevrilməsini epidimoloqlar müəyyən edirlər: "Qızılcanın peyvəndlə qarşısı alına bilinən bir xəstəlik olduğunu, 20-ci əsrin 60-cı illərindən başlayaraq sözügedən xəstəliyə qarşı bütün yenidoğulmuşlara peyvənd vurulduğunu, hazırda peyvənd vurulmuş çoxsaylı insan olduğunu və xəstəliyin əsasən ölkə ərazisində yayıldığını nəzərə aldığımız təqdirdə hər hansı bir pandemiyaya çevrilmə halından bəhs edilə bilməz".
Məlumata görə, ölkə ərazisində tək-tək qızılcaya yoluxma halları qeydə alınır:
"Qızılca xəstəliyi əsasən peyvəndlənməmiş insanlarda ağırlaşmalarla müşahidə oluna bilər. Bununla yanaşı, hər hansı bir səbəbdən immun çatışmazlığı olan uşaqlarda (xüsusən, 5 yaşa qədər) xəstəliyin ağırlaşmaları qeyd olunur".
TƏBİB-in məlumatına görə, hazırda bütün səhiyyə qurumları xəstəliyin yayılmasının profilaktikası, erkən aşkarlanması, xəstələrin müşahidəsi, zəruri hallarda stasionar müalicə ilə təmin olunması istiqamətində sıx əməkdaşlıq edirlər.