AMEA-da yeniləşmə prosesləri: struktur islahatlarından elmi tədqiqatların yenidən təşkilinə, elektron hərəkata və beynəlxalq elmi qurumlarda təmsil olunmağadək

AMEA-da yeniləşmə prosesləri: struktur islahatlarından elmi tədqiqatların yenidən təşkilinə, elektron hərəkata və beynəlxalq elmi qurumlarda təmsil olunmağadək
  • Cəmiyyət

  • Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən həyata keçirilən dövlət siyasəti nəticəsində Azərbaycan regionda və dünyada böyük nüfuz qazanmış, öz sosial-iqtisadi inkişafının keyfiyyətcə yeni mərhələsinə qədəm qoymuşdur. Hazırda yeni sosial-iqtisadi inkişaf modelinin gerçəkləşməsinə xidmət edən dövlət ideologiyasının nüvəsini intellektual inkişaf modelinə əsaslanan biliklər cəmiyyətinin qurulması, innovasiyaları dəstəkləyən əqli mülkiyyətin inkişafı təşkil edir.

    Bu sözləri Akademiyanın Ümumi yığıncağında AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli “AMEA-da yeniləşmə prosesləri: struktur islahatlarından elmi tədqiqatların yenidən təşkilinə, elektron hərəkata və beynəlxalq elmi qurumlarda təmsil olunmağadək” adlı məruzəsində deyib.

    Akademik İsa Həbibbəyli qeyd edib ki, hazırda elmin inkişafı dövlətin 2030-cu ilə qədərki müddəti əhatə edən inkişaf proqramlarında, rəsmi sənədlərində əsas strateji hədəflərdən biri olaraq qəbul edilir və nəzərdə tutulan müddət ərzində elmin müxtəlif sahələri üzrə tədqiqatların genişləndirilməsi, müasir təfəkkürlü və kreativ düşüncəli gənclərin erkən vaxtlardan elmi araşdırmalara cəlb edilməsi, elmi tədqiqatların rəqabətli və məqsədli maliyyələşdirilməsi mexanizminin yaradılması, texnologiyaların kommersiyalaşdırılması, innovativ inkişafda onların prioritetliyinə nail olunması planlaşdırılır.

    Dövlət siyasətinə uyğun olaraq, 2022-ci ilin sonlarından başlayaraq AMEA-da yeni islahatlara start verildiyini deyən akademik İsa Həbibbəyli bu islahatların, əsasən, ictimai və humanitar profilli elmi müəssisələrdən ibarət Akademiyanın dövlətin ideoloji və mədəni-mənəvi siyasətinin həyata keçirilməsindəki rolunun artırılmasına, Azərbaycan xalqının etnogenezinin, arxeologiyasının, etnoqrafiyasının, dilinin, folklorunun, ədəbiyyatının, maddi və qeyri-maddi mədəni abidələrinin, qədim əlyazmalarının, mədəniyyətinin, incəsənətinin, milli-memarlıq məktəblərinin, tarixinin, müasir çağırışlar, nəzəri-metodoloji və sosial-antropoloji baxışlar, o cümlədən Azərbaycançılıq prinsipləri əsasında araşdırılmasına yönəldiyini bildirib. Həmçinin vurğulayıb ki, eyni zamanda yeni dövrləşdirilmə konsepsiyası əsasında Azərbaycan ədəbiyyatı tarixinin yazılması, Azərbaycançılıq ideologiyasının və multikulturalizm konsepsiyasının elmi-nəzəri əsaslarının tədqiqi, müasir dünya fəlsəfəsinin və hüquq elminin müxtəlif problemlərinin öyrənilməsi, sosiologiya, politologiya, psixologiya, o cümlədən şərqşünaslıq və qafqazşünaslıq sahəsində tədqiqatların həyata keçirilməsi, müasir nəzəri prinsiplər əsasında iqtisadi tədqiqatların aparılması da diqqət mərkəzində saxlanılıb.

    Qeyd olunan elmi istiqamətlərə uyğun olaraq bir sıra digər elmi-təşkilati tədbirlərin də həyata keçirildiyini deyən akademik İsa Həbibbəyli vurğulayıb ki, beynəlxalq elmi əlaqələrin yeni ideoloji əsaslar üzərində qurulması, xüsusən türkdilli ölkələr və onların elmi qurumları ilə əlaqələrin gücləndirilməsi, Akademiyanın nüfuzlu beynəlxalq qurumlara üzvlüyünün təmin edilməsi, elmi istiqamətlərlə elmi müəssisələrin strukturu arasında optimal struktur modellerinin müəyyənləşdirilməsi, paralelliklərin aradan qaldırılması qeyd olunan təşkilati tədbirlər sırasına daxildir.

    Elm və təhsilin inkişafı ilə bağlı ən mühüm hadisələrdən birinin Prezident İlham Əliyevin “Azərbaycan Respublikasında elm və təhsil sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” 28 iyul 2022-ci il tarixli Fərmanı olduğunu bildirən akademik İsa Həbibbəyli sözügedən sənədin icrasından irəli gələn məsələlərin həlli məqsədilə AMEA-nın Rəyasət Heyətinin və AMEA-nın Ümumi yığıncağının müvafiq qərarlar qəbul etdiyini, kompleks tədbirlər həyata keçirdiyini söyləyib.

    Həmçinin qeyd edib ki, görkəmli dövlət xadimi Heydər Əliyevin 100 illik yubileyi ilə bağlı respublikada həyata keçirilən tədbirlər içərisində Akademiya rupora, flaqmana çevrilib, AMEA-da konkret Tədbirlər planı çərçivəsində Heydər Əliyev irsinin tədqiqi, çoxsaylı tədbirlərin keçirilməsi, müxtəlif nəşrlərin reallaşdırılması istiqamətində çoxşaxəli tədbirlər görülüb. Bu istiqamətdə, o cümlədən “Heydər Əliyev: lider, zaman və müasirlik” mövzusunda AMEA-nın Ümumi yığıncağının xüsusi iclasınının keçirildiyini, olduqca fundamental bir nəşr olan “Heydər Əliyev Ensiklopediyası”nın hazırlanmağa başladığını deyib.

    “Hazırki şəraitdə Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın öz ərazi bütövlüyünü və suverenliyini tam bərpa edərək regionda və dünyada böyük nüfuz qazandığı bir dövrdə dövlət siyasətinin mühüm prioritetlərindən birini Qərbi Azərbaycana qayıdış konsepsiyası təşkil edir. Bu dövlət siyasəti bütün digər qurumlarla yanaşı, AMEA qarşısında da bir sıra yeni vəzifələr müəyyənləşdirir. AMEA-da Qərbi Azərbaycanla bağlı kompleks tədbirlərin həyata keçirilməsini təmin etmək məqsədilə Əlaqələndirmə şurası Tədbirlər planı hazırlayıb. Həmçinin AMEA-nın Folklor İnstitutunda Qərbi Azərbaycan folkloru, Tarix İnstitutunda Qərbi Azərbaycan tarixi, Nəsimi adına Dilçilik İnstitutunda isə Qərbi Azərbaycan toponimlərinin tədqiqini nəzərdə tutan Toponimika şöbələri yaradılıb”, - deyə AMEA prezidenti diqqətə çatdırıb.

    AMEA-da başlanan və sürətlə davam etdirilən “Elektron Akademiya” hərəkatının həyata keçirilməsi üçün aparılan elmi-təşkilati işlərin struktur islahatlarının miqyasını daha da genişləndirdiyini deyən akademik İsa Həbibbəyli hazırda Milli Elmlər Akademiyası özünün yeniləşmə hərəkatı mərhələsini yaşamaqda olduğunu vurğulayıb.

    Bildirib ki, AMEA Rəyasət Heyətinin 18 yanvar 2023-cü il tarixli qərarı ilə AMEA Rəyasət Heyəti aparatının strukturunda daxili imkanlar hesabına Elmlər Akademiyaları sistemində ilk dəfə olaraq “Elektron Akademiya” şöbəsi yaradılıb. Ötən müddət ərzində “Elektron Akademiya” şöbəsi tərəfindən “Vikipediya” virtual ensiklopediyasının Azərbaycan dili bölməsinin zənginləşdirilməsi, AMEA elmi jurnallarının Rəqəmsal Obyekt İndetifikatoru (DOİ) ilə təmin edilməsi, AMEA-nın dövri elmi jurnallarının nüfuzlu beynəlxalq elmmetrik elektron baza reyestrlərinə daxil olunmasını təmin etmək məqsədi ilə onların saytlarının həmin tələblərə uyğunlaşdırılması, elmi müəssisələrin saytlarının və sosial şəbəkə profillərinin fəaliyyətinin müntəzəm olaraq monitorinqinin təşkil edilməsi, AMEA-nın elmi jurnallarının TÜBİTAK-ın ULAKBİM DərgiParkı-na daxil edilməsi, türkdilli elmi mühitdə yayımlanması və istinadların qeydə alınması istiqamətində mühüm işlərin həyata keçirildiyini bildirib. Eyni zamanda AMEA əməkdaşlarının fəaliyyətinin elmi indeksləşdirmə və xülasələndirmə bazalarına inteqrasiya edilməsi məqsədilə “Google Scholar”, “Academiya.edu”, “ORCİD”, “ResearchGate” və s. bazalarda profillərinin yaradılması və fəallığının təşkil edilməsi üçün zəruri tədbirlərin icrasının təmin olunduğunu söyləyib.

    Akademik İsa Həbibbəyli həyata keçirilən islahatların mühüm istiqamətlərindən birini beynəlxalq əlaqələrin müasir tələblər səviyyəsində yenidən qurulmasının təşkil etdiyini deyib. Həyata keçirilən tədbirlər nəticəsində AMEA-nın Asiya Elmlər Akademiyaları və Cəmiyyətləri Assosiasiyasına (AASSA), Avrasiya Universitetlər Birliyinin (EURAS) və Beynəlxalq Elmi Şuranın rəsmi üzvlüyünə, AMEA-nın “Elm” Nəşriyyatı isə Avropa Elmi Redaktorlar Assosiasiyasına üzv kimi qəbul edildiyini vurğulayıb. Bundan əlavə, dövlət siyasətinə adekvat olaraq Türkiyə Cümhuriyyəti ilə elmi əməkdaşlıq əlaqələrinin görünməmiş bir səviyyəyə yüksəldiyini, Pakistan İslam Respublikası ilə əlaqələrin daha da genişləndirildiyini diqqətə çatdırıb. Son vaxtlarda isə Bolqarıstan, Qazaxıstan, Xorvatiya Elmlər akademiyaları, Özbəkistanın universitetləri ilə imzalanan sənədlərin elmi əlaqələrin daha da genişləndirilməsinə təkan verdiyini bildirib.

    Həmçinin AMEA-da gənclərin elmə cəlb edilməsi, onların fəaliyyətinin stimullaşdırılması ilə bağlı məqsədyönlü işlərin aparıldığını, “İlin Gənc alimi” mükafatının təsis edildiyini və “Gənc tədqiqatçı” jurnalının sayının ildə 4 dəfəyə (biri ingiliscə) qədər artırıldığını vurğulayıb.

    Akademik İsa Həbibbəyli ölkə başçısı tərəfindən AMEA-nın yeni Nizamnaməsinin təsdiq edilməsinin 80 ilə yaxın şərəfli bir inkişaf yolu keçmiş və bütün dövrlərdə ölkənin sosial-iqtisadi və mədəni-mənəvi inkişafına mühüm töhfələr vermiş Elmlər Akademiyasının müasir dövrdə, ölkəmizin dünyada və regionda geosiyasi və iqtisadi arxitektonikanın müəyyənləşməsində əsas faktora çevrildiyi bir vaxtda yeni tərəqqi mərhələsinə qədəm qoyması baxımından mühüm əhəmiyyətə malik olduğunu deyib.

    AMEA rəhbəri çıxışının sonunda qeyd edib ki, Azərbaycan alimləri ölkə başçısının ətrafında sıx birləşir, Prezident İlham Əliyevin liderliyində dövlətimizin həyata keçirdiyi daxili və xarici siyasəti ürəkdən dəstəkləyir və bu gün beynəlxalq arenada söz sahibinə çevrilmiş Azərbaycanın daha da inkişafı naminə fəaliyyətlərini bundan sonra da var qüvvələri ilə davam etdirəcəklər.

    Qeyd olunanları nəzərə alaraq, AMEA-nın Ümumi yığıncağı son bir il ərzində AMEA-da həyata keçirilən çoxşaxəli islahatları qənaətbəxş hesab edib və müvafiq tapşırıqlar verib.

    Müəllif: Leqal.az

    PAYLAŞ:

    Oxşar xəbərlər