Bu gün Azərbaycanda müxtəlif siyasi-iqtisadi, mədəni istiqamətlərdə islahatların şahidi oluruq. Bu islahatlar dalğası nəinki Azərbaycanın, bütövlükdə Cənubi Qafqazın siyasi palitrasında ən güclü, prioritet təşkilat olan Yeni Azərbaycan Partiyasından da yan keçmədi. Martın 5-də keçirilən qurultay YAP-ın bu gününü və gələcək perspektivlərini müəyyənləşdirdi. Bu, islahatların həyata keçirilməsi ölkəmizdə çox mühüm siyasi dialoq mərhələsinin əsası kimi yadda qalacaq. Əsas məsələ, heç şübhəsiz ki, Azərbaycanda siyasi həmrəyliyin gücləndirilməsinə, hakim partiyanın qarşıya qoyduğu vəzifələrə daha tez çatmasına hesablanmışdı.
Prezident İlham Əliyevin birbaşa göstərişləri və rəhbərliyi ilə həyata keçirilən çoxşaxəli islahatlar Azərbaycan siyasi sistemində yeni, müasir, adekvat dialoq və əməkdaşlıq şərtlərini ortaya çıxarıb. Milli həmrəyliyə və sağlam siyasi münasibətlərə xidmət edən bu dialoq Azərbaycanda demokratiyanın inkişafında, siyasi, iqtisadi sərbəstliyin qorunmasında, ölkəmizin güclənməsində mühüm rola malikdir. Bu, həmçinin, siyasi sistemin vacib komponentləri olan siyasi partiyalar arasında yeni sağlammünasibətlər qurulmasına zəmin yaradır.Parlamentin çoxpartiyalılığa əsaslanması Azərbaycan siyasi sisteminin tələbidir. Prezident İlham Əliyev də ötən il altıncı çağırış Milli Məclisin ilk iclasında bu vacib məsələdəndanışarkən xüsusi qeyd etdi ki, bu gün Azərbaycanda çoxpartiyalı parlament formalaşıb. Müxtəlif siyasi partiyalardan olan deputatlar parlamentin və komitələrin rəhbərliyində təmsil olunmaqla Azərbaycanda siyasi sistemin möhkəmləndirilməsinə, siyasi münasibətləri sağlam zəmin üzərində qurmağa töhfələrini verirlər.
Bu gün ölkənin siyasi mühitinin doğru təməllər üzərində istiqamət alması, partiyadaxili kadr və struktur islahatlarının aparılması, Yeni Azərbaycan Partiyasının VII qurultayında qəbul olunmuş qərarlar iqtidar partiyasının gələcək fəaliyyətini əhəmiyyətli dərəcədə optimallaşdırmağa xidmət edir. Elə təkcə, qurultayda 6 siyasi partiyanın YAP-a qoşulması ölkəmizdə siyasi dialoq mühitinin daha da dərinləşməsinin nümunəsi kimi qeyd edilməlidir. Artıq YAP-a daxil olan həmin partiyaların sədrləri birmənalı şəkildə bildirirlər ki, birləşmə ölkəmizdə bərqərar olmuş milli birliyə, həmrəyliyə dəstək olmaq məqsədini daşıyır. Buna görə də, partiyadaşlarımızla qərara gəldik ki, Yeni Azərbaycan Partiyasına qoşulaq.
Bundan əlavə, Prezident Administrasiyasında siyasi partiyalarla iş şöbəsinin yaradılması, partiya rəhbərləri ilə görüşlər, əməkdaşlıq mühitinin inkişaf etməsinə, dialoq mədəniyyətinin dərinləşməsinə xidmət edir. Çünki yeniləşən Azərbaycanda yeni siyasi paradiqmaya çevrilən dialoq mühiti bu günün tələbidir.
Partiyadaxili münasibətlərin meyarları: Peşəkarlıq: YAP həm partiyanın üzvləri, həm də siyasi münasibətlərdə iştirak edən bütün tərəflər arasında əlaqələrin peşəkarlıq meyarına əsaslanaraq inkişafını təşviq edir.
İşgüzar münasibətlər: Siyasi idarəetmə proseslərinə cəlb olunmuş insanlar arasında işgüzar münasibətlərin dəstəklənməsi, eyni zamanda, fəaliyyətin rasionallıq və adekvatlıq dərəcəsinə də müsbət təsir etməkdədir.
Şəxsi inkişaf: Müasir cəmiyyətlərdə fərdlərin inkişafını təmin edən və ömürboyu təhsil prinsipinin davamı olan şəxsi inkişaf mexanizmi YAP-ın partiyadaxili münasibətlərini tənzimləyən vasitələrdəndir.
Sağlam rəqabət: YAP partiyadaxili münasibətlərdə sağlam rəqabəti, səmimiyyət, yoldaşlıq və qarşılıqlı hörməti, demokratik mühiti, şəxsi bacarıq və təşəbbüskarlığı təşviq edir. Sağlam rəqabət mühiti partiya üzvlərində demokratik düşüncə tərzini möhkəmləndirir, partiya idarəçiliyində çeviklik və qarşıya qoyulmuş vəzifələrin uğurla yerinə yetirilməsi üçün əlverişli şərait yaradır.
Etik davranış və milli dəyərlər: YAP yüksək mədəniyyətin Azərbaycan xalqına məxsus əsas keyfiyyətlərdən olduğunu nəzərə alaraq, partiyadaxili münasibətlərin təşkilində etik qaydaların və milli dəyərlərin qorunmasına xüsusi diqqət yetirir.
İnnovativ inkişaf və kreativlik: Yaradıcı təfəkkür, kreativ düşüncə, təşəbbüskarlıq və innovativ inkişaf müasir dünyada peşəkar fəaliyyətin meyarıdır. Bu səbəbdən YAP-ın fəaliyyətinin əsaslarından biri də innovativ inkişaf və kreativliyin təşviqi və geniş tətbiqinin dəstəklənməsidir.
Elmilik: Partiyanın fəaliyyətinin təşkilində elmi uğurların əsas götürülməsi və elmi cəhətdən əsaslandırılmış yanaşmalara üstünlük verilməsi vacib prinsiplərdəndir.
Müasirlik: Partiya hər zaman cəmiyyətdə yeniliyin və müasirliyin tərəfdarı, təşəbbüskarı kimi çıxış edir.
Ceyhun Hüseynov,
Masallı MRX İƏ söbəsinin mütəxəssisi