Böyük inkişaf yolu keçmiş partiya

Böyük inkişaf yolu keçmiş partiya
  • Cəmiyyət

  • Ümumilli liderimiz Heydər Əliyevin qurucusu olduğu Yeni Azərbaycan Partiyası ötən illər ərzində böyük inkişaf yolu keçib.Bu il noyabrın 21-də ümumxalq partiyasına çevrilmiş YAP-ın yaradılmasının 30-cu ildönümü tamam olur. 30 illik fəaliyyəti dövründə YAP çoxşaxəli fəaliyyət  göstərməklə yanaşı,islahatlara da böyük önəm verib.
               
    Yeni Azərbaycan Partiyasının hər bir qurultayı respublikamızın siyasi-ictimai həyatında böyük hadisə kimi yadda qalır. Bu da təsadüfi deyil. Çünki 29 il əvvəl Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə yaradılan YAP ilk gündən cəmiyyətin aparıcı siyasi qüvvəsinə çevrilib. 1993-cü ildə Heydər Əliyevin xalqımızın istək və tələbi ilə hakimiyyətə gəlişindən sonra hakim siyasi partiya statusunu alan YAP daim ona göstərilən etimadı doğruldub, hər zaman siyasi proseslərin önündə olub, öz fəaliyyəti ilə dövlətimizin inkişafına, yüksəlişinə layiqli töhfələr verib.
                   
    5 mart 2021-ci il tarixində Yeni Azərbaycan Partiyasının  VII qurultayının keçirilməsi də islahatlar strategiyasının tərkib hissəsi kimi böyük ictimai-siyasi əhəmiyyətə malikdir. VII qurultay istər partiyanın, istərsə də ictimai-siyasi münasibətlər sistemimizin tarixində mühüm bir hadisə kimi yadda qaldı. Nəzərə almaq lazımdır ki, YAP-ın 2018-ci ildə keçirilmiş VI qurultayından ötən  vaxtda ölkəmiz üçün əlamətdar və mühüm tarixi hadisələr baş verib. Ölkədə parlament və prezident seçkiləri keçirilib, cəmiyyət həyatının müxtəlif sahələrində ciddi dəyişikliklər olub, yeni siyasi konfiqurasiya yaranıb, Azərbaycan ərazi bütövlüyünü bərpa edib və s. Bu reallıqların fonunda ölkəmizin qarşısında yeni dövrün tələblərinə uyğun çağırışlar yaranırdı. Yaranmış yeni reallıqlar hakim partiyada da islahatların aparılması və yeni fəaliyyət prioritetlərinin müəyyən olunmasını zəruri edib. Beləliklə, partiyanın VII qurultayının keçirilməsi bu baxımdan müstəsna önəm daşıyıb.
               
    Azərbaycan Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyev qurultayda  çıxışı zamanı ümummilli liderimiz Heydər Əliyevin qurucusu olduğu Yeni Azərbaycan Partiyasının keçdiyi tarixi inkişaf yoluna nəzər salıb, qarşıda duran vəzifələri diqqətə çatdırıb. Ölkə Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyev “Partiyamızın VII qurultayı ölkəmizin ictimai-siyasi həyatında önəmli hadisədir. Yeni Azərbaycan Partiyası nəinki Azərbaycanın, Cənubi Qafqazın ən böyük siyasi partiyasıdır. Yeni Azərbaycan Partiyası bundan sonra da bütün ölkəmizdə gedən proseslərin mərkəzində olacaq” ,- deyə vurğulayıb. Dövlət başçısı, eyni zamanda, qarşıya çox mühüm vəzifələr qoyub. Bunlar partiyanın və ölkəmizin inkişafı, qarşıda duran hədəflərə çatmaq baxımından müstəsna önəm daşıyır. Eyni zamanda, VII qurultayda qəbul edilən qərarlar və daha sonra görülən işlər milli maraqlara və müasir çağırışlara adekvat müəyyənləşdirilmiş vəzifələrin yerinə yetirilməsinə imkan verir. Bu, həm də partiyanın fəaliyyətində keyfiyyət dəyişikliklərinə səbəb olub. Bu baxımdan, bir neçə məqama xüsusi diqqət yetirmək məqsədəuyğun olar. Əvvəla, Yeni Azərbaycan Partiyasının daha təkmil idarəetmə forması müəyyən olunub. Qurultaydan sonra Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva partiya Sədrinin birinci müavini təyin olunub. Əlbəttə, partiyada birinci müavin postunun təsis olunması və bu postun ölkənin Birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya həvalə olunması YAP-ın və dövlətimizin daha da güclənməsinə xidmət edən mühüm amildir. Eyni zamanda, YAP Mərkəzi Aparatına rəhbərlik edəcək partiya Sədrinin müavininin müəyyənləşməsi və bu vəzifəyə Tahir Budaqovun təyin edilməsi idarəetmənin təkmilləşdirilməsi üçün vacib addım oldu.
                   
    YAP-ın VII qurultayı cəmiyyətimizdəki yeniliklər və pozitiv dəyişikliklər fonunda keçirildi. Bu qurultaya qədərki dövrün ən böyük hadisəsi isə təbii ki, torpaqlarımızın işğaldan azad olunması idi. Təsadüfi deyil ki, Prezident, Yeni Azərbaycan Partiyasının sədri İlham Əliyev  VII qurultayda giriş nitqinə də məhz Vətən müharibəsində qazanılan Qələbə barədə fikir bildirməklə başladı: “Partiyamızın VI qurultayından üç il ötür. Bu illər ölkəmiz üçün, bölgəmiz üçün həlledici illər olmuşdur. Üç il ərzində ölkə həyatında bir çox önəmli hadisələr baş vermişdir. Təbii ki, onların arasında ən önəmlisi ərazi bütövlüyümüzün bərpa edilməsi, Vətən müharibəsində parlaq Qələbənin qazanılmasıdır. Azərbaycan öz ərazi bütövlüyünü bərpa etdi, tarixi ədaləti bərpa etdi, işğalçıları əzəli torpaqlarımızdan qovdu və beləliklə, tarixi ədalət bərpa olundu. Bizim şanlı Qələbəmiz qürur mənbəyimizdir”.Son prezident seçkilərindən sonra İlham Əliyevin qarşıya qoyduğu bütün vəzifələr yerinə yetirilir, islahatlar uğurla davam edir, Azərbaycan ardıcıl və sistemli şəkildə qarşıya qoyulan bütün hədəflərə inamla çatır. Cənab İlham Əliyevin də qeyd etdiyi kimi, YAP-ın VII qurultayının keçirilməsinin zərurəti məhz bu səbəblərdən doğur.
                   
    YAP-ın VII qurultayında vacib qərarlar qəbul edildi. Partiyanın yeni Nizamnaməsinin qəbul olunması,  İdarə Heyətinin 40 nəfərdən ibarət tərkibdə seçilməsi partiyanın idarə olunmasının və partiyada fəaliyyətin tənzimlənməsinin yeni, çevik mexanizminin yaradılması baxımından aktuallıq kəsb edir.

    Bütövlükdə, YAP-ın VII qurultayı və qəbul olunan qərarlar partiyanın fəaliyyətini yeni mərhələyə yüksəldir. Ən əsası, qəbul olunan qərarlarla YAP həm də yeni siyasi nümunə ortaya qoydu. Ən əsası, VII qurultay göstərdi ki, ölkənin aparıcı siyasi qüvvəsi kimi YAP bundan sonra da qarşısında dayanan vəzifələri layiqincə yerinə yetirəcək.
                 
    Ölkənin inkişafına və cəmiyyətin tərəqqisinə xidmət edən Yeni Azərbaycan Partiyasının əsas hədəfləri. Effektiv nəticələrin əldə olunması naminə Proqramda YAP fəaliyyətinin növbəti strateji hədəfləri müəyyən edilib: Heydər Əliyev irsinin təbliği və təşviqi, Güclü iqtisadiyyat və davamlı inkişaf, İnklüziv cəmiyyət, ədalətli sosial təminat və insan kapitalının inkişafı, Şəffaflığın artırılması, Vətəndaş cəmiyyətinin inkişafı, Azərbaycan dili və dünya azərbaycanlılarının həmrəyliyi, Mədəni irsin və milli-mənəvi dəyərlərin qorunması, Vətəndaş həmrəyliyinin təminatı, Milli maraqlar və xarici siyasət, Ordu quruculuğu, İşğaldan azad olunmuş ərazilərə Böyük Qayıdış. Siyasi, iqtisadi, mədəni və ictimai münasibətlərin bütün digər sahələrini əhatə edən YAP-ın fəaliyyətinin hədəfləri milli maraqların qorunması, Azərbaycan dövlətinin dayanıqlı inkişafı, beynəlxalq münasibətlər sistemində nüfuzunun artırılması, habelə beynəlxalq bazarlarda ölkənin rəqabətə dözümlülük göstəricilərinin yüksəldilməsinə xidmət edir.



    İradə İmanbəyli,
    Masallı rayon Dəmirçi kənd ümumi orta məktəbi
    PAYLAŞ:

    Oxşar xəbərlər