1992-ci ilin ortalarında hakimiyyətə gəlmiş yeni iqtidar ölkəmizi daha da bərbad vəziyyətə qoymuşdu. O vaxtkı iqtidarın bacarıqsızlığı, peşəkarsızlığı, xəyanəti nəticəsində demək olar ki, müstəqilliyimiz əldən gedirdi. Ölkədə gedən xoşagəlməz proseslər, böhran, iqtisadi tənəzzül, siyasi sabitsizlik demək olar ki, müstəqilliyimizə böyük zərbələr vurmuşdu. Belə bir şəraitdə cəmiyyətimizin parlaq simaları, ziyalılar, cəmiyyətimizdə böyük hörmətə malik olan insanlar ulu öndər Heydər Əliyevin ətrafında birləşərək Yeni Azərbaycan Partiyasının yaradılması haqqında qərara gəlmişlər.Təsis konfransının Naxçıvanda keçirilməsi də onunla əlaqədar idi ki, o vaxtkı iqtidar bu tədbirin Bakıda keçirilməsinə imkan yaratmadı. Bu gün özünü demokrat adlandıran, ancaq 20 il ərzində demokratiyanın nə olduğunu anlamayan o vaxtkı iqtidar imkan vermədi ki, adi demokratik proses paytaxtda həll olunsun. Ancaq buna baxmayaraq, partiyamızın ideyaları, ulu öndərin müdrikliyi, onun cəmiyyətdəki nüfuzu və rolu partiya qarşısında heç bir maneənin mövcudluğunu nəzərdə tutmurdu. Qısa müddət ərzində Yeni Azərbaycan Partiyası ümumxalq partiyasına çevrilmişdir. Yarandıqdan bu günə qədər partiyamız çox böyük, şərəfli və uğurlu yol keçmişdir. Bu gün sıralarımızda 600 minə yaxın üzv vardır.
Partiyamızın xarici əlaqələri çox genişdir və bu əlaqələr gündən-günə genişlənir. Ölkə daxilində mövqelər çox möhkəmdir. Partiyamız demək olar ki, cəmiyyətimizin bütün təbəqələrini, bütün yaş qruplarını birləşdirir. Yeni Azərbaycan Partiyası, sözün əsl mənasında, ümumxalq partiyasıdır. Əminəm ki, növbəti illərdə də partiyamız liderlik qabiliyyətini özündə saxlayacaqdır. Bu gün partiyamız Cənubi Qafqazın ən böyük siyasi qüvvəsidir. 1990-cı illərin əvvəllərində isə vəziyyət yenə də demək istəyirəm ki, çox ağır idi. Partiyamızın iqtidara gəlməsi zəruri və labüd idi. Ancaq biz onu da yaxşı xatırlayırıq ki, Yeni Azərbaycan Partiyası müxalifət partiyası kimi yaradılmışdı. Ancaq özünü müxalifət adlandıran indiki qüvvələrdən fərqli olaraq heç vaxt öz dövlətinə, xalqına müxalifətdə olmamışdır. Bizim partiyamız və onun üzvləri bütün dövrlərdə dövlətçiliyə sadiq olmuşdur.
Partiyamızın ilk addımları da Azərbaycanda siyasi sabitliyin bərpasına yönəldilmişdi. Təsadüfi deyildir ki, 1993-cü ilin yayında -Azərbaycanda vətəndaş müharibəsi başlanan dövrdə cəmiyyətimizin bütün ümidləri yenə də Heydər Əliyevin dühası ilə bağlı idi. O vaxt xalqın tələbi ilə hakimiyyətə gələn ulu öndər qısa müddət ərzində vəziyyəti sabitləşdirdi və bu, imkan verdi ki, ölkəmiz inkişaf yoluna qədəm qoysun. O ildən bu günə qədər Azərbaycan yalnız və yalnız inkişaf yolu ilə gedir.
Ölkəmizdə çox ciddi islahatlar aparıldı. Bütün xoşagəlməz halların qarşısı alındı, sabitlik bərpa edildi, vətəndaş müharibəsinə son qoyuldu. Azərbaycan dünya birliyinə inteqrasiya etməyə başladı. Bizim xarici siyasətimiz nəhayət ki, məqsədyönlü siyasətə çevrildi və bu gün bu siyasət davam etdirilir. O illərdə vacib olan islahatlar bu gün də ölkəmizin inkişafına xidmət göstərir. Həm demokratik, siyasi islahatların dərinləşməsi, eyni zamanda, iqtisadi sahədə islahatlar demək olar ki, bugünkü Azərbaycan reallıqlarını şərtləndirir. Eyni zamanda, onu da qeyd etməliyəm ki, Yeni Azərbaycan Partiyasının yaradılması Azərbaycanda əslində siyasi sistemin yaradılması demək idi. Çünki o vaxta qədər bizdə siyasi sistem mövcud deyildi. Yeni Azərbaycan Partiyasının siyasi mədəniyyəti, siyasi mübarizə qaydalarının təbliği, ümumiyyətlə, siyasətin sivil yollarla aparılması ideyaları da cəmiyyətdə böyük əks-səda yaratdı və cəmiyyət tərəfindən dərhal dəstəkləndi. Biz bu ideyalara bu gün də sadiqik. Bütün siyasi mübarizələri sivil qaydalarla aparırıq və bütün siyasi məsələlərdə daim qələbə qazanırıq.
Yeni Azərbaycan Partiyası və onun nümayəndələri bütün prezident, parlament və bələdiyyə seçkilərində böyük üstünlüklə qələbə qazanmışlar. Bu, partiyamızın ümummilli partiya olduğunu bir daha sübut edir.
Əyyubzadə Fərid,
Masallı rayonu, Banbaşı kəndi.