Azərbaycan Respublikasının Dövlət Bayrağı - qürur mənbəyimizdir!

Azərbaycan Respublikasının Dövlət Bayrağı - qürur mənbəyimizdir!
  • Cəmiyyət

  • Bayraq hər bir millətin və milli dövlətin mühüm atributiv rəmzlərindən biridir. Başqa sözlə, müstəqil dövlətçiliyin mühüm göstəricilərindən biri olan bayraq bu və ya digər millətlərin, xalqların dövlətçilik ənənələrini, milli dəyərlərini əks etdirən atributdur. Bu baxımdan, bütün xalqların və millətlərin timsalında bayraq müstəqilliyin və milli dövlətçiliyin əsası kimi səciyyələndirilir.
    Hər bir dövlətin müstəqilliyi və suverenliyi onun dövlət rəmzlərində ifadə olunur

    Ümumiyyətlə, hər bir dövlətin müstəqilliyi və suverenliyini onun dövlət rəmzlərində ifadə olunur. Bayraq hər bir dövlətin beynəlxalq münasibətlər sistemində iştirak etməsi üçün vizit vərəqəsi sayılırsa, bu, xalq üçün onun mənliyini, kimliyini ifadə edən xüsusi atributdur. Bayrağın təşkil olunduğu rənglər, onun üzərindəki rəmzlər xalqın hansı etnik mənsubiyyətə, mədəniyyətə, dinə sahib olduğunu, onun hansı amallar uğrunda mübarizə apardığını göstərir. Azərbaycan bayrağı üzərindəki mavi, qırmızı və yaşıl rənglər, eyni zamanda, aypara və səkkizguşəli ulduz özündə ehtiva etdiyi mənalarla xalqımızın tarixi keçmişindən xəbər verir.

    Bu, bir həqiqətdir ki, əsrlər boyu Azərbaycan xalqı müstəqil dövlət qurmaq, onun atributlarını qoruyub saxlamaq arzusunda olub. Lakin Azərbaycanın yerləşdiyi ərazinin geosiyasi əhəmiyyəti hər zaman böyük dövlətlərin buraya olan marağını artırıb. Ona görə də Azərbaycan uzun əsrlər boyu böyük dövlətlərin işğalına məruz qalıb, əsarət altında, məhz həmin güclərin bayraqları altında yaşamaq məcburiyyətində olub. Amma tarixinə, milli adət-ənənələrinə, zəngin mədəniyyətinə bağlılığı Azərbaycan xalqının dövlətçilik ənənələrinin məhv olmasına imkan verməyib. I Dünya müharibəsindən sonra xalqımız müstəqil dövlət formalaşdırmaq şansı əldə edib və dövlətçilik ənənələrinin yaşadılması istiqamətində tarixi addımlar atıb.

    Müasir, müstəqil Azərbaycan Respublikasının milli dövlətçilik ənənələri və dəyərləri müstəqilliyimizin atributiv rəmzi olan bayrağımızda əks olunmuşdur. Üçrəngli bayrağımız haqqında ilk qərar Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurası tərəfindən 1918-ci il noyabrın 9-da qəbul olunub. Nazirlər Şurasının sədri Fətəli Xan Xoyskinin imzaladığı həmin qərarda deyilir: “Milli bayraq kimi yaşıl, qırmızı, mavi rənglərdən, ağ aypara və səkkizguşəli ulduzdan ibarət olan bayraq qəbul edilsin”.

    Qeyd edək ki, Azərbaycan Respublikasının dövlət bayrağı bərabər enli üç üfüqi zolaqdan ibarətdir. Yuxarı zolaq mavi, orta zolaq qırmızı, aşağı zolaq isə yaşıl rəngdədir. Qırmızı zolağın ortasında bayrağın hər iki üzündə ağ rəngli aypara ilə səkkizguşəli ulduz təsvir edilmişdir. Bayrağın eninin uzunluğuna nisbəti 1:2-dir. Mavi rəng - Azərbaycan xalqının türk mənşəli olması və türkçülük ideyası ilə bağlıdır. Qırmızı rəng - müasirlik, azadlıq, inkişaf və müstəqilliyi tərənnüm edir. Yaşıl rəng - İslam sivilizasiyasına, İslam dininə mənsubluğu ifadə edir. Bu bayraq 1920-ci ilin aprelinə qədər Azərbaycanın dövlət rəmzi olub.

    Ümummilli lider Heydər Əliyevin səyi nəticəsində dövlətçiliyimizin mühüm atributlarından olan milli bayrağımız qəbul olundu.Üçrəngli bayrağımız Dağlıq Qarabağ ətrafında cərəyan edən hadisələr zamanı qeyri-rəsmi olaraq ziyalılarımızın təklifi ilə 1988-ci ildə Azadlıq meydanında dalğalandırılıb. 1990-cı il noyabr ayının 17-də isə Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin Ümummilli lider Heydər Əliyevin Sədrliyi ilə keçirilən sessiyasında Azərbaycan Xalq Cümhuriyyətinin bayrağı ilk dəfə olaraq salona gətirildi və Naxçıvan Muxtar Respublikasının dövlət bayrağı elan olundu. 1991-ci ildə xalqın tələbi ilə Ali Sovet “Dövlət bayrağı haqqında” Qanun qəbul etdi və üçrəngli bayrağımıza Azərbaycan Respublikasının dövlət bayrağı statusunu verdi. Daha dəqiq desək, 1991-ci il fevralın 5-də Azərbaycan Respublikası Ali Soveti Naxçıvan Muxtar Respublikası Ali Məclisinin vəsadətinə baxaraq bayrağın Azərbaycan Respublikasının dövlət bayrağı kimi qəbul edilməsi haqqında qərar çıxardı. Qərarda, həmçinin Azərbaycan Respublikasının ali qanunverici orqanına Azərbaycanın dövlət rəmzləri haqqında məsələyə baxması, respublikamızın milli tarixi ənənələrə uyğun olaraq yeni dövlət rəmzlərinin - bayrağın, gerbin, himnin qəbul olunması təklif edilmişdi. Naxçıvanda Xalq Cümhuriyyətinin bayrağının dövlət bayrağı kimi qəbul olunması Azərbaycanı müstəqilliyə daha da yaxınlaşdırdı və ölkəmizdə milli müstəqillik uğrunda cərəyan edən proseslərə güclü təkan verdi. Beləliklə, Ümummilli lider Heydər Əliyevin səyləri nəticəsində dövlətçiliyimizin mühüm atributlarından biri olan milli bayrağımız qəbul olundu.

    Azərbaycan xalqı və dövləti tərəfindən dövlət atributlarına yüksək hörmət və ehtiram göstərilir.
    1991-ci il oktyabrın 18-də isə dövlət müstəqilliyini bərpa edən Azərbaycan Respublikası özünü Azərbaycan Xalq Cümhuriyyətinin varisi elan edərkən onun dövlət rəmzlərini, o cümlədən dövlət bayrağını qəbul edib. Son olaraq Prezident İlham Əliyev 2009-cu il noyabrın 17-də “Azərbaycan Respublikasının Dövlət Bayrağı Gününün təsis edilməsi haqqında” Sərəncam imzalayıb. Bu Sərəncamla hər il noyabr ayının 9-u Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü kimi qeyd edilir.

    Dövlət bayrağı respublikamızın dövlət qurumlarının və diplomatik nümayəndəliklərinin binaları üzərində ucalır, mühüm beynəlxalq tədbirlər, mötəbər mərasimlər və məclislərlə yanaşı, irimiqyaslı ictimai-siyasi toplantılarda, mədəni tədbirlərdə və idman yarışlarında qaldırılaraq milli birliyi təcəssüm etdirir. 2004-cü il iyunun 8-də “Azərbaycan Respublikası Dövlət bayrağının istifadəsi qaydaları haqqında” Azərbaycan Respublikasının Qanunu ilə bu sahədə qanunvericilik bazası təkmilləşdirilib.

    Bu baxımdan, milli dövlətçiliyimizin mühüm atributiv rəmzlərindən biri olan bayrağımız müstəqilliyimizin əzəmətini əks edirməkdədir. Azərbaycan Respublikasının Dövlət bayrağının Azərbaycan vətəndaşlarının milli həmrəyliyinin əsaslarından biri olduğunu nəzərə alaraq və onun təbliğinin daim diqqət mərkəzində saxlanılmasını təmin etmək məqsədilə Bakı şəhərində, Xəzərin sahilində Dövlət Bayrağı Meydanının yaradılması da Prezident İlham Əliyevin dövlət atributlarına olan yüksək ehtiramının bariz nümunəsidir. Vurğulayaq ki, Prezident İlham Əliyev 2007-ci il noyabrın 17-də Bakıda Dövlət Bayrağı Meydanının yaradılması barədə Sərəncam imzalamışdı. Həmin il dekabrın 30-da Bakının Bayıl qəsəbəsində - Hərbi Dəniz Qüvvələrinin bazası yaxınlığında Dövlət Bayrağı Meydanının təməli qoyulub. Meydan üçün seçilmiş yer dövlət bayrağının paytaxtın müxtəlif nöqtələrindən görünməsinə imkan yaradır. İnşa olunmuş dayağın hündürlüyü 162, bünövrəsinin diametri 3,2, bünövrənin üst hissəsinin diametri 1,09 metrdir. Qurğunun ümumi çəkisi 220 tondur. Bayrağın eni 35 metr, uzunluğu 70 metr, ümumi sahəsi 2450 kvadratmetr, çəkisi isə təqribən 350 kiloqramdır. Ginnes dünya rekordları təşkilatı 2010-cu il mayın 29-da Azərbaycan dövlət bayrağı dirəyinin dünyada ən hündür bayraq dirəyi olduğunu təsdiq edib. Meydanda qurulmuş Azərbaycan Respublikasının gerbi, dövlət himninin mətni və ölkəmizin xəritəsi qızıl suyuna salınmış bürüncdən hazırlanıb. Bu dövlət rəmzləri Bayraq Meydanının görkəminin möhtəşəmliyini daha da artırıb, onun görünüşünə əlavə çalarlar qatıb. Prezident İlham Əliyevin təşəbbüsü ilə meydanda Dövlət Bayrağı Muzeyi də yaradılıb. Muzeydə müxtəlif dövrlərdə Azərbaycan ərazisində mövcud olmuş dövlətlərin, xanlıqların, o cümlədən, İrəvan xanlığının bərpa olunmuş bayraqları, həmçinin, XVII-XVIII əsrlərə aid bayraqların uc elementləri, gerblər, Azərbaycan Respublikasının müxtəlif illərdə qəbul olunmuş konstitusiyaları, poçt markaları, pul nişanlarının nümunələri, orden və medalları, Ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə müstəqil Azərbaycan dövlətinin yaranması, formalaşması və inkişafını, Prezident İlham Əliyevin ölkəmizin tərəqqisi ilə bağlı fəaliyyətini əks etdirən çoxsaylı fotolar və sənədlər, Ulu öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin ali dövləti vəzifəyə seçildikdən sonra andiçmə mərasimlərində öpdükləri dövlət bayraqları, Silahlı Qüvvələrin Ali Baş Komandanının bayrağı, Silahlı Qüvvələrin qoşun növlərinin döyüş bayraqları və mərasim geyimləri nümayiş olunur.

    2010-cu il sentyabr ayının 1-də isə Bakıda Dövlət Bayrağı Meydanının açılışı olub. Açılış mərasimində Prezident İlham Əliyev, xanımı Mehriban Əliyeva və digər dövlət rəsmiləri, ölkəmizdəki xarici ölkələrin səfirləri iştirak ediblər. Həmin gün topların yaylım atəşlərinin müşayiəti ilə hündürlüyü 162 metr olan sütun üzərində üçrəngli bayrağımızın dalğalanmasını bütün dünya seyr etmişdi. Bununla da dünya Azərbaycan xalqının üçrəngli bayrağına olan sevgisini, hörmətini gördü.

    Mərasimdə çıxış edən Prezident İlham Əliyevin bayrağımızla bağlı fikirləri olduqca qürurvericidir. Dövlətimizin başçısı deyib: “Bayraq Meydanı
    Bakının bir mədəniyyət mərkəzinə, Azərbaycanın bir siyasi mərkəzinə çevriləcəkdir. Ölkəmizin mərkəzi olan Bakı şəhərində belə möhtəşəm meydanın yaradılması, doğrudan da, böyük hadisədir. Bizim bayrağımız qürur mənbəyimizdir. Bizim bayrağımız canımızdır, ürəyimizdir. Bu gün Azərbaycanın hər bir yerində dövlət bayrağı dalğalanır. Azərbaycan ərazi bütövlüyünü bərpa edəndən sonra milli dövlət bayrağımız bu gün hələ də işğal altında olan torpaqlarda qaldırılacaqdır. Bizim bayrağımız Dağlıq Qarabağda, Xankəndidə, Şuşada dalğalanacaqdır. O günü biz hər an öz işimizlə yaxınlaşdırmalıyıq və yaxınlaşdırırıq”.
    Bayrağımız qürur mənbəyimizdir”. 

    Nəticə etibarilə, bu gün xalqımız və dövlətimiz tərəfindən yüksək hörmət və ehtiram göstərilən Azərbaycan bayrağının dünyanın ən hündür dirəyinin üzərində dalğalandırılması bir çox qürurverici məqamlardan xəbər verir: 
    Birincisi, Azərbaycan xalqı bununla bayrağının onun üçün nə qədər qiymətli - dəyərli olduğunu bir daha təsdiq edir. Milli mənsubiyyəti, müstəqillik və suverenliyi xarakterizə və ifadə edən dövlət bayrağının ən yüksək zirvədən dalğalandırılması haqlı qürur və fəxarət hissi yaradır;
    İkincisi, bununla bir daha bayrağın milli-etnik mənsubiyyətindən asılı olmayaraq, hər bir azərbaycanlının qüruru, mənliyi, şərəfi olduğu sübut
    olunur. Bu isə öz növbəsində milli həmrəylik və bütövlüyü simvolizə edir;

    Üçüncüsü, Bakıda üçrəngli Azərbaycan bayrağının ən hündür yerdə dalğalandırılması ilə ölkəmizin sahibinin azərbaycanlılar olduğu - milli müstəqillik və suverenliyin mövcudluğu bir daha dünyaya nümayiş etdirilir.

    Beləliklə, üçrəngli bayrağımız mənliyimizin, öz dövlətimizə hakimliyimizin atributudur. Sadalananlar onu deməyə əsas verir ki, Ulu öndər Heydər Əliyevin milli mənafelərə əsaslanan siyasətini bütün sahələrdə uğurla davam etdirən Prezident İlham Əliyev yüksək vətənpərvərliklə Azərbaycanın milli dövlət atributlarını uca tutur və konkret addımları ilə bu ruhu cəmiyyətə aşılayır. Dövlət başçısının milli ideallara bağlılığı özünü həm də üçrəngli bayrağımıza münasibətdə qabarıq göstərir. Üçrəngli bayrağımız Azərbaycanımızın müstəqilliyinin, xalqımızın milli mənsubiyyətinin, tarixinin, mənəvi dünyasının rəmzidir. Hər bir Azərbaycan vətəndaşı bayrağımıza ehtiram göstərir, bunu özünün müqəddəs borcu kimi qəbul edir. Azərbaycan əsgəri də Vətənin suverenliyinin və ərazi bütövlüyünün qorunması ilə bağlı ali missiyanı öz üzərinə götürərkən üçrəngli bayrağa and içir.
    Vətənin müdafiəsi zamanı həlak olmuş şəhidlərimiz torpağa tapşırılarkən onlar uğrunda canlarını fəda etdikləri bayrağa bükülürlər. Həmin şərəfə hər kəsin sahib olmayacağını bildiyimiz üçün, ən azından, həyatdaykən bayrağımızın yüksək zirvələrə daşınmasına çalışmalıyıq.

    PAYLAŞ:

    Oxşar xəbərlər