AMEA Rəyasət Heyətinin binasında Azərbaycan Milli Elmlər Akademiyasının və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin nümayəndələri arasında görüş keçirilib.
Görüşdə Akademiya tərəfdən AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli, Rəyasət Heyəti aparatının şöbə müdirləri, bir sıra elmi müəssisə və təşkilatların baş direktorları, elektron xidmətlər sahəsinə məsul şəxsləri, İqtisadiyyat Nazirliyindən isə nazirin müşaviri Rauf Nəcəfli, İqtisadiyyat Nazirliyinin tabeliyində Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzinin (4SİM) icraçı direktoru Fariz Cəfərov, mərkəzin əməkdaşları, həmçinin İqtisadi Elmi Tədqiqat İnstitutunun İdarə Heyətinin sədrinin birinci müavini Arzu Hüseynova və institutun əməkdaşları iştirak ediblər.
Görüşdə çıxış edən akademik İsa Həbibbəyli ötən bir il ərzində ölkə başçısının çağırışlarını və müasir dünya elmində gedən tendensiyaları rəhbər tutaraq AMEA-da bütün sahələrdə yeniləşmə prosesinə başlanıldığını, bunlar içərisində xüsusilə elektron xidmətlər şəbəkəsinin qurulması və genişləndirilməsinin, müasir informasiya texnologiyalarının, süni intellektin elmi tədqiqatlarda tətbiqinin öndə dayandığını söyləyib. Bu istiqamətdə işlərin həyata keçirilməsi məqsədilə cari ilin yanvar ayında Rəyasət Heyəti aparatında “Elektron Akademiya” şöbəsinin, həmçinin elmi müəssisə və təşkilatlarda “Elektron xidmətlər” şöbəsinin yaradıldığını diqqətə çatdırıb. Qeyd edib ki, sözügedən şöbənin fəaliyyət istiqamətinə elektron sənəd dövriyyəsi, Akademiyanın elmimetrik bazalarda təmsil olunması, jurnallarımızın elmi bazalara yerləşdirilməsi, məqalələrə DOİ identifikatorunun verilməsi, “Google scholar” və digər akademik şəbəkələrdə alimlərin profillərinin yaradılması, “Vikipediya” elektron ensiklopediyasında yeni məqalələrlə ölkəmizin dünyada təbliği kimi vacib məsələlər daxildir.
Qısa müddət ərzində yeniləşən Akademiyada elektron xidmətlərin genişlənməsi istiqamətində önəmli addımların atıldığını diqqətə çatdıran AMEA prezidenti mövcud texniki infrastrukturun nəzərdən keçirildiyini və müasir tələblərə cavab verəcək şəkildə yenilənməyə başlandığını deyib. Eyni zamanda Türkiyənin Elmi və Texnoloji Tədqiqat Şurası (TÜBİTAK) ilə bu sahədə geniş əməkdaşlıq münasibətlərinin qurulduğunu, AMEA-nın elmi jurnallarının ULAKBİM-in Dərgi Park elektron baza reyestrinə daxil edilməsi, birgə mərkəzləşdirilmiş elektron kitabxananın təşkili kimi məsələlərin gündəmdə olduğunu vurğulayıb. Həmçinin elektron arxeologiyanın yaradılması, kompüter dilçiliyi sahəsində fəaliyyətin genişləndirilməsinin də qarşıdakı hədəflərdən olduğunu bildirib.
Prezident İlham Əliyevin rəhbərliyi altında ölkəmizdə Dördüncü Sənaye İnqilabının çağırışlarından irəli gələrək mühüm addımların atıldığını, İqtisadiyyat Nazirliyinin tabeliyində Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzinin yaradıldığını bildirən akademik İsa Həbibbəyli AMEA-nın da bu proses dəstək verməkdə maraqlı olduğunu bildirib. Vurğulayıb ki, keçirilən görüş, aparılan müzakirələr bu sahədə ümumi potensialın qiymətləndirilməsinə kömək etməklə gələcəkdə birgə layihələrin icrasında mühüm rol oynayacaq.
“Məqsədimiz Prezident İlham Əliyevin rəhbərliyi altında inkişaf edən Azərbaycanın daha da güclənməsinə elmi dəstəyin və töhfənin verilməsidir”, - deyən akademik İsa Həbibbəyli görüşün keçirilməsinə verdiyi dəstəyə görə Azərbaycan Respublikasının İqtisadiyyat naziri Mikayıl Cabbarova minnətdarlığını bildirib.
Sonra AMEA Rəyasət Heyəti aparatının “Elektron Akademiya” şöbəsinin müdiri, riyaziyyat üzrə fəlsəfə doktoru Fariz İmranov “AMEA-da elektron elmin inkişafı problemləri: gələcəyə baxış” mövzusunda təqdimatla çıxış edib. Qeyd edib ki, AMEA Rəyasət Heyəti aparatının strukturunda daxili imkanlar hesabına Elmlər Akademiyaları sistemində ilk dəfə olaraq yaradılan “Elektron Akademiya” şöbəsi “Vikipediya” elektron ensiklopediyasında fəaliyyətin səmərəliliyinin artırılması, institutların, elmi jurnalların saytlarının fəaliyyətinin monitorinqi və təkmilləşdirilməsi, rəqəmsal elmi informasiya resurslarının işlənilməsinin dəstəklənməsi, nüfuzlu elmmetrik bazalarda təmsilçiliyin genişləndirilməsi, elmmetrik araşdırmalar, elektron sənəd dövriyyəsinin təşkili kimi prioritet istiqamətlərdə fəaliyyət göstərir.
Diqqətə çatdırıb ki, hazırda AMEA-da “Vikipediya” qruplarının fəaliyyətinin canlandırılması, təlimlərin bərpası üçün zəruri tədbirlər icra olunur. Həmçinin AMEA-da Azərbaycan dilinin saflığının qorunması, dilin imkanlarının elmi əsaslarla şərh edilməsi istiqamətində süni intellektdən istifadə etməklə tədqiqat işləri və layihələrin həyata keçirildiyini söyləyib, Azərbaycan dilinin müasir vəziyyətinə uyğun olaraq təxminən 100 milyon söz-formadan ibarət əsas korpusun yaradılmasına ehtiyac olduğunu bildirib.
Eyni zamanda AMEA-nın elmi müəssisələrinin və alimlərinin elmi indeksləşdirmə və xülasələndirmə bazalarında fəaliyyəti istiqamətində ciddi addımların atıldığını, nəticədə elmi əsərlərin, nəticələrin təqdimat auditoriyasının genişləndiyini və istinadların sayının artdığını söyləyib, bu sahədə AMEA-nın Əlyazmalar və Ədəbiyyat institutlarının, Respublika Seysmoloji Xidmət Mərkəzinin qısa müddətdə ciddi nəticələr əldə etdiklərini vurğulayıb. Bundan əlavə, AMEA-nın nəşrlərinə DOİ identifikatorunun verilməsi istiqamətində şöbə tərəfindən önəmli addımların atıldığını, 13 elmi jurnalın 35 buraxılışına 306 DOİ identifikatorunun verildiyini diqqətə çatdırıb.
Fariz İmranov, həmçinin bu gün ölkəmiz və dünya üçün aktual olan seysmoloji tədqiqatlarda süni intellektin tətbiqi sahəsində Türkiyənin AFAD qurumu ilə əməkdaşlığın edildiyini bildirib. O cümlədən sürətlə dəyişən dünyada meydana gələn yeni terminlərin nizama salınması üçün birgə layihələrin həyata keçirilməsinin vacib olduğunu deyib. Humanitar və İctimai Elmlərdə aparılan tədqiqatların dünyaya çıxarılması, istinad göstəricilərinin yaxşılaşdırılmasında mühüm rol oynayacaq “Ortaq türk indeksi”nin hazırlanması istiqamətində Türkiyə tərəfindən artıq ilkin addımların atıldığını bildirib.
Daha sonra iqtisadiyyat nazirinin müşaviri Rauf Nəcəfli AMEA-nın elektron xidmətlər sahəsində fəaliyyəti ilə bağlı təklif verib, Fariz İmranova müvafiq sualını ünvanlayıb.
İqtisadiyyat Nazirliyinin tabeliyində Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzinin (4SİM) icraçı direktoru Fariz Cəfərov isə öz növbəsində çıxışında ölkə başçısının Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nın Tədbirlər Planında 2030-cu ilədək milli iqtisadiyyatın innovasiya yönümünün və maliyyə dayanıqlığının daha da gücləndirilməsinin nəzərdə tutulduğunu, rəqəmsal iqtisadiyyatın qurulması istiqamətində mühüm işlərin görüldüyünü söyləyib. Qeyd edib ki, bu sahədə fəaliyyətin icra olunmasında süni intellektin tətbiqi mühüm faktorlardandır.
Hazırda süni intellektin demək olar ki, bütün sahələrdə tətbiq olunduğunu deyən F.Cəfərov, xüsusilə elmi sahədə günümüz üçün aktual olan seysmoloji tədqiqatlarda, ana dilinin saflığının qorunmasında, arxeoloji araşdırmalar zamanı aşkarlanan qədim dillərin oxunmasında geniş istifadə edildiyini bildirib.
Fariz Cəfərov ölkəmizdə bu sahədə kadr hazırlığına, Dördüncü Sənaye İnqilabı nəslinin formalaşmasına diqqət yetirildiyini söyləyib. Rəhbərlik etdiyi qurumun beynəlxalq əlaqələri, Dünya İqtisadi Forumunun (Davos) çağırışlarından irəli gələrək atdıqları addımlar istiqamətində məlumat verib, AMEA ilə birgə əməkdaşlıqda maraqlı olduqlarını vurğulayıb.
Sonda bir sıra əməkdaşlıq imkanları müzakirə olunub, xatirə şəkli çəkdirilib.