Prezident İlham Əliyevin müəyyənləşdirdiyi siyasətə uyğun olaraq Azərbaycanın xarici iqtisadi əlaqələrinin genişləndirilməsi istiqamətində kompleks tədbirlərin həyata keçirilməsi daim diqqət mərkəzində saxlanılır. Bu baxımdan ölkəmizin bir sıra beynəlxalq qurumlarla, o cümlədən İqtisadi Əməkdaşlıq Təşkilatı (İƏT) ilə münasibətlərin dərinləşməsinə də önəm verilir. Oktyabrın 10-da Şuşa şəhərində İƏT-in Nazirlər Şurasının 27-ci iclasının keçirilməsinin qərara alınması da Azərbaycanın bu qurumla sıx əməkdaşlığının göstəricisidir. Son 20 il ərzində regionun siyasi, iqtisadi və mədəni mərkəzinə çevrilən, dinamik və hərtərəfli inkişaf yolu keçən respublikamızın iqtisadi qüdrəti və fəal xarici siyasəti beynəlxalq aləmə daha sıx inteqrasiyanı, ikitərəfli və çoxtərəfli əlaqələrin möhkəmlənməsini təmin edib.
Şübhəsiz ki, bu uğurlara dövlətmizin başçısının inkişaf strategiyasına əsaslanan uzaqgörən siyasəti nəticəsində nail olunub. Ölkəmiz tarix baxımından qısa müddət ərzində sıçrayışlı iqtisadi inkişafı reallaşdırıb, böyük transmilli layihələrin təşəbbüskarı və aparıcı iştirakçısı olub, 30 il düşmən əsarətində qalan Qarabağ və Şərqi Zəngəzuru azad edərək bu coğrafiyada genişmiqyaslı bərpa-quruculuq layihələrinin icrasına başlayıb. Azərbaycanın dünya birliyinə inteqrasiyasının gücləndirilməsi qarşılıqlı faydalı əməkdaşlığın inkişafı, beynəlxalq və regional təşkilatlar çərçivəsində çoxtərəfli əməkdaşlığın genişləndirilməsi üçün əlverişli zəmin hazırlayıb. İƏT-in növbəti iclasının Şuşa şəhərində keçirilməsi ilə bağlı onu da deyək ki, bu il oktyabrın 4-5-də İranın Ərdəbil şəhərində İƏT-ə üzv dövlətlərin turizm nazirlərinin 5-ci iclasında səsvermə nə-ticəsində Şuşa şəhəri təşkilatın 2026-ci il üçün turizm paytaxtı seçilib.
Azərbaycan Xarici İşlər Nazirliyinin məlumatına görə, həmin toplantıda Azərbaycanı Dövlət Turizm Agentliyinin nümayəndə heyəti təmsil edib. Tədbir çərçivəsində üzv dövlətlər arasında turizm sahəsi üzrə mövcud əməkdaşlıq perspektivlərinə dair geniş müzakirə aparılıb, müvafiq sahə üzrə qarşılıqlı əlaqələrin daha da gücləndirilməsi istiqamətində görüləcək tədbirlər nəzərdən keçirilib.Xatırladaq ki, 1964-cü ildə İran, Pakistan və Türkiyə tərəfindən İnkişaf üçün Regional Əməkdaşlıq (İRƏ) adı ilə üç ölkə arasında iqtisadi, texniki və mədəni əməkdaşlığı möhkəmləndirmək məqsədilə yaradılan sözügedən qurum 1985-ci ildən etibarən İqtisadi Əməkdaşlıq Təşkilatı adlandırılıb. Qurumun təsis proqramında davamlı iqtisadi artıma nail olunması, üzv dövlətlərin iqtisadi inkişafının sürətləndirilməsi, ticarətin liberallaşdırılması, üzv dövlət¬lərin iqtisadiyyatının dünya iqtisadiyyatına tədricən inteqrasiyası, nəqliyyat və kommunikasiya sisteminin inkişaf etdirilməsi, maddi sərvətlərin səmərəli istifadəsi məsələləri qarşıya mühüm vəzifələr kimi qoyulub.
Yeri gəlmişkən, Azərbaycan İƏT-ə 1992-ci ildə üzv olub. Təşkilatın 9-cu və 12-ci zirvə toplantıları müvafiq olaraq 2006 və 2012-ci illərdə Bakıda reallaşıb, Bakı bəyannamələri qəbul edilib. Bu il yanvarın 24-də isə Özbəkistanın Daşkənd şəhərində İƏT-in Nazirlər Şurasının 26-cı iclası keçirilib. Toplantıda quruma sədrlik Azərbaycana keçib. Xarici işlər naziri Ceyhun Bayramov bununla bağlı bəyanatla çıxış edib. O, Azərbaycanın İƏT-in 2023-cü il üzrə sədrliyi çərçivəsində prioritet və planlarını açıqlayıb. Nazir, eyni zamanda, ölkəmizin 2023-cü ildə sədrliyi dövründə iqtisadiyyat, enerji, nəqliyyat, turizm və digər sahələrdə bir sıra yüksək səviyyəli görüşlərin keçiriləcəyini də diqqətə çatdırıb.İƏT-in ötən müddətdəki iclaslarında Mərkəzi Asiya və Cənubi Qafqazdan keçən nəqliyyat marşrutlarının mühüm önəm daşıdığı, bu xüsusda Azərbaycanın regional nəqliyyat və tranzit dəhliz-lərinin inkişaf etdirilməsi üçün görülən əhəmiyyətli işlər barədə ətraflı məlumat verilib. Bununla yanaşı, sözügedən istiqamətlərdə əməkdaşlığın gücləndiril¬məsi məqsədilə Türkiyə, Qazaxıstan və Özbəkistan ilə birgə üçtərəfli platformalar təsis edilib. Azərbaycan, Türkiyə və Qazaxıstan arasında ötən ilin iyun ayında Bakıda keçirilən görüşdə qəbul olunan Bakı Bəyannaməsində nəzərdə tutulan Transxəzər (Orta Dəhliz) Beynəlxalq Nəqliyyat Marşrutunun inkişafı üzrə müvafiq qərarların icrası vəziyyəti yüksək dəyərləndirilib.
İƏT-in Nazirlər Şurasının iclaslarında Şərqi Zəngəzur iqtisadi rayonundan NaxçıvanMuxtar Respublikasına nəqliyyat dəhlizinin yaradılması təşəbbüsünün əhəmiyyəti diqqətə çatdırılıb, bu infrastrukturun bütün bölgə ölkələri arasında əməkdaşlığın inkişafı üçün xüsusi əhəmiyyət daşıyacağı qeyd edilib. Bütün bunlarla bərabər, Zəngəzur Dəhlizinin Orta Dəhlizin tərkib hissəsi olmaqla həm də Avropadan Asiyaya gedən beynəlxalq marşruta alternativ kimi çıxış edərək regionun inkişafına təkan verəcək bir nəqliyyat xətti, Şimal ilə Cənub, Qərb ilə Şərq nəqliyyat dəhlizlərini birləşdirən önəmli arteriya kimi dəyərləndirilib. İƏT fəaliyyətində üzv ölkələr arasında son 20 il ərzində sürətli sosial-iqtisadi inkişaf yolu keçən Azərbaycana daim üstünlük verib. Ölkəmizin quruma sədrliyi dövründə Bakıda yaradılması nəzərdə tutulan İƏT-BMT çərçivəsində Təmiz Enerji və İqtisadi Tədqiqatlar mərkəzlərinin fəaliyyətə başlaması is¬tiqamətində həyata keçirilən layihələrin əhəmiyyətini qeyd edib.Yeri gəlmişkən, respublikamızın həyata keçirdiyi iqtisadi strategiyada təmiz enerji layihələrinin reallaşdırılması xüsusi yer tutur.
Azərbaycanda bu istiqamət daim diqqətdə saxlanılır. Ölkəmiz bərpaolunan enerji mənbələrinin inkişafına böyük beynəlxalq dəstəkdən yararlanır. Artıq xarici tərəfdaşlarla bir sıra müqavilələrin bağlanılması da bunun bariz ifadəsidir. “ACWA Power” və “MASDAR” ilə sazişlər, həmçinin Avstraliyanın “Fortescue Future Industries” şirkəti ilə 12 geqavat enerji üzrə saziş Avropaya təmiz enerji resurslarının tədarüklərini artırmaq baxımından strateji önəm daşıyır. İlin sonunadək 240 meqavat-saat gücündə ilk günəş elektrik stansiyasının istismara verilməsi planlaşdırılır. İƏT bu gün Azərbaycanın işğaldan azad olunan ərazilərində aparılan bərpa və yenidənqurma işlərini də diqqətdə saxlayır və bu torpaqlarda “yaşıl enerji” və azad iqtisadi zonaların yaradılması, sənayenin inkişafı istiqamətlərində həyata keçirilən layihələrin iştirakçıları sıra¬sına tezliklə qoşulacağını da bəyan edir.
Burada düşməndən təmizlənən azad iqtisadi zonaların yaradılmasından, sənaye obyektlərinin işə salınmasından söz düşmüşkən, onu da qeyd edək ki, Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında bərpa prosesi indiyədək sənayeləşmə siyasəti ilə paralel aparılıb. “Ağdam” və “Araz Vadisi İqtisadi Zonası” sənaye parklarında ümumilikdə 20-ə yaxın sənaye müəssisəsi qeydiyyata alınıb. Düşməndən təmizlənən ərazilərdə aqrar-sənaye kompleksinin tərəqqisi məqsədləri üçün 940 fermer təsərrüfatının qurulması nəzərdə tutulub.Cəbrayıl rayonunda yerləşən “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkının hazırda 3 rezidenti və 1 qeyri-rezidenti var. İnvestorlar tərəfindən bu zonaya 21 milyon manatdan çox investisiyanın yatırılması, 270-dən artıq iş yerinin ya¬radılması planlaşdırılıb.
Emil İlqar,
Qəhrəman İsmayılov adına Şərəfə kənd tam orta məktəbi