Rəyasət Heyətinin iclasında AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu və Folklor İnstitutu ilə Bolqarıstan EA Ədəbi Tədqiqatlar İnstitutunun “Ədəbiyyatda satira və yumor: folklordan yazılı ədəbiyyatadək (Azərbaycan və bolqar ədəbiyyatının materialları əsasında)” mövzusunda birgə elmi layihəsinin və Azərbaycan tərəfindən icraçılarının təsdiq olunması haqqında məsələ müzakirə edilib.
AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli bildirib ki, 2-5 iyul 2023-cü il tarixlərində Bolqarıstana səfəri zamanı Azərbaycan Milli Elmlər Akademiyası ilə bu ölkənin Elmlər Akademiyası arasında Əməkdaşlıq haqqında Saziş imzalanıb.
Sazişin icrası ilə bağlı AMEA Rəyasət Heyəti tərəfindən 12 iyul 2023-cü il tarixində qərarın qəbul edildiyini, satira və yumor üzrə birgə tədqiqat layihəsinin icrasından irəli gələn məsələlərin həll edilməsi ilə bağlı tapşırıqların verildiyini söyləyib.
Akademik İsa Həbibbəyli qeyd olunanlara uyğun olaraq AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu və Folklor İnstitutu ilə Bolqarıstan EA-nın Ədəbi Tədqiqatlar İnstitutunun “Ədəbiyyatda satira və yumor: folklordan yazılı ədəbiyyatadək (Azərbaycan və Bolqar ədəbiyyatının materialları əsasında)” mövzusunda birgə elmi layihəsinin planı hazırlanaraq AMEA-nın Rəyasət Heyətinə təqdim edildiyini diqqətə çatdırıb.
İclasda birgə elmi layihənin planı və Azərbaycan tərəfindən icraçıları təsdiq olunub.