AMEA Rəyasət Heyətinin iclasında Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş 9-cu Bakı Beynəlxalq Kitab Sərgisində fundamental nəşrləri ilə Akademiyanın yüksək səviyyədə təmsil olunması məsələsi də müzakirə edilib.
AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli AR Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə 2023-cü il noyabrın 15-dən 19-dək Bakı Ekspo Mərkəzində Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunan 9-cu Bakı Beynəlxalq Kitab Sərgisinin keçiriləcəyini bildirib. Qeyd edib ki, sərgi yerli və xarici nəşriyyat-poliqrafiya müəssisələrinin iştirak səviyyəsinə, təqdim edilən çap məhsullarının çeşidinə, keçirilən tədbirlərin və ziyarətçilərin sayına görə regionda kitab sənayesi üzrə ən böyük beynəlxalq festival hesab olunur və 200-ə yaxın yerli və xarici şirkətin, 90-dan çox tanınmış ədəbiyyat xadiminin iştirakı, 220-dən çox müxtəlif formatda tədbirin təşkili planlaşdırılır və təxminən 40 minə yaxın ziyarətçinin gəlişi proqnozlaşdırılır: “Sərgidə ölkəmizdə fəaliyyət göstərən ali təhsil müəssisələrinin təmsil olunması, elm və təhsil sahələrinə aid panellərin keçirilməsi nəzərdə tutulur və Azərbaycan Milli Elmlər Akademiyası da xüsusi stendlə iştirak edəcək”.
İclasda 9-cu Bakı Beynəlxalq Kitab Sərgisində Azərbaycan Milli Elmlər Akademiyasının yüksək səviyyədə iştirakını təmin etmək və sərgilənəcək kitabları müəyyənləşdirmək üçün müvafiq tapşırıqlar verilib.