Oktyabrın 2-də Bakıda Azərbaycanın Kosmik Agentliyinin və Beynəlxalq Astronavtika Federasiyasının tətəfdaşlığı ilə 74-cü Bakı Beynəlxalq Astronavtika Konqresi başlayıb.
Azərbaycan Prezidenti İlham Əliyev konqresin açılış mərasimində çıxış edib.
Prezident İlham Əliyev çıxışında bildirib ki, 19-cu əsrin ortalarında Azərbaycan dünyada ilk neft hasil edən ölkə olub. O, vaxt biz dünya neft hasilatının yarısını verirdik. Bəlkə də çoxları bilmir ki, dənizdə neft ilk dəfə XX əsrin ortalarında Azərbaycan neftçiləri tərəfindən hasil edilib. Bunu Azərbaycan Prezidenti İlham Əliyev 74-cü Beynəlxalq Astronavtika Konqresinin açılış mərasimində çıxışı zamanı deyib .
“Bu gün müstəqilliyimiz dövründə təbii sərvətlərimiz Azərbaycan xalqının rifahı naminə istifadə olunub. Müstəqillik dövründə Azərbaycanın dinamik inkişafı onu göstərir ki, biz öz sərvətlərimizi düzgün idarə etmişik”, - deyə dövlət başçısı vurğulayıb.
Azərbaycan bir dəfə - 1973-cü ildə Beynəlxalq Astronavtika Konqresinə ev sahibliyi edib. Beləliklə, 50 ildən sonra - 2023-cü ildə paytaxtımızda ikinci konqresə ev sahibliyi etməyimiz rəmzi məna kəsb edir. Lakin həmin vaxt Azərbaycan müstəqil deyildi. Azərbaycan Sovet İttifaqının tərkibində idi, Sovet İttifaqının 15 respublikasından biri idi. 1973-cü ildə Azərbaycanın konqresə ev sahibi seçilməsi xalqımızın və Azərbaycanın yüksək intellektual və texniki potensialını nümayiş etdirdi.
Müstəqillik dövründə Azərbaycan möhtəşəm inkişafa nail olub. Azərbaycan beynəlxalq arenada fəal ölkələrdən biridir. Bu gün Azərbaycan Birləşmiş Millətlər Təşkilatından sonra ikinci beynəlxalq qurum olan Qoşulmama Hərəkatına sədrlik edir. Bizim iqtisadi göstəricilərimiz statistikada öz əksini tapıb. Son 17 ildə ümumi daxili məhsulumuz üç dəfə artıb, yoxsulluq səviyyəsi demək olar ki, 50 faizdən 5 faizə düşüb, xarici borcumuz ümumi daxili məhsulumuzun təxminən 20 faizi həcmindədir və ehtiyatlarımız xarici borcdan 6 dəfə çoxdur.
Hazırda təbii ehtiyatlarımız inkişafımıza xidmət edir və təbii ehtiyatlarımızın insan kapitalına çevrilməsi bizim əsas prioritetlərimizdən biridir. Bu gün Azərbaycan kosmik klubun üzvüdür və Azərbaycan 3 peyki ilə bu istiqamətdə öz fəaliyyətini davam etdirməyi planlaşdırır. Qeyd edək ki, Azərbaycanda kosmik sənayenin inkişafının təməlini ulu öndər Heydər Əliyev qoyub. 1973-cü ildə Beynəlxalq Astronavtika Konqresinin ölkəmizdə keçirilməsi bunun bariz nümunəsidir. Bu tədbir xalqımızın yüksək intellektual potensialı ilə yanaşı, texniki potensialını da bütün dünyaya nümayiş etdirib.
Ulu Öndərin bu siyasətini Prezident İlham Əliyev uğurla davam etdirir. Dövlətimizin başçısının rəhbərliyi ilə ölkəmizdə elm, texnologiya, IKT, o cümlədən kosmik sənayenin inkişaf etdirilməsi istiqamətində son illərdə çox mühüm işlər görülüb. Kosmik proqramların hazırlanması və reallaşdırılması müstəqillik tariximizin ən böyük uğurlarından biri kimi tarixə düşüb. Son 5 ildə ölkəmizin orbitdə 3 peykə sahib olması Azərbaycanı dünya kosmik klubunun fəal üzvünə çevirib. Bununla da Azərbaycan informasiya-kommunikasiya texnologiyaları sahəsində aparıcı ölkələrdən biri olduğunu təsdiqləyıb. 2023-cü ildə Beynəlxalq Astronavtika Konqresinin Bakıda keçirilməsi Azərbaycanın beynəlxalq nüfuzunun göstəricisi olmaqla yanaşı, həm də ölkəmizin İKT sahəsində son illərdə əldə etdiyi böyük uğurlarla bağlıdır.
Ceyhun Hüseynov,
Masallı RMX, İƏ şöbəsi