Əsrarəngiz təbiəti, yerləşdiyi əlverişli coğrafi əhəmiyyəti ilə diqqət çəkən Naxçıvan tarixən gərgin siyasi mübarizə meydanı olmuş, dəfələrlə yadellilər tərəfindən işğala məruz qalmışdır. Amma düşmənə arxa çevirməyən yerli əhalinin qəhrəmanlığı ilə bu torpağa göz dikənlər heç vaxt istəklərinə nail ola bilməmişlər. Qalaları xatırladan igidlərimiz düşmən qarşısında canlı sipər olaraq müqəddəs torpaqlarını qorumuşlar. Ermənistan Azərbaycana qarşı işğalçılıq siyasətini aparmağa başlayanda Naxçıvana qarşı da onların ərazi iddiaları var idi. Burada da şiddətli döyüşlər gedirdi və məhz o vaxt Azərbaycanın böyük oğlu Ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə, Naxçıvan düşməni yerinə oturtdu və öz ərazisini qoruya bildi. Naxçıvanın enerji təminatı Azərbaycanın əsas hissəsindən olduğu üçün Ermənistan bütün elektrik və qaz xətlərini kəsmişdi və Naxçıvan faktiki olaraq mühasirədə idi. İşıq yox, qaz yox, qışlar da çox soyuq keçir və 15 il Naxçıvan qazsız yaşamışdır.
Naxçıvanın inkişafında böyük xidmətləri olan, böyüyüb, boya-başa çatdığı doğma yurdunun tərəqqisi naminə fədakarlıq göstərən ulu öndər Heydər Əliyevin “ Azərbaycanın qədim və zəngin tarixə, mədəniyyətə və çox əsrlik dövlətçilik ənənələrinə malik Naxçıvan diyarı mürəkkəb və çətin inkişaf yolu keçmişdir. Orta əsrlərdə Şərqin iri elm, mədəniyyət, ticarət və sənətkarlıq məktəblərindən biri kimi şöhrət qazanmış Naxçıvan dünya sivilizasiyasına dəyərli töhfələr vermişdir. Naxçıvanlıların öz fədakarlığı, işgüzarlığı hesabına Naxçıvan yaşayır, inkişaf edir, Naxçıvanda quruculuq posesləri gedir” sözləri Muxtar Respublikanın Azərbaycan üçün əhəmiyyətini əks etdirir.Azərbaycanın ayrılmaz tərkib hissəsi olan, salnaməsini zənginləşdirən tarixi hadisələri hər daşında, qayasında yaşadan, Qədim İpək Yolunun mərkəzində yerləşən Naxçıvanda sentyabrın 25-də Azərbaycan-Türkiyə sənədlərinin imzalanması mərasimindən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan mətbuata bəyanatlarla çıxış ediblər. Türkiyə-Azərbaycan əlaqələri dünyaya nümunə olan qardaşlığın və sülhün təminatçısıdır desək yanılmarıq. “Bir millət, iki dövlət” şüarı çərçivəsində Türkiyə -Azərbaycan əlaqələri və əməkdaşlığı bütün sahələrdə güclənir.
Ermənistanla münasibətlərdən söhbət açan Prezident İlham Əliyev vurğuladı ki, “Əgər üç il bundan əvvəl İkinci Qarabağ müharibəsi nəticəsində biz işğala son qoymuşduqsa, bu il aprelin 23-də Laçın istiqamətində Azərbaycan-Ermənistan sərhədində sərhəd-buraxılış məntəqəsini qoymaqla ərazi bütövlüyümüzü tam bərpa etmişdiksə, sentyabrın 19 isə suverenliyimizi tam bərpa etdik. Bundan başqa cari ilin sentyabrın 19-da erməni separatçılarına qarşı 24 saat ərzində həyata keçirilən antiterror tədbirləri nəticəsində Azərbaycan ərazisində qanunsuz məskunlaşmış Ermənistan ordusu təslim oldu, bizim şərtlərimizi qəbul etdi və beləliklə, Azərbaycan öz dövlət suverenliyini tam təmin etmişdir.”
“İki il bundan əvvəl Şuşa şəhərində - uzun zaman davam edən işğaldan sonra azad edilmiş Şuşa şəhərində Şuşa Bəyannaməsi - müttəfiqlik bəyannaməsi bizim münasibətlərimizi yeni müstəviyə qaldırdı. Bu gün bu əlaqələr ən yüksək zirvədədir və bütün istiqamətlər üzrə biz indi əlaqələrimizin çox fəal dövrünü yaşayırıq. Bu gün təməlini qoyduğumuz İğdır-Naxçıvan qaz xətti - vaxtilə biz Sizinlə TANAP layihəsinin təməlini qoymuşduq, TANAP boru xəttinin açılışını bərabər etmişdik - bu gün isə Türkiyədən Azərbaycanın parçası olan Naxçıvana qaz kəmərinin inşası ilə bağlı işlərə start veririk. Qars-Naxçıvan dəmir yolunun inşasına dair Niyyət Protokolunun imzalanması da tarixi hadisədir. Əminəm ki, bu layihə də uğurla həyata keçiriləcək və beləliklə, Orta Dəhlizin bir qolu kimi həm Azərbaycana, həm Türkiyəyə, həm də digər ölkələrə xidmət göstərəcəkdir.”
Əntiqə Tağıyeva,
Masallı Tarix-Diyarşünaslıq Muzeyi