“İkinci Qarabağ müharibəsi bizim şanlı tariximizdir. Bu Qələbə tarixdə əbədi qalacaq. Azərbaycan Silahlı Qüvvələri 44 gün ərzində düşmən ordusunu məhv edərək öz ərazi bütövlüyünü bərpa etdi... Biz düşməni torpaqlarımızdan qovduq və ədaləti, beynəlxalq hüququ bərpa etdik. Biz milli ləyaqətimizi bərpa etdik. Bu gün Azərbaycan xalqı müzəffər xalq kimi yaşayır. Bu gün Azərbaycan dövləti qalib dövlət kimi yaşayır. Biz bundan sonra müzəffər xalq və qalib dövlət kimi əbədi yaşayacağıq”.
Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, Azərbaycan bayrağını işğaldan azad edilən torpaqlarımızda dalğalandırmış, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş əsgər və zabitlərimizə, bütün şəhidlərimizə dərin ehtiram əlaməti olaraq Prezident İlham Əliyev 27 sentyabr – Vətən müharibəsinin başladığı günün Azərbaycan Respublikasında Anım Günü kimi qeyd olunması ilə bağlı Sərəncam imzalamışdır. Bu addım şəhid ruhlarına, şəhidlərin doğmalarına ali ehtiramın göstəricisidir.
Ən əsası Azərbaycan xalqı ötən 30 illik dövr ərzində işğalla barışmadı və ərazi bütövlüyünü bərpa etmək üçün sarsılmaz əzm göstərdi. Prezident İlham Əliyevin rəhbərliyi dövründə yetişən, formalaşan vətənpərvər gənclər Vətəni qorumaq üçün hər cür fədakarlığa hazır olduqlarını dönə-dönə sübut etdilər.
Ötən dövr ərzində çoxşaxəli, prinsipial, dürüst xarici siyasətin yürüdülməsi, beynəlxalq təşkilatlarla və xarici dövlətlərlə fəal işin aparılması, sıx əlaqələrin qurulması, həyata keçirilən regional enerji və kommunikasiya layihələri Azərbaycanın etibarlı tərəfdaş kimi mövqeyini xeyli gücləndirdi, ölkənin nüfuzunu artırdı, bölgədə Azərbaycanın iradəsi həlledici amilə çevrildi.
Bütün bu amillər Azərbaycanın mütləq Qələbəsini tam şərtləndirdi və onun əldə edilməsi zaman məsələsinə çevirdi.
Azərbaycan dəfələrlə Ermənistanı işğal etdiyi ərazisini geri qaytarmağa çağırdı, Ermənistan nəinki bu çağırışlara məhəl qoymadı, əksinə, yeni Azərbaycan torpaqlarını işğal etməyə həvəsləndi, ardıcıl hərbi təxribatlar törətmək yolunu seçdi.
Prezident İlham Əliyev çıxışlarının birində bu barədə deyib: “Biz sübut etdik ki, biz böyük xalqıq. Biz sübut etdik ki, biz həmrəylik göstəririk, birlik göstəririk və bu birlik onsuz da cəmiyyətdə var idi. Ancaq bu zəfərdən sonra bu, daha da yüksək səviyyəyə qalxdı. Bu birlik bizə imkan verəcək ki, işğaldan azad edilmiş torpaqlara yenidən həyat qaytaraq, məcburi köçkünlərimizi o yerlərə maksimum qısa müddət ərzində qaytaraq. Qarabağ bölgəsi, gözəl tarixi diyarımız sanki yenidən doğulacaq, yenidən canlanacaq, dirçələcək. Azərbaycanın ayrılmaz hissəsi və ən gözəl güşələrindən biri olan Qarabağ əsl cənnət məkanına çevriləcəkdir”.
Paşayev Teymur,
Masallı rayon Elşən Heybətov adına Dəlləkoba kənd ümumi orta məktəbinin laborantı