Ermənistanın Vətən müharibəsinin başa çatmasından sonra keçən üç il ərzində davamlı olaraq nümayiş etdirdiyi destruktiv mövqeyi, ölkəmizə qarşı mütəmadi olaraq həyata keçirilən hərbi diversiya və terror aktları, siyasi müstəvidə törədilən təxribatlar Azərbaycanı növbəti dəfə öz gücünü göstərmək məcburiyyətində qoydu. Danılmaz faktlarla təsdiq olunub ki, Laçın sərhəd-buraxılış məntəqəsi qurulana qədər İkinci Qarabağ müharibəsindən sonra Ermənistandan Azərbaycanın Qarabağ bölgəsinə qanunsuz olaraq çox sayda minalar gətirilmiş və müxtəlif yerlərdə basdırılmışdır. Ötən üç il ərzində 300-dən çox Azərbaycan vətəndaşı mina terrorunun qurbanı olmuş və ya ağır yaralanmışdır.
Həmçinin 19 sentyabr tarixində Azərbaycanın Qarabağ bölgəsində qanunsuz məskunlaşmış erməni silahlı birləşmələrinin törətdikləri terror aktı nəticəsində 6 Azərbaycan vətəndaşı, o cümlədən iki mülki şəxs mina terrorunun qurbanı olmuşdur. Bütün bunlara cavab olaraq elə həmin gün Azərbaycan öz legitim hüququndan istifadə edərək Ali Baş Komandan cənab İlham Əliyevin əmri ilə antiterror əməliyyatlarına başladı. Lokal xarakterli antiterror tədbirlərin qarşısında duran bütün vəzifələr cəmi bir gün ərzində yerinə yetirildi. Terrorçular cəzalandırıldı və bir daha Ermənistana göstərildi ki, onların istənilən təxribatına layiqli cavab veriləcəkdir. Sentyabrın 20-də xalqa müraciət edən Ölkə Prezidenti cənab İlham Əliyev bir daha bütün bu baş verənlərə dair həm ölkə, həm də dünya ictimaiyyətinə ətraflı açıqlamalar təqdim etdi.
Dövlət başçısının çıxışında qeyd olundu ki, antiterror tədbirlərinin nəticəsində Azərbaycan öz suverenliyini bərpa etmişdir. Əməliyyatların gedişində hərbçilərimiz böyük qəhrəmanlıq, şücaət, peşəkarlıq gnümayiş etdirmiş və qısa müddət ərzində bütün istiqamətlər üzrə əhəmiyyətli dərəcədə hərbi uğurlar əldə etmişlər. Ermənistanın Azərbaycan ərazisində qanunsuz yerləşdirilmiş və rəsmi İrəvanın öhdəliyinə baxmayaraq, bu günə qədər çıxarılmamış ordunun böyük hissəsi tamamilə məhv edilmişdir. Xüsusi qeyd etmək lazımdır ki, əməliyyat başlamazdan əvvəl bütün hərbi birləşmələrimizə Ali Baş Komandan tərəfindən verilmiş ciddi tapşırığa uyğun olaraq, aparılan antiterror tədbirləri nəticəsində Qarabağ bölgəsində yaşayan erməni əhalisi zərbə altına düşməmiş və mülki əhali qorunmuşdur.
Azərbaycanın dəmir yumruğu bu dəfə də öz təsirini dərhal göstərdi. Cəmi bir gün davam etmiş döyüşlərin nəticəsində qanunsuz silahlı birləşmələr artıq Azərbaycanın şərtlərini qəbul edərək təslim oldular. Sentyabrın 21-də isə Qarabağda yaşayan erməni icmasının nümayəndələri artıq Yevlax şəhərində rəsmi Bakının təmsilçiləri ilə görüşə gəldilər. Halbuki, dövlət başçımızın ötən dövrdə dəfələrlə etdiyi bu təklif uzun müddət cavabsız qoyulurdu.
Öz çıxışında cənab Prezident İlham Əliyevin dediyi kimi, bundan sonra bölgəmizdə yeni vəziyyətin yaranması labüddür. Çünki kriminal xunta rejimi təslim olandan sonra Qarabağda yaşayan erməni əhalisi də nəhayət rahat nəfəs ala bilərlər. Bu insanlar da Azərbaycan vətəndaşlarıdırlar. Sadəcə olaraq, erməni millətçiləri, müharibə cinayətkarları, Ermənistanın və Qarabağın dırnaqarası rəhbərləri o insanları girov götürmüşdü və onların beyinlərini zəhərləmişdi. Azərbaycanın niyyəti bölgədə sülh, qarşılıqlı anlaşma, qarşılıqlı hörmət əsasında birgə həyat qurmaqdır.
Əlbəttə ki, Azərbaycanın keçirdiyi antiterror tədbirləri nəhayət ki, bütün Cənubi Qafqazda yeni reallığa, uzunmüddətli sülhə yol açır. Əgər Ermənistan da bundan sonra revanşist fikirlərlə yaşamaqdan əl çəksə Cənubi Qafqaz indiyədək heç zaman yaşamadığı tarixi inkişaf və çiçəklənmə yoluna qədəm qoya bilər. Amma bunun üçün həm də bölgəmizdən uzaqda yerləşən, ancaq öz siyasi gündəliyini güdən və erməni xalqından bir alət kimi istifadə edən, onları istismar edən və dar gündə onları satan qüvvələrin, saxtakarların, korrupsiyalaşmış siyasətçilərin regionda gedən proseslərə müdaxilə etmələrinin qarşısı alınmalıdır. Möhtərəm Prezidentimiz bunu açıq mətnlə bəyan etdi və artıq hər kəs bu mesajdan öz payını götürməlidir.
Rusif Kərimov,
Viləşçay Su Anbarı İstismarı İdarəsinin rəisi