Səbail Rayon İcra Hakimiyyətinin başçısı Vuqar Zeynalov, Səbail bələdiyyəsinin sədri Hacı Əliyev və RİHBA-nın məsul əməkdaşları Vətən müharibəsi şəhidi Əliyev Fərid Pirəli oğlunun ailə üzvlərini ziyarət etmişlər. İlk öncə şəhidin ailə üzvlərinin yaşadığı evin qarşısında Fərid Əliyevin əziz xatirəsinin əbədiləşdirilməsi məqsədilə quraşdırılmış barelyefi ziyarət olunaraq xatirəsi ehtiramla anılmışdır.
Görüş zamanı şəhidin ailə üzvlərinin qayğıları ilə maraqlanan RİH başçısı Vuqar Zeynalov dövlət tərəfindən hər zaman şəhid ailələrinə və müharibə əlillərinə xüsusi diqqətlə yanaşıldığını vurğulayaraq Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin və Birinci vitse-prezident xanım Mehriban Əliyevanın həyata keçirdikləri sosial siyasətin tələblərinə uyğun olaraq ölkəmizin hər yerində olduğu kimi Səbail rayonunda da şəhid ailələri, Qarabağ müharibəsi əlilləri, müharibə veteranları və digər həssas əhali qrupu lazımi qayğı ilə əhatə olunduğunu, onların mövcud problemlərinin həllində köməklik göstərilməsi məqsədilə operativ tədbirlər görüldüyünü bildirmişdir.
Şəhidin ailə üzvləri şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə Ölkə rəhbəri cənab İlham Əliyevə və Birinci vitse-prezident xanım Mehriban Əliyevaya öz minnətdarlıqlarını bildirmişlər.
Qeyd edək ki, Vətən müharibəsində Şuşa şəhəri istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olan Əliyev Fərid Pirəli oğlu döyüşlərdə göstərdiyi qəhrəmanlığa görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən ölümündən sonra 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni, "Vətən uğrunda”, “Cəsur döyüşçü”, “Cəbrayılın azad olunmasına görə” və “Şuşanın azad olunmasına görə” medalları ilə təltif olunmuşdur.