10 noyabr 2020-ci il... Müasir Azərbaycanın qəhrəmanlıq salnaməsinə qızıl hərflərlə yazılan ŞANLI tarix... VƏTƏN müharibəsinin ŞANLI QƏLƏBƏ ilə bitdiyi tarixi gün... Xalqına QƏLƏBƏ müjdəsini verən QALİB sərkərdə, müzəffər Ali Baş Komandan... QƏLƏBƏ müjdəsini sevinc göz yaşları, böyük coşqu ilə qarşılayan QALİB xalq... Gecənin tən yarısı... Kiçikdən böyüyə hər kəs DƏMİR yumruq ətrafında bir idi. O gecənin zülmət qaranlığı ŞANLI QƏLƏBƏnin parlaq işığına büründü.
30 illik yurd həsrətinə son qoyulduğu o gecədə qələbəni bayram etmək, sevincini bölüşmək üçün BÜTÖV Azərbaycan ayaq üstə idi. Hər bir Azərbaycan vətəndaşının həyatında ən xoşbəxt anın doğurduğu qürur, fəxarət hissi...
Müzəffər Ali Baş Komandan xalqına müjdə– QƏLƏBƏ xəbərini verir: “Bu gün ölkəmiz üçün tarixi bir gündür. Bu gün Ermənistan–Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə son qoyulur... Mən də xoşbəxtəm ki, bu xoş xəbərləri, bu müjdəni Azərbaycan xalqına verirəm”. Qalib ölkənin məğrur insanları əllərində üçrəngli Azərbaycan bayrağı, gözlərində şükranlıq, ürəklərində qüdrətli sərkərdənin cəsur, məğlubedilməz əsgərlərinə minnətdarlıq duyğuları ilə qələbənin işığına yığışmaq üçün küçə və meydanlara axışdılar. Günəşli səhəri meydanlarda ZƏFƏRlə açdı qalib xalq!
Qəhrəman Azərbaycan əsgərinin “iti qovan kimi qovduğu” məğlub erməni dığaları isə küçələrə axışaraq məğlubiyyətlərinin acısını yaşamaq məcburiyyətində qaldılar.
Haqq işini haqq edərək öz torpaqlarında VƏTƏN müharibəsinə qalxan Azərbaycanın gücünü təkcə məğlub işğalçı Ermənistan deyil, bütün dünya gördü. Rəşadətli ordumuz Vətən torpaqlarından işğalçı vətənsizləri qovaraq Azərbaycanın ərazi bütövlüyünü, toxunulmazlığını təmin etdi. Bu gün Vətən savaşında şəhid olan ər oğullarımızın ruhu şaddır.
1 oktyabr 2003-cü il tarixli xalqa müraciətində “İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm” inamını ifadə edən ulu öndərin ruhu qarşısında müzəffər Ali Baş Komandan hesabatını verdi: “Xoşbəxt adamam ki, ata vəsiyyətini yerinə yetirdim... Bu gün böyük qürur hissi ilə deyə bilərik ki, Füzuli bizimdir, Cəbrayıl bizimdir, Zəngilan bizimdir, Qubadlı bizimdir, Ağdam bizimdir, Laçın bizimdir, Kəlbəcər bizimdir, Şuşa bizimdir, Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!”.
Sarvan İbrahimov