Ötən əsrin 90-cı illərinin əvvəllərində, SSRİ-nin süqutu və dağılması prosesinin son və həlledici mərhələyə daxil olduğu dövrdə keçmiş İttifaqın bir çox respublikalarında olduğu kimi, Azərbaycanda da Sovet imperiyasının bərpasına ümid edən qüvvələr hələ də mövcud idi. Digər tərəfdən isə, fərqli qüvvələr respublikada yaranmış siyasi böhrandan faydalanaraq özləri ölkədə hakimiyyətə gəlməyə can atırdılar. Məqsədləri başqa-başqa olsa da, onları mahiyyət etibarı ilə eyniləşdirən əsas xüsusiyyətləri bu qüvvələrin anti-milli xarakter kəsb etmələri idi. Hakimiyyət uğrunda mübarizəni vətəndaş müharibəsi səviyyəsinə çatdırmaqdan belə çəkinməyən, ermənilərin ard-arda şəhər və kəndlərimizi işğal etmələrinə rəğmən ölkədə onsuz da az sayda və zəif olan hərbi hissələri parçalayaraq paytaxtda və digər regionlarda öz şəxsi maraqlarının müdafiəsi üçün silahlı qarşıdurmalara çəkən bu qüvvələrin qarşısını ala biləcək yeganə şəxsiyyət isə, dünya miqyasında ən görkəmli siyasi və dövlət xadimlərindən biri olan Heydər Əliyev idi.
Buna görə də 1990-cı il iyulun 20-də Ulu Öndər Heydər Əliyev ölkənin ən çətin günlərində öz xalqının yanında olmaq üçün Bakıya qayıdan zaman bütün anti-milli qüvvələr birləşərək bu dahi insana qarşı çıxdılar. Çox təəssüflər olsun ki, həmin dövrdə onlar Heydər Əliyevin respublikada siyasi hakimiyyətə gəlişini əngəlləyə bildilər və 22 iyul tarixində Ulu Öndər Naxçıvana yola düşdü. Halbuki, o zaman Heydər Əliyev ölkəyə rəhbərliyi öz üzərinə götürsəydi, Azərbaycan növbəti iki il ərzində üzləşdiyi bir çox faciələri yaşamalı olmazdı.
Lakin bu baş verənlər də Ümummilli Liderimizin ölkənin siyasi həyatında iştirakını əngəlləyə bilmədi. 30 sentyabr 1990-cı il tarixində Heydər Əliyev Azərbaycan SSR və Naxçıvan MSSR Ali Sovetlərinə deputat seçildi. Bundan sonra Ulu Öndər müasir müstəqil Azərbaycanın qurulması istiqamətində məqsədyönlü addımlar atmağa başladı. 1990-cı il noyabrın 17-də Heydər Əliyevin sədrliyi ilə keçirilmiş Naxçıvan Ali Məclisinin iclasında Ulu Öndərin təşəbbüsü ilə muxtar respublikanın adından “sovet” və “sosialist” sözlərinin götürülməsi və Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli bayrağının dövlət bayrağı kimi qəbul edilməsi barədə qərarlar qəbul olundu. Həmçinin analoji addımların atılması üçün Azərbaycan Ali Soveti qarşısında qanunvericilik təşəbbüsü qaydasında məsələ qaldırıldı.
Azərbaycan SSR Ali Sovetinin 1991-ci il fevralın 5-də açılmış sessiyasında dövlətin adı dəyişdirilərək “Azərbaycan Respublikası” adlandırıldı, Azərbaycan Xalq Cümhuriyyətinin bayrağı dövlət bayrağı kimi təsdiq olundu. 1991-ci il avqustun 26-dan Naxçıvan Muxtar Respublikası ərazisində Azərbaycan Kommunist Partiyasının fəaliyyəti dayandırıldı, onun bütün strukturları ləğv edildi. Həmin il avqustun 30-da Azərbaycan Respublikası Ali Sovetinin xalqın tələbi ilə çağırılmış növbədənkənar sessiyasında Ulu Öndər Heydər Əliyev Azərbaycanın müstəqilliyinin elan olunması təklifi ilə çıxış etdi. Bunun nəticəsində həmin sessiyada “Azərbaycan Respublikasının dövlət müstəqilliyini bərpa etmək haqqında” Bəyannamə qəbul edildi. 1991-ci il sentyabrın 3-də Heydər Əliyev Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri seçildi və müvafiq qanunvericiliyə əsasən həm də Azərbaycan Respublikası Ali Soveti sədrinin müavini oldu. Məhz bu hal Ulu Öndərin ölkənin ictimai-siyasi həyatında daha yaxından iştirak etməsinə yol açdı. Oktyabr ayının 18-də Ali Sovet “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında Konstitusiya Aktı”nı qəbul etdi.
1993-cü ildə xalqın təkidli tələbi ilə respublikada siyasi hakimiyyətə qayıdan Ümummilli Lider Heydər Əliyev ölkəni gözləyən bütün təhlükələri dəf etdi, Azərbaycanın müstəqilliyinin möhkəm təməlini qoydu. Həmin ildən ölkə səmərəli dövlətçilik konsepsiyası, iqtisadiyyatın dirçəlişi strategiyası və azərbaycançılıq fəlsəfəsinin əsaslarına uyğun olaraq demokratik inkişaf yoluna qədəm qoydu.
Bu gün, həmin tarixi hadisədən 30 il sonra, Azərbaycan Ölkə Prezidenti, Silahlı Qüvvələrin Ali baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi ilə özünün suveren ərazi bütövlüyünü bərpa etmiş, dünyada nüfuzu getdikcə yüksələn və iqtisadi gücü durmadan artan bir ölkə kimi Ulu Öndərimizin əsasını qoyduğu inkişaf yolu ilə inamla irəliləyir.
Rusif Kərimov,
Viləşçay Su Anbarı İstismarı İdarəsinin rəisi