Azərbaycanın Milli Qəhrəmanı Əlif Hacıyevin adını daşıyan elmi-tədqiqat gəmisi əsaslı təmirdən sonra ekspedisiya və monitorinqlərin aparılması üçün yenidən Xəzər dənizinə çıxıb.
Bunu LEQAL.AZ-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mütəxəssislərindən ibarət ekspedisiya qrupunun rəhbəri Bəxtiyar Seyidov bildirib.
O qeyd edib ki, Xəzər dənizinə və onun ətraf mühitinə təsirlərin müəyyənləşdirilməsi, mövcud ekoloji vəziyyətin qiymətləndirilməsi məqsədilə noyabrın 12-dən 16-dək dənizdə kompleks tədqiqatlar aparılıb: “Monitorinqlər Xəzərdə fəaliyyət göstərən Ümid-Babək, Şahdəniz, Abşeron, Günəşli, Neft Daşları və Qarabağ neft-qaz yataqlarında keçirilib. 28 müxtəlif koordinat üzrə su, qrunt, plankton və hava nümunələri götürülüb, dəniz üzərində atmosfer havasının çirklənmə vəziyyəti öyrənilib, hidrometeoroloji ölçmələr aparılıb, biomüxtəliflik tədqiq edilib”.
Qeyd edək ki, Azərbaycanın Milli Qəhrəmanı, mayor Əlif Hacıyev Xocalı aeroportunun komendantı olub və 1-ci Qarabağ müharibəsində göstərdiyi şücaətə görə Qarabağ cəngavəri adını alıb. Xocalı faciəsi zamanı qəhrəmancasına şəhid olan Əlif Hacıyevə ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adı verilib.