Prezident İlham Əliyev 22 iyul tarixində Şuşada “Euronews” televiziya kanalına müsahibə verib. Ali Baş Komandandan müsahibəsində sülh, quruculuq, birgəyaşayış vurğusu ilə əsl qaliblərin yüksək ləyaqətini bir daha nümayiş etdirmiş oldu. Bu müsahibədə ölkəmizin başçısı bir daha Azərbaycanın sülhə can atdığını, Avropaya və inkişaf etmiş dünyaya inteqrasiyanın davam etdiyini, Avropanın enerji təchizatı üçün mübarizə apardığını bəyan etmiş oldu.
Azərbaycan Prezidentinin müsahibəsi işğalçı Ermənistanın Şəri, bizim Zəfər qazanmış ölkəmizin Xeyri, ədaləti təcəssüm etdirdiyini faktoloji olaraq nümayiş etdirir. Özünüz təsəvvür edin- 30 illik işğalın acı nəticələri, soyqırım aktları üzərindən sülh quruculuğu təklifi ilə çıxış etmək özü ərdəmliliyi, gələcəyə baxışı ifadə edir. Beynəlxalq aləm bu qüdsiyyətin, ləyaqətin və ərdəmin fərqində olmalıdlr. Dünya erməniliyinin, erməniyanlıların ədalətsiz çağırışları, revanşizm, ikilistandartlar, işğalçı ilə işğala məruz qalanı eyni tutmaq ədalətə, multikulturalizmə, birgəyaşayışa, dünya nizamına əsla xidmət edə bilməz!
“Azərbaycan 30 illik işğaldan əziyyət çəkmiş və ədaləti güc hesabına bərpa etmiş ölkə olaraq yeni sülh prosesinin müəllifi oldu. Bir milyon azərbaycanlı 30 il ərzində evindən məhrum olmuşdur, buna baxmayaraq biz qisası döyüş meydanında aldıq”.
Prezident önəmli görüşlərə, sülh üçün vasitəçilər mövzusuna da toxunaraq bildirdi ki, Brüssel görüşləri Avropa İttifaqı Şurasının Prezidenti tərəfindən təşkil olunur. Həmin görüşlər çox həssas məsələlərə toxunmaq imkanını verir. Əlbəttə, sülhün prinsipial şərtləri var. Biz məhz ədalətli, qalıcı sülhdən danışırıq, “ötəri sülh”dən danışmırıq və belə variantları qətiyyən qəbul etmirik. Ədalətsiz “sülh”ə işğal illərində razı olmayan dövlət, Zəfərdən sonra, əlbəttə, ədaləti diktə edən tərəfdir və Ozan Arif demiş, “başqa yolu yox artıq”!
“Əgər biz Ermənistan tərəfindən konstruktiv yanaşma görsək və əgər onlar ərazi bütövlüyümüzü mübahisələndirən bütün iddialarını kənara qoysalar, onda tezliklə sülh variantını tapa bilərik”.
Son dönəmdə Qarabağın erməni əhalisinin aid olduqları ölkəyə - ədalətli Azərbaycan Respublikasına inteqrasiyası mövzusu da güncəldir. Müsahibədə bu güncəl mövzu da diqqətdən qıraqda qalmayıb. Prezident jurnalistin sualına cavabında dövlətimizin, xalqımızın ədalətli və ləyaqətli mövqeyini bir daha parlaq şəkildə şərh edərək bildirib ki, “Faktiki olaraq erməni əhalinin yaşadığı bir neçə kənddən keçən yeni Laçın yolunu tikməyə başlayanda xalqlar arasında təmaslar oldu. Yolun inşası ilə məşğul olan işçilərlə erməni icması arasında təmaslar qurulub və onlar demək olar dərhal dostlaşıblar. Əgər tikintinin birinci ayında rusiyalı sülhməramlılar hər iki tərəfin təhlükəsizliyini təmin edirdilərsə, sonradan onlar, sadəcə olaraq, çıxıb getdilər. Bu, onu göstərir ki, sadə insanların əksəriyyətinin ürəyində bu nifrət yoxdur”.
Bəli, biz Qarabağın erməni əhalisinə normal, ləyaqətli yaşam təklif edirik. Biz onları təhlükəsizlik təminatı, hüquqlarının təmin edilməsi yolu ilə Azərbaycan cəmiyyətinin bir hissəsi olaraq normal yaşama dəvət edirik.
Ülvü Rufullayev,
Binə Xocavar kəndi