Dilimiz varlığımızdır

Dilimiz varlığımızdır
  • Cəmiyyət

  • Dil xalqın mənəviyyatı, onun ruhudur, ürəyinin güzgüsüdür.Dil sahib olduğumuz sərvətlər içərisində ən qiymətlisidir.Hər xalqın öz dili var. Təcrübə göstərir ki,ana dillərini unudan xalqlar sonda məhv olmuş xalqlar sırasına daxil olurlar. Azərbaycan xalqı tarix boyu öz dilini mühafizə edib saxlamış, göz bəbəyi kimi qorumuşdur.Dövlət dilimiz olan Azərbaycan dili zaman-zaman inkişaf edib, zənginləşib.Dilimiz zəngin lüğət tərkibinə, mükəmməl qrammatik quruluşuna, ifadə vasitələrinə malikdir.Xalq şairi Səməd Vurğun ana dilini xalqın namusu, tarixi, vicdanı adlandırırdı.XVIII əsrdə Qafqaza gələn A.Düma öz qeydlərində yazırdı: ”Avropada fransız dili necə əhəmiyyətə malikdirsə, Qafqazda da Azərbaycan dili o cür əhəmiyyətə malikdir.”
       
    Ümummilli liderimiz Heydər Əliyev ana dilinin saflığının qorunması üçün mühüm işlər görürdü.Ulu öndərimiz ana dili haqqında deyirdi: ”Hər bir Azərbaycan vətəndaşı, hər bir azərbaycanlı öz ana dilini, Azərbaycan dilini, dövlət dilini mükəmməl bilməlidir.” Ana dilinin statusunun özünə qaytarılması məhz Heydər Əliyevin adı ilə bağlıdır.Onun ana dili haqqında imzaladığı sənədlər xalqın mənəvi qidası olan ana dilimizin mövcudluğuna yeni nəfəs, yeni yüksəliş verdi. Azərbaycanda ana dilinin hərtərəfli inkişafı, işlək dilə çevrilməsi, beynəlxalq münasibətlər sisteminə yol tapması Ulu öndər Heydər Əliyevin dilin qorunmasına yönələn siyasətinin nəticəsidir. 1970-ci ildə Azərbaycan KP MK-nın Birinci katibi Heydər Əliyev Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) 50 illik yubileyində Azərbaycan dilində çıxış edib. Bundan sonra ana dilimiz dövlət əhəmiyyətli tədbirlərə də yol açıb. Azərbaycan SSR-in 1978-ci il Konstitusiyasında Azərbaycan dilinin dövlət dili kimi qəbul edilməsi isə həmin dövr üçün əhəmiyyətli hadisə olub.
         
    2002-ci il sentyabrın 30-da “Azərbaycan Respublikasında dövlət dili haqqında” Qanunun qəbul edilməsi Azərbaycan dilinin dövlət dili kimi işlədilməsi, onun tətbiqi, qorunması və inkişaf etdirilməsi, dünya azərbaycanlılarının Azərbaycan dili ilə bağlı milli-mədəni özünümüdafiə ehtiyaclarının ödənilməsi istiqamətində daha bir addım olub. Bu sənəd Ümummilli lider Heydər Əliyevin xalqımıza və onun dilinə tükənməz məhəbbətinin, qayğısının parlaq nümunələrindən biridir. 
          
    Ulu öndərimizin hər bir tövsiyə və göstərişləri bizə ruh və həvəs verir, bizi yeni-yeni uğurlara səsləyir.Heydər Əliyevin anadan olmasının 100-cü ildönümünə həsr etdiyim “Heydər Əliyev və Azərbaycan dili dərsləri”m mənim bu dahi şəxsiyyətin yubileyinə bir töhfəm oldu.Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyev Ulu Öndərimizin uzaqgörən siyasətini uğurla davam etdirərək dilimizə,dilçiliyimizə,onun inkişafına böyük qayğı göstərir.Dövlət başçımız deyir: ”Müasir Azərbaycan ədəbi dili siyasi-ictimai, elmi-mədəni sahələrdə geniş işlənmə dairəsinə malik yüksək yazı mədəniyyəti olan və daim söz ehtiyatını zənginləşdirən bir dildir”. Dövlət başçımızın  01 noyabr 2018-ci ildə imzaladığı “Azərbaycan dilinin saflığının qorunması və dövlət dilindən istifadənin daha da təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında“ fərmanı ana dilinə dövlət qayğısının və Prezidentin bu sahəyə yüksək diqqətinin bariz nümunəsidir. 
         
    Ana dilinə sevgi Vətənə sevgi deməkdir.Hər bir vətəndaş öz doğma dilinin sahibi olmaqla bərabər onu qorumağa, zənginləşdirməyə borcludur. Bu mənada Azərbaycan dilini tədris edən müəllimlərin boynuna ağır yük düşür.Ana dilini tədris edən müəllim nə dərəcədə peşəkar, təcrübəli, bilikli olsa da danışığında yad kəlmələrdən istifadə edərək normal danışa bilmirsə, dövlət dilimizin təmizliyinə ziyan vuracaqdır.
          
    30 ildir ki,müəllimlik fəaliyyətinə ilk addımladığım doğma məktəbimizdə doğma ana dilimizi tədris edirəm.Mənəvi sərvətimiz olan dilimizin varlığını hiss etmək, qorumaq, onunla qürur duymaq necə də gözəldir! Çalışıram ki,dilimizi sevdirməklə yanaşı, ölkəmizin gələcək nəslini milli mənəvi dəyərlər bazasında tərbiyə edərək dilimizə sevginin təməlini qoyam. İnanıram ki,ş agirdlərimiz harada yaşamaqlarından asılı olmayaraq  dünyanın hər bir ölkəsində xalqımızın, dövlətimizin mənafeyini müdafiə edəcək, onu qorumağa cəsarətli olacaqlar.
               


    Məhbubə Şahbazova,
    Masallı rayon Bədəlan kənd tam orta məktəbi
    PAYLAŞ:

    Oxşar xəbərlər