“China Global Television Network “ televiziya kanalında Prezident İlham Əliyev müsahibə vermişdir

“China Global Television Network “ televiziya kanalında  Prezident İlham Əliyev müsahibə vermişdir
  • Cəmiyyət

  • Azərbaycanın müstəqil milli dövlət kimi dinamik inkişaf yolunda inamla və əmin addımlarla irəliləməsini təmin edən strateji faktorlardan biri milli maraqlara əsaslanan və praqmatik xarici siyasətin həyata keçirilməsidir. Bu strateji kurs respublikamızın beynəlxalq mövqeyinin daha da möhkəmlənməsini təmin edib. Regional güc mərkəzi olan respublikamız həm ikitərəfli münasibətlər, həm də beynəlxalq təşkilatlar çərçivəsində səmərəli və qarşılıqlı faydalı əməkdaşlıq əlaqələrini uğurla davam etdirir.
               
    Dünyanın bütün ölkələri ilə qarşılıqlı surətdə faydalı əməkdaşlıq yaratmaq prinsiplərini rəhbər tutan Azərbaycan Respublikası Çinlə də bütün istiqamətlərdə sıx əlaqələrə malikdir. Çin Xalq Respublikası Azərbaycanla çoxşaxəli münasibətlərin inkişafına, əməkdaşlığın dərinləşdirilməsinə xüsusi əhəmiyyət verir. Tərəflər arasındakı əlaqələr çoxşaxəlidir və siyasi, iqtisadi münasibətlər, o cümlədən regional təhlükəsizlik nöqteyi-nəzərindən mühüm əhəmiyyət kəsb edir. İqtisadi əlaqələrdən bəhs edərkən ilk növbədə vurğulamaq gərəkdir ki, iqtisadiyyatın bütün sahələrində uğurlu inkişaf edən əməkdaşlıq münasibətləri ticari əlaqələrin perspektivi üçün mühüm strateji baza formalaşdırır. Ümumilikdə, mövcud olan siyasi-iqtisadi əməkdaşlıq əlaqələri bölgədə inteqrasiyanın sürətləndirilməsində önəmli rola malikdir.

    Bir sözlə, çoxtərəfli, bərabərsəviyyəli əməkdaşlığa əsaslanan Çin-Azərbaycan münasibətləri hər iki tərəfin milli maraqlarına xidmət etməklə yanaşı, müasir geostrateji reallıqların fonunda Cənubi Qafqaz bölgəsində, daha geniş anlamda Avrasiyada işbirliyi və təhlükəsizliyə fundamental töhfələr verir. Bütövlükdə Azərbaycan-Çin əməkdaşlığı parlaq geostrateji perspektiv vəd edir və hər iki ölkənin siyasi, iqtisadi potensialı yeni əməkdaşlıq platformalarının formalaşmasına zəmin yaradır. Ümumiyyətlə, Çin ilə Azərbaycan arasında dostluq və tərəfdaşlıq münasibətləri yüksələn xətt üzrə inkişaf edir.
                 
    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cari ilin 22 iyul tarixində “China Global Television Network” televiziya kanalında yayımlanmış  müsahibəsində ifadə olunan fikirlər Azərbaycanla Çin arasında dostluq,  qarşılıqlı anlaşmanın yüksək səviyyədə oluğunu bir daha göstərir. “Bu gün regionun siyasi, habelə nəqliyyat marşrutları xəritəsinə nəzər saldıqda görürük ki, ölkələrimiz bir-biri ilə nə dərəcədə eyni mövqedən çıxış edir. Beynəlxalq gündəliyə aid təməl məsələləri götürsək görərik ki, bizim mövqelərimiz suverenlik, müstəqillik, ərazi bütövlüyü, digərlərinin daxili işlərinə qarışmamaq məsələlərində üst-üstə düşür” – deyə müsahibəsində bildirən Azərbaycan Prezident İlham Əliyev bildirib ki, iqtisadi əməkdaşlıq məsələlərində də mövqelərimiz üst-üstə düşür.
             
    İki ölkə arasında münasibətlərin inkişaf dinamikasından bəhs edərkən nəqliyyat-kommunikasiya sahəsində əməkdaşlığın əhəmiyyətini də xüsusi vurğulamaq gərəkdir. Çinin təşəbbüskarı olduğu “Bir kəmər, bir yol” layihəsi çərçivəsində bu ölkə Azərbaycanı mühüm tərəfdaş kimi görür. “Bir kəmər, bir yol” layihəsinə qoşularkən Azərbaycanın artıq hazır infrastrukturu var idi. İndi sadəcə, texniki imkanları artırırıq. Ticarət limanımızı genişləndiririk, çünki Şərqdən-Qərbə daşınan yüklərin həcminin artması yükaşırma baxımından problemlər yaradacaq. Bizim dəniz ticarət limanımız bir neçə il əvvəl açıldı. Onun imkanlarını hazırda 25 milyon tona qədər çatdırırıq. Gəmiqayırma zavodunun genişləndirilməyi nəzərdə tutulur, ildə 6-8 deyil, 10-20 gəmi inşa ediləcək”, - deyə Prezident  İlham  Əliyev  vurğulayıb.

                 



    Ülvi Rufullayev,
    Binə Xocavar kəndi

    PAYLAŞ:

    Oxşar xəbərlər