İyul ayının 21-də müstəqil Azərbaycanın tarixində ilk dəfə olaraq dünyanın aparıcı media, jurnalist təşkilatları rəhbərləri, KİV nümayəndələri, informasiya-kommunikasiya sahəsində nüfuzlu ekspertlər və tanınmış jurnalistlər qədim Azərbaycan şəhəri olan Şuşada bir araya gəliblər.
Azərbaycanın Mədəniyyət paytaxtı bu dəfə də Heydər Əliyev İli çərçivəsində Milli Mətbuatın yaradılmasının 148-ci ildönümünə həsr olunmuş “4-cü Sənaye İnqilabı dövründə Yeni Media” mövzusunda Qlobal Media Forumuna ev sahibliyi edir. Forumda yerli media nümayəndələri ilə yanaşı, 49 ölkədən 150 xarici qonağın, 34 ölkənin dövlət informasiya agentliklərinin, 12 beynəlxalq təşkilat və media qurumlarının yüksək səviyyədə təmsil olunurlar. Aydındır ki, bu tədbir Şuşanın beynəlxalq nüfuzunun daha da yüksəlməsinə böyük bir töhfədir. Açılış mərasimində tədbir iştirakçılarının suallarını cavablayan Ölkə Prezidenti cənab İlham Əliyev bir daha Şuşanın bütün Azərbaycan üçün əhəmiyyətini vurğulayaraq bildirdi ki, bu şəhər ölkənin mədəniyyət paytaxtı olmaqla yanaşı, eyni zamanda da bizim Qələbəmizin rəmzidir, sülhün rəmzidir. Çünki məhz Şuşa azad olunduqdan sonra İkinci Qarabağ müharibəsi başa çatdı və bununla da Cənubi Qafqazda dayanıqlı sülhə, sabitliyə və inkişafa nail olmaq üçün indiyədək mövcud olmayan yeni imkanlar, perspektivlər yarandı.
Qeyd etmək lazımdır ki, 2021-ci il iyunun 15-də Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan tərəfindən Şuşa şəhərində Müttəfiqlik münasibətləri haqqında bəyanatın imzalanması da mühüm tarixi əhəmiyyət kəsb edən hadisə idi. Qarabağın ən strateji əhəmiyyətli məkanı olan Şuşada imzalanan Bəyannamə Türkiyə və Azərbaycan arasında olan sarsılmaz və əbədi qardaşlığı bütün dünyaya bildirən bir mesaj oldu. Bu tarixi sənədin imzalanması ilə iki qardaş ölkə, iki qardaş xalq arasında mövcud olan tarixi münasibətlər yeni mərhələyə qədəm qoydu. Eyni zamanda bir vacib məqamı da vurğulamaq lazımdır ki, ölkələrimiz və xalqlarımız arasında qardaşlıq münasibətlərinin getdikcə dərinləşməsində bilavasitə Azərbaycan və Türkiyə Prezidentlərinin arasında olan şəxsi dostluq əlaqələrinin danılmaz böyük rolu var. Öz çıxışında möhtərəm dövlət başçımız da bildirdi ki, bu dostluq artıq təkcə regionda deyil, bütün dünyada məlum olan və eyni zamanda da regional inkişaf və sabitlik baxımından çox mühüm bir faktordur. Türkiyə və Azərbaycanın dövlət başçılarının apardıqları birgə fəaliyyət bölgədə sülhün və sabitliyin təmin olunması baxımından çox böyük önəm daşıyır.
Prezident cənab İlham Əliyevin jurnalistlərin suallarını cavablandırarkən Qarabağda yaşayan erməni əhalisinin təhlükəsizliyinin təminatı və onların Azərbaycan cəmiyyətinə inteqrasiyası ilə bağlı səsləndirdiyi fikirlər bölgənin gələcəyinin müəyyənləşdirilməsi baxımından xüsusi əhəmiyyət kəsb edir. Aydındır ki, Qarabağın erməni sakinlərinin təhlükəsizlik baxımından yeganə və ən etibarlı təminatları yalnız onların Azərbaycan ictimaiyyətinə inteqrasiyası ola bilər. Məhz bu yolla həmin insanlar xalqı əsarətdə saxlayan, qul kimi istismar edən və onları tərəddüd etmədən öz ambisiyalarının qurbanlarına çevirən separatçı rejiminin girovluğundan azad ola bilərlər. Dövlətimizin başçısı Vətən müharibəsi başa çatdıqdan sonra keçən dövr ərzində bir neçə dəfə əsl humanistlik nümayiş etdirərək onlara bu şansdan yararlanmaq üçün unikal imkanlar verib. Lakin qarşı tərəf hələ də bu şansdan yararlanmağa tələsmir. Əgər onlar düşünürlərsə ki, bu təkliflər daim qüvvədə qalacaq, o zaman böyük səhv edirlər. Həmçinin separatçı rejimin hansısa perspektivlərə ümidləri də əlbəttə ki, boş və əsassızdır. Fərrux əməliyyatı, 2021-ci ilin mayında Ermənistan-Azərbaycan sərhədində yaşanmış vəziyyət, 2022-ci ilin sentyabrında sərhəddə baş vermiş hadisələr, Laçın-Xankəndi yolunda nəzarət-buraxılış məntəqəsinin qurulması da Xankəndində oturan rejimin sonuna istənilən halda çox az bir müddət qaldığını açıq-aşkar göstərir. Qarabağın erməni əhalisi isə öz gələcəklərini təmin etmək üçün yalnız mövcud olan yeganə doğru yolu seçməli, Azərbaycan qanunlarına tabe olmalı və dövlətimizin bütün vətəndaşlara, o cümlədən bütün milli azlıqlara təqdim etdiyi bərabər hüquq və təhlükəsizlik təminatından istifadə etmək şansından yararlanmağa çalışmalıdırlar.
Bu gün beynəlxalq ictimaiyyəti maraqlandıran ən aktual məsələlərdən biri də əlbəttə ki, Cənubi Qafqazda gedən proseslər, Azərbaycanla Ermənistan arasında münasibətlərin mövcud vəziyyəti və perspektivləri ilə bağlıdır. Son iki ildə Avrasiya məkanında gedən proseslər, xüsusilə də Rusiya-Ukrayna müharibəsi bir çox ciddi problemlərə yol açmaqla yanaşı Avropanın enerji təhlükəsizliyinin təminatı məsələsini də ön plana çıxarıb.Əlbəttə, Azərbaycan Avropada olan tərəfdaş ölkələri enerji resursları ilə fasiləsiz və etibarlı şəkildə təmin etmək iqtidarındadır və Ermənistan bunu heç bir şəkildə əngəlləmək gücündə deyil. Bununla belə beynəlxalq enerji və nəqliyyat layihələrinin tam təhlükəsizliyinin təminatı baxımından və eyni zamanda Cənubi Qafqazın özünün iqtisadi inkişafı üçün regionda dayanıqlı sülhün bərqərar olması çox vacibdir. Bu məqsəd isə, aydındır ki, Azərbaycan ilə Ermənistan arasında münasibətlərin yaxşılaşdırılmasını və iki ölkə arasında sülh sazişinin imzalanmasını zəruri tələb kimi ortaya qoyur.Cənab Prezident İlham Əliyevin dediyi kimi, əgər ermənilər bizim ərazi bütövlüyümüzü tanımasalar, biz də onların ərazi bütövlüyünü tanımayacağıq. Bunun nə məna daşıdığı isə, son iki ildə baş vermiş məlum hadisələrdən dolayı onlara kifayət qədər aydındır. Buna görə də Ermənistan hökuməti artıq faktiki olaraq qəbul edir ki, Qarabağ Azərbaycandır. Bunu açıq şəkildə bəyan ediblər və artıq sənədə imza atmaq mərhələsidir. Bu, sonuncu mühüm məqamdır. Əgər bu addım atılsa, Ermənistan Azərbaycana qarşı hər hansı ərazi iddialarından imtina etsə, bu sazişin ilin sonunadək imzalanması çox böyük ehtimalla baş tuta bilər.
Rusif Kərimov,
Viləşçay Su Anbarı İstismarı İdarəsinin rəisi