İyulun 21-də “4-cü Sənaye İnqilabı dövründə Yeni Media” mövzusunda Şuşa Qlobal Media Forumunun açılış mərasimi keçirilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Forumun açılış mərasimində iştirak edib və sualları cavablandırıb.
Bu həm də Azərbaycan həqiqətlərinin, reallıqlarının beynəlxalq ictimaiyyətə çatdırılması baxımından xeyli önəmli hadisədir: Nəzərə almaq lazımdır ki, işğaldan azad edilmiş Şərqi Zəngəzura və Qarabağa gələn xarici media nümayəndələri uzun illər ermənilərin orada törətdikləri bütün vəhşilikləri, dağıdılmış şəhərləri, kəndləri öz gözləri ilə görür, real vəziyyəti dəqiq və dürüst şəkildə dünyaya çatdırırlar. Bu da, sözsüz ki, ermənilərin və onun havadarlarının bütün yalanlarını, bölgə ilə bağlı dezinformasiyalarını alt-üst edir. “4-cü Sənaye İnqilabı dövründə Yeni Media” mövzusunda Şuşa Qlobal Media Forumu auditoriya genişliyi, mövzu zənginliyi ilə Azərbaycanda, Cənubi Qafqaz regionunda və bütövlükdə dünyada mühüm əhəmiyyət daşıyan hadisəyə çevrildi. İki gün ərzində nüfuzlu media, jurnalist təşkilatları rəhbərləri, ekspertlər media və informasiya-kommunikasiya sahəsinin aktual məsələlərini ətraflı müzakirə etdilər. Azərbaycan mədəniyyətinin paytaxtı Şuşa şəhəri növbəti dəfə mötəbər beynəlxalq tədbirə - “4-cü Sənaye İnqilabı dövründə yeni media” mövzusunda I Şuşa Qlobal Media Forumuna ev sahibliyi etdi və öz əzəmətini, kimliyini, mənliyini bir daha dünyaya göstərdi.Fəxarətlə deyə bilərik ki, Şuşa artıq dünyada həm də beynəlxalq tədbirlərin keçirildiyi, qlobal xarakterli müzakirələrin aparıldığı məkan kimi tanınır.Foruma 49 ölkədən 150 xarici qonağın, o cümlədən dünyanın 34 ölkəsinin dövlət informasiya agentliyinin, 12 beynəlxalq təşkilat və media qurumunun qatılması tədbirin əhəmiyyətinin və ona olan marağın təzahürüdür.
Dövlət başçısı mütəmadi olaraq Qarabağ və Şərqi Zəngəzura səfərlər edərək yeni-yeni layihələrin əsasını qoyur, açılış mərasimlərində iştirak edir, görülmüş işlərlə yerində tanış olur.Hər iki iqtisadi rayonda aparılan geniş tikinti-quruculuq işlərinin nəticəsidir ki, həm Şərqi Zəngəzura, həm də Qarabağa Böyük qayıdış artıq başlayıb.Ötən ilin iyul ayında Zəngilanın Ağalı kəndindən başlayan köç hazırda Laçın şəhəri ilə davam edir.Bu günə qədər isə Ağalı, Tərtərin Talış kəndi və Laçın şəhərində ümumilikdə 1000-dən çox sakin məskunlaşıb.Proses isə davam etməkdədir.
Təbii ki, torpaqlarımızın işğaldan azad olunmasından sonra uzun illər ərzində barbarlar tərəfindən viran qoyulan ərazilərin yenidən qurulması və bərpasının nə zaman başa çatacağı dünya ictimaiyyəti üçün də maraqlıdır.Elə iyulun 21-də Şuşada keçirilən “4-cü Sənaye İnqilabı dövründə yeni media” mövzusunda I Şuşa Qlobal Media Forumunun açılış mərasimində Prezident İlham Əliyevə ünvanlanan suallardan biri də bu istiqamətdə oldu.Dövlət başçısı “Əl-Cəzirə” telekanalının jurnalistinin “Qarabağın yenidən qurulması nə vaxt bitəcək və nə qədər çəkəcək? ”sualını belə cavablandırdı: “Qarabağın və Şərqi Zəngəzurun bərpası prosesi mərhələlərə bölünüb.Böyük qayıdış proqramı qəbul edilib.Proqramın icrası üçün maliyyə resursları səfərbər edilib.Bu günə qədər infrastruktur və şəhərsalma məqsədləri üçün ilin sonuna qədər nəzərdə tutulan xərclər təqribən 7 milyard ABŞ dollarına bərabər olacaq.Yəni bu ancaq başlanğıcdır.Mərhələlərə bölünən bu proqramın icrasının da nə qədər çəkəcəyini demək çətindir.Çünki birinci mərhələdə bizim əsas vəzifəmiz 8 şəhəri və 100 kəndi yenidən qurmaqdır. Artıq bir neçə yaşayış məntəqəsində insanlar məskunlaşıblar — Zəngilan rayonunun Ağalı kəndində, Tərtər rayonunun Talış kəndində və Laçın şəhərində”.
Məskunlaşma prosesinin tədricən getdiyini deyən Prezident İlham Əliyev vurğuladı ki, işğaldan əziyyət çəkən 1 milyon insan öz dədə-baba torpaqlarına qayıtmalıdır: “Onu da bildirməliyəm, biz bərpa işlərinə start verməzdən əvvəl keçmiş məcburi köçkünlər arasında qeyri-rəsmi sorğu keçirdik ki, onlar öz dədə-baba torpaqlarına qayıtmaq fikrindədirlər, yoxsa yox. Sevindirici hal ondan ibarətdir ki, məcburi köçkünlərin mütləq əksəriyyəti müsbət cavab verib. Bu da, təbii ki, görüləcək işin həcmini daha da böyüdür və hesab edirəm ki, mərhələli yollarla şəhərlərin bərpası növbəti beş il ərzində mümkün olacaq.”
Forum çərçivəsində Şuşaya səfər edən ölkə rəhbəri Daşaltı kəndində də yeni yaşayış kompleksinin və turizm obyektlərinin təməlini qoydu.Təbii ki, işlər ancaq Laçın və Şuşa şəhəri ilə məhdudlaşmır, işğaldan azad edilmiş bütün şəhər və kəndlərdə geniş quruculuq işləri aparılır. Sürətli bərpa işləri isə insanların mərhələli şəkildə dədə-baba torpaqlarına qayıtmasına imkan verəcək.İlin sonuna kimi Laçının Zabux və Sus kəndlərinə də qayıdış gözlənilir.Ümumilikdə isə bu il və növbəti ildə Laçın rayonunda 10 minə yaxın keçmiş məcburi köçkünün daimi məskunlaşması nəzərdə tutulur.
Qarabağ və Şərqi Zəngəzurda görülən bütün tikinti, quruculuq işləri dövlətin prioritet istiqaməti olaraq keçmiş məcburi köçkünlərin qısa zamanda əzəli torpaqlarına qayıdışına hesablanıb.
Araz Əliyev,
Masallı rayonu Qəriblər kənd