Ukraynanın paytaxtı Kiyevdə ikinci Qarabağ müharibəsində şəhid olanların xatirəsi anılıb və ehsan süfrəsi açılıb.
LEQAL.AZ azərtac-a istinadən xəbər verir ki, Azərbaycanın Ukraynadakı səfirliyinin təşəbbüsü ilə Kiyevin “Ər-Rəhman” məscidində keçirilən anım tədbiri “Qurani-Kərim”dən ayələrin oxunması ilə başlayıb.
Azərbaycanın Ukraynadakı səfirliyinin əməkdaşı Samir Allahverdiyev Qafqaz Müsəlmanları İdarəsinin sədri Allahşükür Paşazadənin tədbir iştirakçılarına müraciətini oxuyub.
Müraciətdə qeyd olunub ki, Azərbaycan ilə Ukrayna arasında daim bir çox sahələrdə, o cümlədən din sahəsində yaxın münasibətlər olub. Xüsusilə Ukrayna Müsəlmanları Dini İdarəsi ilə Qafqaz Müsəlmanları İdarəsi arasında mədəniyyətlər və dinlər arasında dialoqun inkişafında səmərəli əməkdaşlıq mövcuddur. Azərbaycan müsəlmanları ölkəmizin apardığı Vətən müharibəsində Ukrayna xalqının göstərdiyi ədalətli dəstəyini yüksək qiymətləndirir.
Tədbirdə çıxış edən Azərbaycanın Ukraynadakı səfiri Elmira Axundova Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazanılan Qələbə münasibətilə tədbir iştirakçılarını təbrik edib. Bildirib ki, Azərbaycan xalqı 30 ildir bu Qələbəni gözləyirdi.
“Azərbaycan hərbçilərinin qəhrəmanlığı hesabına ərazilərimizi işğalçılardan azad etdik. Ona görə də burada qəhrəmancasına şəhid olan əsgərlərimizin, hərbçilərimizin xatirəsini yad edirik”, - deyə diplomat vurğulayıb.
Ermənilərin vandal hərəkətlərindən danışan Elmira Axundova qeyd edib ki, onlar məscidlərimizi təhqir ediblər, orada donuz saxlayıblar. Bu gün isə Kəlbəcəri təhvil verəndə evləri, meşələri yandırır, ağacları qırırlar.
“İşğaldan azad olunan ərazilərimizdə erməni vandallığının şahidi oluruq. Evlər, məscidlər, qəbirlər dağıdılıb. Azərbaycandan Kəlbəcərdəki kilsənin saxlanmasını xahiş edirlər, bu, erməni xristian yox, qədim alban kilsəsidir. Azərbaycan ərazisində alban kilsələri çoxdur”, - deyə səfir əlavə edib.
Sonra Ukrayna Müsəlmanları Dini İdarəsinin sədri, müfti Şeyx Əhməd Təmim Qarabağda döyüşlər zamanı şəhid olan azərbaycanlıların ruhuna dualarını oxuyub. Arzu edib ki, bütün dünyada müsəlman qardaşlarımız sülh və əmin-amanlıq şəraitində yaşasın.
Digər çıxış edənlər Azərbaycanın haqlı mübarizəsindən, şanlı Qələbəsindən və şəhidlərimizin qəhrəmanlığından danışıblar.
Sonda ehsan süfrəsi açılıb.